Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Bakıda Hərbi Dəniz Qüvvələrinin qərargahında olması, burada həyata keçirilən işlərlə tanışlıq və yeni nəsil pilotsuz dəniz vasitələrinin təqdimatı mühüm əhəmiyyət daşıyır. Bu hadisə Azərbaycanın müdafiə siyasətində müasir texnologiyalara, innovasiyalara və milli hərbi sənaye imkanlarının genişləndirilməsinə verilən böyük önəmin daha bir göstəricisidir.
Xüsusilə diqqət çəkən məqam Hərbi Dəniz Qüvvələrinin istehsalat sahəsində hazırlanmış SALVO silahlı insansız dəniz vasitələrinin və KAYRA kamikadze insansız dəniz vasitələrinin təqdim olunması və praktiki sınaqlarının keçirilməsidir. Bu, Azərbaycanın artıq yalnız xaricdən müasir hərbi texnika alan deyil, eyni zamanda qabaqcıl hərbi texnologiyaların yaradılmasında və istehsalında iştirak edən dövlətə çevrildiyini göstərir.
Burada Azərbaycan-Türkiyə hərbi sənaye əməkdaşlığının da xüsusi əhəmiyyətini qeyd etmək lazımdır. MİRAS Hərbi-Sənaye Şirkəti ilə Türkiyənin DEARSAN şirkətinin birgə fəaliyyəti nəticəsində hazırlanan bu vasitələr iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yeni texnoloji mərhələyə yüksəldiyini nümayiş etdirir.
Müasir döyüşlərin xarakteri dəyişir və pilotsuz sistemlər artıq hərbi strategiyanın mühüm elementlərindən birinə çevrilir. Azərbaycanın bu sahəyə vaxtında investisiya qoyması ölkəmizin gələcəyin müharibə texnologiyalarına hazırlıqlı olduğunu göstərir. Xəzər dənizində milli maraqlarımızın, sərhədlərimizin və strateji obyektlərimizin etibarlı qorunması baxımından güclü və müasir Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Bu baxımdan Prezident İlham Əliyevin Hərbi Dəniz Qüvvələrində olması və burada hərbi quruculuq məsələlərinə dair operativ müşavirə keçirməsi də mühüm mesajdır. Bu, ordu quruculuğunun fasiləsiz proses olduğunu, Azərbaycanın bütün qoşun növlərinin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daim inkişaf etdirildiyini göstərir.
Əslində, bu gün Azərbaycan qarşısında duran əsas məqsədlərdən biri hərbi üstünlüyün yalnız say göstəriciləri ilə deyil, texnoloji üstünlüklərlə təmin edilməsidir. Hərbi Dəniz Qüvvələrində nümayiş etdirilən yeni pilotsuz vasitələr də məhz bu strategiyanın tərkib hissəsidir.
Bugünkü təqdimat Azərbaycanın hərbi sənayesində yeni mərhələnin göstəricisidir. Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün həm güclü orduya, həm müasir hərbi sənayeyə, həm də ən yeni texnologiyalara malik olmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu üç istiqamətin vəhdətinə əsaslanır.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini