24 sentyabr 2026 10:19
104

Nazir: Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub

Toxumçuluq, sertifikatlaşdırma və laboratoriya xidmətlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi xüsusi diqqətdə saxlanılır. BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə icra edilən layihə çərçivəsində “Aprobasiya” tətbiqi yaradılıb, toxum sertifikatlaşdırılması və sahə nəzarəti prosesləri tam rəqəmsallaşdırılıb. Respublika üzrə toxumluq əkin sahələrində ümumi 48 mindən çox hektar ərazidə aprobasiya prossesi təşkil edilib, 5 mindən çox parsel üzrə yoxlamalar həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Toxumçuluqda yeni dövr: Yerli toxum, etibarlı təminat” adlı konfransda çıxışı zamanı deyib. “Əvvəlki illə müqayisədə buğda və arpa toxum istehsalında nəzərəçarpan artım müşahidə olunub. Belə ki, ümumilikdə, 81 min ton toxum istehsal edilmişdirsə, cari ildə bu rəqəmin 100 min tona yaxın olacağı gözlənilir. Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilə qədər buğda toxumu ilə təminatın 100 faizə çatdırılması hədəflənib. Bununla yanaşı, kartof, tərəvəz, yem və texniki bitkilərin toxumu ilə təminat səviyyəsinin artırılması da qarşıda duran əsas vəzifələrdəndir”, - deyə o əlavə edib.

Nazir qeyd edib ki, ölkədə sertifikatlı ting istehsalında ciddi artım və maraq müşahidə olunmaqdadır. Artıq sertifkatlı ting istehsalı 7 milyon ədəd civarındadır. “Xüsusi ilə qeyd etmək lazımdır ki, özəl sektorda 4 in-vitro laboratoriyası calaqaltı istehsalı ilə məşğuldur. Bu da özlüyündə çox müsbət göstəricidir”, - deyə M.Məmmədov bildirib.