Azərbaycanda oxu savadlılığı ilə bağlı nəticələr təhsil sisteminin qarşısında yeni və ciddi sual yaradır: Şagirdlər oxuyur, bəs oxuduqlarını nə dərəcədə anlayırlar?
Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında ölkədə oxuduğunu anlama ilə bağlı ciddi pedaqoji problemin mövcud olduğunu bildirib. Nazir qeyd edib ki, Azərbaycan və Bakı üzrə oxu savadlılığı göstəriciləri regionla müqayisədə yaxşı olsa da, xüsusilə Bakının nəticələrində geriləmə müşahidə edilir. Onun diqqət çəkən fikirlərindən biri isə ölkəmizdə hər üç nəfərdən ikisinin oxuduğunu anlamaması ilə bağlı olub.

Bu rəqəm ilk baxışda sadəcə təhsil göstəricisi kimi görünə bilər. Halbuki oxuduğunu anlama bacarığı insanın yalnız məktəbdəki uğuruna təsir edən amil deyil. Bu bacarıq məlumatı düzgün qəbul etmək, faktı fikirdən ayırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək, müxtəlif informasiyaları müqayisə etmək və nəticə çıxarmaq üçün əsas vasitələrdən biridir. Məhz burada "oxumaq" və "oxuduğunu anlamaq" anlayışları arasındakı fərq ortaya çıxır. İnsan bir mətni əvvəldən sona qədər oxuya, hətta onun ayrı-ayrı hissələrini yadda saxlaya bilər. Lakin mətnin əsas ideyasını müəyyənləşdirmək, müəllifin çatdırmaq istədiyi fikri anlamaq və oxunan məlumat əsasında müstəqil nəticəyə gəlmək daha mürəkkəb düşünmə prosesidir.
Müasir dövrdə bu problem daha fərqli şəraitdə formalaşır. İnformasiya istehlakının sürətlənməsi insanların uzun mətnlərə münasibətinə də təsir edir. Sosial şəbəkələrdə qısa videolar, bir neçə cümləlik paylaşımlar və başlıqlardan ibarət informasiya axını diqqətin davamlı şəkildə bir mövzuda cəmlənməsini çətinləşdirir. Nəticədə insan məlumatı sürətlə qəbul etməyə alışsa da, onun üzərində düşünmək və məzmunu təhlil etmək üçün kifayət qədər vaxt ayırmır. Bu vəziyyət xüsusilə məktəb yaşlı uşaqlar üçün əhəmiyyətlidir. Oxu bacarığının inkişafı yalnız şagirdə daha çox kitab oxumağı tapşırmaqla məhdudlaşmır. Əsas məsələ oxu prosesinin özüdür. Uşaq mətni bitirdikdən sonra "Nə oxudun?" sualına mətnin bir hissəsini təkrar etməklə cavab verirsə, bu, hələ oxuduğunu tam anladığı anlamına gəlmir. O, "Mətnin əsas fikri nə idi?", "Hadisələr arasında hansı əlaqə var?", "Müəllif niyə bu nəticəyə gəlib?" kimi suallar üzərində düşünməyi də bacarmalıdır.
Nəzərə almaq lazımdır ki, oxuduğunu anlama bacarığı məhz sual verməklə, müzakirə etməklə və mətn üzərində düşünməklə inkişaf edir. Şagird oxuduğu məlumatı sadəcə yadda saxlayan deyil, ona münasibət bildirən, müqayisə edən və nəticə çıxaran oxucuya çevrilməlidir. Burada məsuliyyət yalnız məktəbin üzərinə düşmür. Uşağın evdə oxu mühiti ilə qarşılaşması, valideynlərlə kitablar və oxunan mətnlər barədə müzakirə aparması da bu prosesə təsir göstərir. Oxumaq gündəlik həyatın təbii tərkib hissəsinə çevrilmədikdə, kitab yalnız dərs tapşırığı olaraq qəbul edilə bilər.
