01 sentyabr 2026 22:17
79

Azərbaycan-ŞƏT tərəfdaşlığına gedən yol - TƏHLİL

Qarşılıqlı maraq doğuran məqamlar və perspektivlər nələrdir ?

Sentyabrın 1-də Bişkek şəhərində dünyanın  nüfuzlu və nəhəng iqtisadi -ticari qurumu olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti öz işinə başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib. Sammitdə həmçinin Çin Xalq Respublikasının, Hindistanın, Türkiyənin, Pakistanan,  Rusiyanın, İranın, Özbəkstanın , Tacikstanın , Qazaxstanın, Qırğızıstanın  dövlət və hökumət  başçıları da iştirak edirlər.

«ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə» şüarı ilə keçirilən bu yüksək səviyyəli sammit regionun tərəfdaş dövlətlərini  bir araya gətirib. Çox böyük maraq kəsb edən bu Sammitin işini işıqlandırmaq üçün 500-dən çox yerli və xarici media nümayəndəsi akkreditasiyadan keçib ki, onlardan 434-ü xarici jurnalistdir və ümumilikdə 115 media qurumunu təmsil edir.

Əvvəla qeyd edək ki,  ŞƏT 2001-ci ildə Çinin Şanxay şəhərində  yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 10 ölkə bu təşkilatın üzvüdür. ŞƏT-ə daxil olan ölkələrin ümumi ərazisi 35 milyon km²-dən çoxdur ki, bu da Avrasiya ərazisinin 65%-ni təşkil edir. ŞƏT ölkələrinin ümumi əhalisinin sayı təxminən 3,5 milyard nəfərə (2022-ci il) bərabərdir ki, bu da planet əhalisinin yarısını təşkil edir[. Təşkilatının ən böyük üzv dövlətlərindən olan Çin iqtisadiyyatı nominal ümumi daxili məhsula (ÜDM) görə dünyanın ikinci, alıcılıq qabiliyyəti paritetinə görə isə 2014-cü ildən etibarən dünyanın birinci iqtisadiyyatıdır. Hindistan iqtisadiyyatı ÜDM-in alıcılıq qabiliyyəti paritetinə görə dünyada üçüncü yerdədir.

Qeyd edək ki, ŞƏT hərbi blok (məsələn, NATO) və ya təhlükəsizlik məsələləri üzrə açıq və müntəzəm məsləhətləşmə platforması deyil, bu iki format arasında aralıq mövqe tutur. Təşkilatın əsas vəzifələri iştirakçı dövlətləri əhatə edən geniş coğrafiyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə, separatizmə və ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi kimi müəyyən edilmişdir.

Xüsusi qeyd edilməlidir ki, ŞƏT ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkəmiz bu təşkilat üçün coğrafi baxımdan Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında körpü rolu oynayan strateji logistika və enerji qovşağıdır.  Məhz buna görə də Azərbaycanın ŞƏT-lə institusional münasibətləri 2015-ci ildə rəsmiləşib.

Lakin ölkəmizin  ŞƏT qarşısındakı mövqeyini dəyişdirən ən mühüm hadisə İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdir. Həm ərazi bütövlyümüzün, həm də suverenliyimizin bərpasından 5 il sonra sonra- yəni,  2025-ci ilin avqustun 8- də Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantısının yaradılması üçün tarixi imkanlar açıb. Hazırda dövlətimizin məqsədi nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırılmasıdır. Burada mühüm məqsəd ondan ibarətdir ki, Azərbaycan dünyaya  yalnız tranzit imkanları təqdim etmir, eyni zamanda, nəqliyyat dəhlizləri üzərində əlavə iqtisadi dəyərin formalaşdırmağa çalışır. Bir sözlə, gələcəkdə  sadəcə, tranzit yüklərin bizim ərazilərdən  keçməsi deyil, logistika, anbar, emal, sənaye, xidmət  zəncirlərinin də bu marşrutlara bağlanmasını təşviq və təşkil etməkdir. Belə bir layihə Azərbaycanın nəqliyyat coğrafiyasını real iqtisadi üstünlüyə çevirməsinə imkan verəcəkdir.

Bundan başqa, bu niyyəti enerji sahəsinə də şamil etmək lazım gəlir.  Çünki hazırda ölkəmiz böyük enerji istehsalçısı olmaqla yanaşı, enerji resurslarının müxtəlif istiqamətlərə çatdırılması üçün mühüm infrastruktura malikdir. Eyni zamanda Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji istehsal edən məkanlarla istehlak bazarları arasında bağlantı yaradan ölkə kimi rolunu nümayiş etdirir. Bu baxımdan Azərbaycanın enerji sahəsindəki təcrübəsi ŞƏT məkanında enerji təhlükəsizliyi və marşrutların şaxələndirilməsi ilə bağlı əməkdaşlıq üçün də əhəmiyyətli perspektivlər yaradır.

Xüsusi vurğulanmalıdır ki, ölkəmizin yerləşdiyi çox əlverişli coğrafi məkan da beynəlxalq iqtisadi və ticari əməkdaşlıqların sürətlənməsinə yeni imkanlar yardır. Belə ki,  Azərbaycan, eyni zamanda, Mərkəzi Asiya, Çin, Rusiya, İran, Türkiyə və Avropa ilə əməkdaşlıq edə bilir. Bu, ölkəmizə müxtəlif iqtisadi və siyasi məkanlar arasında qarşılıqlı əlaqəni gücləndirmək imkanı verir. Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində topladığı təcrübə də bu proses üçün əlavə siyasi kapital formalaşdırır.

Məhz bu kmi iqtisadi və geosiyasi üstünlüklərə malik olmağımız həm də bölgəmizdə siyasi sabitliyin qarantıdır. Yəni, davamlı sülh və sabitlik nəqliyyat marşrutlarının təhlükəsizliyini artırır,  yeni investisiyaların cəlb olunmasına imkan verir və regional iqtisadi inteqrasiyanı sürətləndirir. Bu baxımdan Zəngəzur dəhlizi də yalnız Azərbaycan-Türkiyə bağlantısı kimi deyil, daha geniş- Avrasiya nəqliyyat sisteminin elementlərindən biri kimi qiymətləndirilməlidir.

Məlumdur ki, Azərbaycan-ŞƏT münasibətlərinin dərinləşməsində nəinki, bu təşkilatın hətta dünyanın lider dövləti olan Çinin də böyük əməyi var. Qeyd edək ki,  2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış «Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə»də Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsi səylərini alqışlayıb və ölkəmizin təşkilatda hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib.

Çinin ŞƏT-in aparıcı dövlətlərindən biri olması və Azərbaycanla strateji tərəfdaşlığının inkişafı bu istiqamətdə yeni imkanlar yaradır. Azərbaycanın ŞƏT-lə siyasi təmaslarının intensivləşməsi Prezident İlham Əliyevin təşkilatın yüksəksəviyyəli tədbirlərində iştirakı ilə də özünü göstərir. Dövlətimizin başçısı 2022-ci ildə Özbəkistanda keçirilən ŞƏT Sammitində fəxri qonaq qismində iştirak edib, 2024-cü ildə Qazaxıstanda keçirilən sammitdə çıxış edib, 2025-ci ildə isə Çinin Tiencin şəhərində təşkilatın tədbirlərinə qatılıb.

Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi də ŞƏT çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Azərbaycanın «Bir kəmər, bir yol» təşəbbüsünü dəstəkləməsi, Çində «Azərbaycan Ticarət Evi»nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən «ŞƏT plyus» formatında görüşdə iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyıb.

Elçin Zaman, "İki sahil"