03 sentyabr 2026 08:30
104

Qazaxıstanda böyük gücə malik ilk sənaye tipli AES inşa olunacaq

"Qazaxıstan Atom Elektrik Stansiyaları" (KAES) MMC ilə Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası arasında Qazaxıstanda "Balxəş" Atom Elektrik Stansiyasının (AES) ümumi gücü 2 400 MVt olan iki enerji blokunun tikintisini nəzərdə tutan EPC müqaviləsi imzalanıb.

“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, müqavilənin imzalanması Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində baş tutub. "Rosatom"un lisenziya alması və AES-in tikintisinə başlanılması 2027-ci ildə gözlənilir. Stansiyanın on il ərzində istismara verilməsi nəzərdə tutulur. Bu barədə müqavilənin imzalanmasından sonra jurnalistlərə "Rosatom"un baş direktoru Aleksey Lixaçov və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev məlumat veriblər. AES Almatı vilayətinin Ülken qəsəbəsində, Balxəş gölünün sahilində inşa ediləcək.

Stansiya Qazaxıstanda böyük gücə malik ilk sənaye tipli AES olacaq. Onun tikintisi ilə bağlı qərar 6 oktyabr 2024-cü ildə keçirilmiş ümumxalq referendumunda qəbul edilib.