PISA nəticələri də göstərir ki, oxu savadlılığı məsələsinə yalnız "Uşaqlar az kitab oxuyurlar" yanaşması ilə baxmaq kifayət deyil. Problem daha dərindir. Söhbət oxunan informasiyanın mənalandırılmasından və insanın həmin informasiya qarşısında düşünən tərəfə çevrilməsindən gedir. Bu baxımdan qarşıdakı dövrdə əsas məqsəd şagirdlərin oxuduqları mətnlərin sayını artırmaqdan daha çox onların oxu vərdişlərini dəyişmək olmalıdır. Çünki informasiyanın həddindən artıq çox olduğu müasir dünyada hər şeyi oxumaq mümkün deyil. Lakin qarşıya çıxan məlumatı anlamaq, təhlil etmək və doğru nəticəyə gəlmək hər zamankından daha vacib bacarıqdır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova "İki sahil"ə açıqlamasında bildirdi ki, əsas problem şagirdin mətni oxumasında deyil, oxunuşun məqsədinin və məzmununun düzgün qurulmamasındadır: "Biz uzun müddət "Mətni oxu və suallara cavab ver" yanaşmasını oxu bacarığının inkişafı kimi qəbul etmişik. Halbuki oxu savadlılığı bundan daha mürəkkəb prosesdir: şagird oxuduğu informasiyanı anlamalı, əsas və ikinci dərəcəli fikirləri ayırmalı, mətnin hissələri arasında əlaqə qurmalı, müəllifin mövqeyini müəyyənləşdirməli, nəticə çıxarmalı, öz fikrini əsaslandırmalı və oxuduqlarını əvvəlki bilikləri ilə əlaqələndirməlidir.
PISA 2025 nəticələri də bu məsələnin sistemli şəkildə diqqətdə saxlanılmasının vacibliyini göstərir. Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasına görə, oxu savadlılığı üzrə müəyyən müsbət dinamika olsa da, aşağı nəticə göstərən şagirdlərin payı hələ də yüksəkdir və oxuyub-anlama bacarığındakı zəiflik digər fənlərin nəticələrinə də birbaşa təsir göstərir. Bu, əslində, çox vacib məqamdır. Belə ki, oxu yalnız Azərbaycan dili və ədəbiyyat dərsinin deyil, bütün təhsilin təməl bacarığıdır."
Təhsil müəssisələrində oxu bacarığının inkişafı üçün mövcud yanaşmada əsas çatışmazlıq nədən ibarətdir?
Təhsil eksperti mövcud yanaşmadakı əsas çatışmazlıqlardan birinin oxumaqla oxuduğunu dərk etmək anlayışlarının eyniləşdirilməsi olduğunu bildirdi: "Şagird mətni səlis, düzgün və intonasiyalı oxuya bilər, amma bu, onun mətnin mahiyyətini dərk etdiyini göstərmir. İbtidai sinif müəllimi kimi bunu çox aydın müşahidə etmək mümkündür. Şagird sözləri düzgün səsləndirir, cümlələri ardıcıl oxuyur, hətta mətndəki faktları xatırlayır, amma "Müəllif bu fikri nə üçün deyir?", "Səncə, hadisənin səbəbi nədir?", "Mətnin əsas fikri hansıdır?", "Bu nəticəyə necə gəldin?" kimi suallarla qarşılaşanda çətinlik çəkir. Deməli, problem texniki oxunun deyil, düşünərək oxunun kifayət qədər formalaşmamasıdır. Burada başqa bir mühüm məsələ də var. Biz bəzən şagirdə hazır suallar veririk, amma ona sual verməyi öyrətmirik. Halbuki güclü oxucu mətnlə dialoq qurur. O, oxuyarkən proqnozlaşdırır, özünə sual verir, anlaşılmayan hissəni müəyyənləşdirir, əvvəlki fikrini dəyişir, sübut axtarır. Yəni oxu passiv qəbul prosesi deyil, aktiv düşünmə fəaliyyətidir. Şagirdə yalnız "Mətni oxu və cavablandır" deməkdənsə, "Bu mətndə səni düşündürən nə oldu?", "Müəllifin fikri ilə razısanmı?", "Mətnin hansı hissəsi sənin fikrini dəyişdi?", "Bu nəticəyə hansı cümləyə əsasən gəldin?" kimi tapşırıqlar verilməlidir.
