10 sentyabr 2026 11:30
137

Sülhün ikitərəfli arxitekturası: Bakı və İrəvan regional sabitliyi necə formalaşdırır?

Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesi, sadəcə iki dövlət arasında mətni razılaşdırılan müqavilə çərçivəsindən çıxaraq, bütün regionun iqtisadi, loqistik və təhlükəsizlik arxitekturasını yenidən şəkilləndirən strateji dönüş nöqtəsinə çevrilir

Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsi istiqamətində diqqətçəkən dinamika müşahidə olunur. Tərəflər arasında birbaşa dialoqun güclənməsi və konkret nəticələrə hədəflənmiş təmaslar prosesin dinc və sabit gələcəyə doğru irəliləməsinə şərait yaradır. Prosesin ən diqqətçəkən və uğurlu aspektlərindən biri tərəflərin vasitəçisiz, birbaşa diplomatik kanallarla ünsiyyət qurmaq bacarığıdır. Əvvəlki illərdə fərqli güc mərkəzlərinin vasitəçilik cəhdləri xarici geopolitik maraqların toqquşması səbəbindən tez-tez dayanırdısa, mövcud ikitərəfli format daha çevik və nəticəyönümlü olduğunu sübut etdi. Sərhəd komissiyalarının birbaşa görüşləri, Xarici İşlər Nazirlərinin mütəmadi təmasları və diplomatik kanallar üzərindən aparılan işçi müzakirələr tərəflər arasında qarşılıqlı etimadın formalaşmasında həlledici rol oynayır. Bu yanaşma kənar müdaxilə risklərini minimuma endirərək, yalnız Bakı və İrəvanın milli maraqlarına söykənən həll yollarının tapılmasına imkan verir.

Bu günlərdə Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Alen Simonyan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşündə Bakı və İrəvan arasında sülh prosesinin dərinləşdirilməsi əsas müzakirə mövzusu olub. Tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər. Alen Simonyan, həmçinin erməni və Azərbaycan cəmiyyətlərinin bir-birinə münasibətinin tədricən dəyişdirilməsinin zəruriliyini vurğulayıb: "30 illik izi təkcə Ermənistanda deyil, həm də Azərbaycanda da insanların münasibətində dəyişə bilməliyik". O qeyd edib ki, iki ölkə arasında artıq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş verir və bu təmasları davam etdirmək lazımdır. TŞ katibi Azərbaycana səfər edə biləcəyini də istisna etməyib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğız Respublikasının paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində görüşüblər. Liderlər münasibətlərin normallaşması və sülhün möhkəmlənməsi üçün ikitərəfli birbaşa təmasları davam etdirməyə dair razılaşıblar. Həmin görüşdə iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanmasının əhəmiyyəti vurğulanıb. Liderlər işgüzar dairələr arasında təmasları alqışlayıblar, əməkdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar. Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün əldə olunmuş razılaşmalar əsasında işlərin davam etdirilməli olduğunu bildiriblər. Onlar Zəngəzur dəhlizini (TRIPP) müzakirə ediblər. Liderlər onun reallaşması üçün növbəti addımların atılmasını və yolboyu tikiləcək bağlantıların vacibliyini də qeyd ediblər. İki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə TRIIP kimi qlobal əhəmiyyətli layihə əsasən Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təkliflərə uyğun reallaşır. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Uitkoffun Azərbaycanla Ermənistan arasındakı razılaşmalar və Birləşmiş Ştatların onları həyata keçirilməsindəki rolu haqqında məqaləsini yerləşdirib. Məqalə müəllifi bildirib ki, Vaşinqton Bakı və İrəvanla birlikdə artıq razılaşmaların praktiki həyata keçirilməsi üzərində işləyir, Cənubi Qafqaz isə daha təhlükəsiz və sabit olub. Stiv Uitkoff məqaləsində layihənin regional və qlobal əhəmiyyətini də vurğulayıb: "Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməli, həmçinin Mərkəzi Asiyanı və Xəzər bölgəsini Avropa ilə birləşdirən regional marşrutları genişləndirməlidir". Onun sözlərinə görə, bu marşrut boyunca özəl investisiyaları stimullaşdırmaq üçün ABŞ öz vəsaitləri hesabına 201 milyon dollar kapitallaşdırılmış "Trans-Caspian Enterprise Fund"u işə salıb. Ermənistanda bu layihənin əleyhdarları hesab edirlər ki, Zəngəzur dəhlizi onların ölkəsinin ərazi bütövlüyü və suverenlyinə zərbə vuracaq. Ancaq normal praqmatik təhlil bu iddiaları təkzib edir və görünən odur ki, bu layihə Ermənistana milyardlarla dollarlıq sərmayə axınına şərait yaradacaq.

Bütün bunlara baxmayaraq iki ölkə arasında münasibətlərin normallaşmasına mane olan əsas daxili və hüquqi amillər hələ də qalmaqdadır. Bu işdə "revanşist" xülyalarla yaşayan siyasi müxalifət xüsusilə fərqlənir. Son zamanlar hakimiyyət keçmiş prezidentlər – Robert Koçaryan, Serjik Sarkisyan, müdafiə naziri Seyran Ohanyan və başqaları barəsində cinayət işi başlamaqla həm onları törətdikləri əməllərə görə cəzalandırmaq, həm də sülhün əleyhinə olan qüvvələri neytrallaşdırmaq istəyir. II Qareginin başçılıq etdiyi kilsə də revanşistlərlə bir sırada addımlayır, canfəşanlıq edir. Kilsənin nümayəndələri də təmsil etdikləri dindən sui-istifadə hallarını gizlətmək üçün Nikol Paşinyan hökumətinə Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə qarşı çıxış etməklə özlərinin törətdikləri cinayətlərə görə alacaqları cəzalardan qorumağa çalışırlar.

Azərbaycanla münasibətlərin normallaşmasına başlıca maneə isə içərisində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasıdır. Rəsmi Bakı bu məsələni beş ildən çoxdur İrəvanın diqqətinə çatdırır. Baş nazir Nikol Paşinyan bildirib ki, yenilənmiş konstitusiya layihəsinin 2026-cı ilin sonuna qədər rəsmi şəkildə dərc olunması planlaşdırılır. Bu addım iki ölkə arasında sülh sazişinin imzalanması yolunda ən mühüm hüquqi maneənin aradan qaldırılması imkanı yaradır. Layihənin rəsmən dərc olunması və ardınca referendum nəzərdə tutulması Bakının sülh üçün irəli sürdüyü ən baş hüquqi tələbin praktiki icrasına başlanılması deməkdir. Lakin bu proses Ermənistan daxilində ciddi müqavimətlə üz-üzədir. Dərc olunacaq layihənin hüquqi qüvvəyə minməsi üçün ümumxalq referendumunda qəbul edilməsi şərtdir. Bu isə Paşinyan hökuməti üçün daxili siyasətdə ən böyük imtahan olacaq.

Sevinc Azadi, “İki sahil”