23 sentyabr 2026 15:27
57

AZƏRBAYCANIN YENİ SƏNAYE ERASI: DAĞ-MƏDƏN VƏ METALLURGİYADA STRATEJİ HƏDƏFLƏR.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən yeni Dövlət Proqramı ölkə iqtisadiyyatında qeyri-neft sektorunun gələcək xəritəsini cızır

Azərbaycan Respublikası öz iqtisadi müstəqilliyini sənayenin diversifikasiyası üzərində qurmağa davam edir. Ölkənin gələcək iqtisadi modelinin təməl sütunlarını formalaşdıran növbəti addım Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən strateji müşavirə və qəbul edilən yeni qərarlar oldu. “Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” sadəcə bir iqtisadi sənəd deyil, ölkəmizin regionda və qlobal miqyasda sənaye nəhənginə çevrilməsinin mükəmməl yol xəritəsidir. Keçirilən yüksək seviyyəli müşavirədə dövlət başçısı ölkənin iqtisadi potensialını tam gücü ilə hərəkətə gətirməyin vaxtı çatdığını bəyan etdi. Bu kontekstdə dağ-mədən sənayesi və metallurgiya sektoru neft-qaz ssenarisindən sonra Azərbaycanın ən böyük iqtisadi hərəkətverici qüvvəsi olmağa namizəddir.

Müşavirədə çıxış edən dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin inkişafını ölkənin ümumi sənayeləşmə siyasətinin keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirdi. Müasir dövrdə ağır sənayenin, xüsusilə metal filizlərinin hasilatı və emalının daxili istehsal zəncirini necə gücləndirəcəyi xüsusi qeyd olundu. Prezident İlham Əliyev bu istiqamətin milli iqtisadiyyata gətirəcəyi yeniliyi vurğuluyaq bildirdi: “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.” Bu tezis onu göstərir ki, Azərbaycan artıq yalnız xammal ixrac edən ölkə statusundan çıxaraq, son texnologiyalara əsaslanan ağır sənaye kompleksləri formalaşdırır. Bu yeni istiqamət minlərlə yeni iş yerinin yaradılması, daxili bazarda xarici asılılığın azaldılması və qeyri-neft ixracatının dəfələrlə artırılması deməkdir.

Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyində oynadığı strateji rol hər kəsə məlumdur. Lakin rəsmi Bakı bu nüfuzu sənaye sektoruna da daşımaqda israrlıdır. Enerji resurslarının yaratdığı güclü maliyyə imkanları və etibarlı tərəfdaş imici indi də sənaye sektorunun inkişafına xidmət edir. Ölkəmizin beynəlxalq arenadakı çəkisini şərh edən Prezident qeyd etdi: “Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.” İndi hədəf bu etibarlılıq və əvəzolunmazlıq statusunu qeyri-enerji sənayesinə, xüsusilə metallurgiya və hazır məhsul istehsalına da şamil etməkdir. Yaşıl enerjiyə keçid dövründə xüsusilə mis və digər əlvan metallara qlobal tələbatın artması fonunda Azərbaycanın bu strategiyası beynəlxalq bazarlarda ölkəmizin mövqelərini daha da sarsılmaz edəcək.

Dövlət Proqramının ən vacib hədəflərindən biri hələ tam istismara verilməmiş və ya kəşfiyyat gözləyən zəngin yeraltı resursların səmərəli idarə olunmasıdır. Ölkəmiz əvəzolunmaz qızıl, mis və xüsusilə yüksək texnologiyalarda istifadə edilən molibden yataqlarına malikdir. İqtisadiyyatın bu sahəsinə elmi-texniki və müasir geoloji yanaşmaların tətbiqi vacib şərtdir. Dövlət başçısı mövcud resursların hələ tam istifadə olunmamış potensialına diqqət çəkərək qətiyyətlə vurğuladı: “Perspektivli qızıl, mis, molibden yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir.” Bu, həm yerli qurumlar, həm də beynəlxalq elmi-tədqiqat mərkəzləri üçün bir fəaliyyət çağırışıdır. Qarşıdakı 2027-2030-cu illərdə aparılacaq genişmiqyaslı geoloji kəşfiyyat işləri Azərbaycanın mineral-xammal bazasını yenidən xəritələndirəcək və ölkənin iqtisadi suverenliyini onilliklər boyu sığortalayacaqdır.

Azərbaycanın iqtisadi modelinin ən uğurlu cəhətlərindən biri də inkişafın yalnız paytaxt Bakı ilə məhdudlaşmaması, regionlara sürətlə yayılmasıdır. Bu pragmatik yanaşma nəticəsində bu gün ölkənin dörd bir tərəfində fəaliyyət göstərən sənaye zonaları və aqroparklar regionlarda məşğulluğu təmin edir, yerli istehsalı stimullaşdırır. Prezident İlham Əliyev regional infrastrukturun hazırkı yüksək vəziyyətini qiymətləndirərək bəyan etdi: “Sənaye parkları və aqroparklar Azərbaycanda artıq hər bir bölgədə var.” Bu infrastrukturun varlığı, yaradılacaq yeni dağ-mədən və metallurgiya müəssisələrinin xammal tədarükü və logistika zəncirinə inteqrasiyasını asanlaşdırır. Regionlardakı sənaye parkları yeni ağır sənaye layihələri üçün hazır platforma rolunu oynayır.

Bütün bu nəhəng hədəflərə çatmaq, müasir texnologiyaları ölkəyə gətirmək üçün investisiya mühitinin cəlbediciliyi və şəffaflıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti həm yerli sahibkarlara, həm də transmilli korporasiyalara ən əlverişli şəraiti, hüquqi təminatı və iqtisadi güzəştləri təklif edir. Müşavirənin ən yaddaqalan və iqtisadi dünyada geniş əks-səda doğuran mesajı isə dövlət başçısının investorlara birbaşa müraciəti oldu. Prezident İlham Əliyev qətiyyətli şəkildə bildirdi: “Yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır.” Bu çağırış Azərbaycanın biznes üçün təhlükəsiz, şəffaf və yüksək gəlirli bir liman olduğunun növbəti nümayişidir.

Ölkəmizin coğrafi mövqeyi, xüsusilə Naxçıvan iqtisadi rayonu üzrə Sədərək kimi strateji nöqtələrin logistik imkanları xarici ticarət əlaqələrinin genişlənməsində mühüm qapı rolunu oynayır. 2027-2030-cu illəri əhatə edəcək bu Dövlət Proqramı Azərbaycanı regionun yeni ağır sənaye mərkəzinə çevirəcək, qeyri-neft sektorunun zəfər yürüşünü təmin edəcəkdir. Sənaye nəhənglərinin Azərbaycana gəlişi ilə ölkəmiz qlobal tədarük zəncirində özünün "əvəzolunmaz" yerini bir daha möhkəmləndirəcəkdir.

Vüsalə Əliyeva,
YAP Sədərək rayon təşkilatının sədri