Metodist kimi hesab edirəm ki, burada tapşırıq dizaynı xüsusi əhəmiyyət daşıyır. Əgər dərsdə əsasən mətndə açıq şəkildə verilmiş məlumatları tapmağa yönələn suallar üstünlük təşkil edirsə, şagird təbii olaraq yalnız mətndə cavabı axtarmağa öyrəşir. Halbuki oxu bacarığının inkişafı üçün tapşırıqlar mərhələli olmalıdır. Əvvəlcə informasiyanı tapmaq və anlamaq, daha sonra fikirlər arasında əlaqə yaratmaq, nəticə çıxarmaq, müqayisə etmək, qiymətləndirmək və nəhayət, öz mövqeyini əsaslandırmaq. Mətn üzrə işin məqsədi mətni bitirmək deyil, mətn üzərində düşünməyi öyrətməkdir. Digər tərəfdən, oxu bacarığını yalnız Azərbaycan dili dərslərinin üzərinə qoymaq da doğru deyil. Nazirliyin təbiət elmlərinin tədrisinə yanaşmanın dəyişdirilməsinin vacibliyi ilə bağlı fikirləri də bu baxımdan əhəmiyyətlidir. PISA nəticələri göstərir ki, təbiət elmlərində irəliləyiş üçün yalnız fənn məzmununu öyrətmək kifayət etmir. Müasir yanaşmalar və yeni təlim metodları da tətbiq edilməlidir. Məsələn, şagird biologiya mətnini oxuyursa, ondan yalnız "Fotosintez nədir?" soruşmaq əvəzinə, "Mətnə əsasən bitkinin inkişafına hansı amillər təsir edir?", "Bu nəticəni hansı məlumatlarla əsaslandıra bilərsən?" kimi suallar vasitəsilə oxu və fənn düşünməsini birləşdirmək mümkündür. Bu baxımdan oxu savadlılığının inkişafı bütün fənlərin ortaq məsuliyyətinə çevrilməlidir. Riyaziyyatda məsələ şərtini anlamaq, təbiət elmlərində elmi mətni və qrafiki şərh etmək, tarixdə mənbəni təhlil etmək, hətta gündəlik həyatda təlimatı və məlumatı düzgün başa düşmək də oxu savadlılığı ilə bağlıdır."
Müəllimlər hansı metod və yanaşmalardan istifadə etməlidirlər?
Pərvinə Qədimovanın fikirlərinə əsasən, müəllimlər özləri üçün oxu bacarığının komponentlərini və onların necə öyrədilməsini daha praktik şəkildə modelləşdirilməlidirlər: "Müəllim oxuyub-anlama vacibdir" fikrini bilməklə yanaşı, konkret olaraq hansı strategiyanı nə zaman tətbiq edəcəyini, hansı sualın hansı düşünmə səviyyəsini inkişaf etdirdiyini, şagirdin çətinliyinin söz ehtiyatından, mətnin strukturundan, inferensiya qurmaqdan, yoxsa tənqidi düşünmədən qaynaqlandığını müəyyənləşdirə bilməlidir. Eyni zamanda, nəticələrə yalnız problem kimi baxmaq da düzgün olmaz. PISA 2025-də yüksək səviyyələrdə nəticə göstərən şagirdlərin payında artım olduğu, riyaziyyatda isə əvvəlki illərlə müqayisədə ciddi irəliləyiş qeydə alındığı bildirilir. Bu, onu göstərir ki, düzgün istiqamətdə və davamlı aparılan dəyişiklik nəticə verir. Ona görə də oxu savadlılığında da qısamüddətli kampaniyalardan daha çox, sistemli və uzunmüddətli yanaşmaya ehtiyac var.
Mən ibtidai sinif müəllimi kimi xüsusilə oxu vərdişinin təməlinin erkən yaşlarda qoyulduğunu vurğulamaq istəyirəm. Uşağa ilk illərdən "Nə oxudun" sualından daha çox "Nə düşündün", "Nə üçün belə düşünürsən", "Mətndə bunu sübut edən nə var", "Hadisə başqa cür olsaydı, nə dəyişərdi" suallarını vermək lazımdır. Uşaq mətnə cavab verən deyil, mətn haqqında düşünən subyektə çevrilməlidir.
Sonda isə diqqətə çatdırmaq istəyirəm ki, məsələnin həlli yalnız müəllimdən, daha çox mətn oxutmaqdan və ya daha çox test verməkdən keçmir. Biz oxu mədəniyyətimizi dəyişməliyik. Şagirdə oxunuşun məqsədini göstərməli, müxtəlif tipli mətnlərlə işləməli, mətnə qədər, mətn zamanı və mətndən sonra düşünmə fəaliyyətlərini sistemləşdirməli, açıq və əsaslandırıcı sualların sayını artırmalı, fənlərarası oxu tapşırıqlarından istifadə etməli və ən əsası şagirdə öz fikrini sübut etməyi öyrətməliyik. Çünki bizim məqsədimiz mətni oxuyan şagird yox, oxuduğundan nəticə çıxaran, sual verən, əlaqə quran, qiymətləndirən və öz fikrini əsaslandıra bilən oxucu yetişdirməkdir. Məncə, oxu savadlılığının inkişafında əsas dönüş nöqtəsi məhz burada başlayır."
Şahnigar Əhmədova, “İki sahil”
ABŞ səfiri: Londonun İsrail qəsəbələrinə qarşı sanksiyaları Britaniya iqtisadiyyatına zərbə vuracaq
Pakistan Səudiyyə Ərəbistanına qarşı təcavüzə cavab verməyə hazır olduğunu bəyan edib