10 sentyabr 2026 10:50
96

Bakı beynəlxalq iqlim diplomatiyasına FƏAL TÖHFƏ VERİR

Çağdaş dövrümüzdə bəşəriyyəti narahat edən problemlərdən biri də qlobal iqlim dəyişiklikləridir. İqlim dəyişmələri bütün dünyada insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır.

Qlobal iqlim dəyişiklikləri son dövrlərdə planetimizdə ciddi fəsadlar yaradıb. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Mütəxəssislərin fikrincə, 2100-cü ilə qədər temperatur sənayeləşmə dövrü ilə müqayisədə 3 dərəcə artsa, canlı aləmin 20-30 faizi məhv olar. Hazırda dünya üzrə atmosfer havasına təxminən 60 milyard ton karbon dioksidi ekvivalentində istixana qazı atılır. 2030-cu ilə qədər atılan emissiyanın miqdarı hazırkı 4, 8 trilyon tonu keçsə 1.5 dərəcə C-dən daha artıq istiləşmə baş verəcəyi qaçılmaz olacaq.

Son 200 il ərzində sürətlə davam edən sənayeləşmə, eləcə də nəqliyyat və enerji istehsalı nəticəsində atmosferə buraxılan karbon dioksid (CO₂), meşələrin azalması nəticəsində karbonun atmosferdə daha uzun müddət saxlamaq qabiliyyətinin məhdudlaşması, metan və nitrozor oksid kimi istixana qazlarının emissiyasının artması qlobal istiləşməyə, hava şəraitinin daha dəyişkən olmasına və ekstremal hava hadisələrinin (şiddətli qasırğalar, sel, quraqlıq) artmasına səbəb olub.

Təbii ki, dünyada baş verən bu proseslər ölkəmizə də təsir edir. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. İqlim dəyişmələri fonunda ölkəmiz daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. Azərbaycan 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35 faiz həcmində azaldılmasını hədəfləyib.

Bir məqamı xüsusilə vurğulayaq ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritetin və “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması, “ağıllı şəhər və ağıllı kənd” layihələri bu gün uğurla icra olunur.

Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə bağlı mübarizəyə əməli işləri, beynəlxalq tədbirlərdə iştirakı, bu sahədə unikal təşəbbüsləri, alternativ enerji mənbələrindən istifadə, “yaşıl enerji” layihələri və s. ilə böyük töhfələr verir. Prezident İlham Əliyevin 2024-cü il yanvarın 13-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasının və Paris Sazişinin tərəflər görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılması haqqında Sərəncam imzalaması bunun bariz göstəricisidir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini layiqincə yerinə yetirdiyini bir nümayiş etdirdi. COP 29-da Azərbaycanın sədrliyi ilə maliyyələşdirilməsi üzrə yeni Kollektiv Maliyyələşdirmə Məqsədi qəbul edildi. Eləcə də Paris Sazişinin 6-cı maddəsi üzrə beynəlxalq karbon bazarlarının qaydaları yekunlaşdırıldı. Şamaxı Görüşləri və Bakı İqlim Fəaliyyəti Həftəsi kimi paltformalarla ölkələr arasında etimad və konsensus qorunub saxlanılır. Bundan başqa, geniş əraziləri əhatə edən yaşıl enerji zonalarında bərpaolunan enerji potensialı artırılır, iqlim dəyişikliyinin fəsadlarına qarşı respublikamzın Səhiyyə Nazirliyi tərəfindən “İqlim Davamlılığı üçün İnsan İnkişafı” təşəbbüsləri həyata keçirilir.  Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafına fəal töhfə vermək öhdəliyinə sadiq olduğunun əyani təsdiqidir.

 Bakı ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirmək əzmindədir. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 9-da Bakıda Azərbaycanın ev sahibliyi və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimindəki çıxışında bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışına əsaslanır: “COP-a sədrliyimizin başa çatmasından sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. May ayında Bakı şəhərində iqlimə davamlı şəhərlər, dayanıqlı şəhər inkişafı və mənzil məsələləri üzrə qlobal müzakirələrin irəlilədilməsinə xidmət edən 13-cü Ümumdünya Şəhərsalma Forumu keçirildi. Forumun nəticələri iyul ayında BMT-nin Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına dair yüksəksəviyyəli görüşün müzakirələrinə töhfə verdi. İyun ayında isə Bakı BMT-nin Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməklə qlobal ekoloji fəaliyyət sahəsindəki rolunu daha da möhkəmləndirdi”.

Zahid Rza, “İki sahil”