24 sentyabr 2026 10:09
111

Dağ-mədən və metallurgiya sənayesi yeni inkişaf mərhələsində

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın uzunmüddətli strateji inkişafında əhəmiyyətli rol oynayır. Bu siyasət xammal və enerji asılılığını azaltmaq, qeyri-neft sektorunu gücləndirmək və ölkənin iqtisadi dayanıqlığını təmin etmək məqsədi daşıyır. Dağ-mədən sənayesi Azərbaycanın iqtisadi potensialında mühüm yer tutan və xüsusilə qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcək istiqamətlərdəndir. Ölkəmizin zəngin mineral-xammal ehtiyatları, sənaye potensialı və mövcud imkanları bu sahənin daha geniş miqyasda inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bütün bu məqamlara diqqət yönəldildi, dövlətimizin başçısı qarşıda dayanan hədəfləri açıqladı. Cənab İlham Əliyev bildirdi ki, ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalanıb.  Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi.  Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.

Qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Uzun müddət ərzində müxtəlif səbəblərdən bu potensialdan tam istifadə etmək mümkün olmayıb. Prezident İlham Əliyev bunun obyektiv və subyektiv səbəblərini diqqətə çatdırdı.  İşğal dövründə Azərbaycanın təbii ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı da ölkənin mineral resurs potensialından istifadəyə mane olan amillərdən biri olub. Prezident İlham Əliyev müşavirədəki çıxışında bildirdi ki, təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur. Təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işlərinin aparılmasına baxmayaraq o zaman  sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan qeyd olunan  sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi idi.  Ona görə də bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edilir. Birinci, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınmasıdır. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Dövlət başçısı vurğuladı ki,  Ağdərə rayonunda artıq işlərə başlanılıb.  Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq.

Tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsinə geniş imkanlar yaradıb. Cənab İlham Əliyev müşavirədə  metallurgiya sənayesinin inkişafından da gemiş bəhs etdi. Bildirdi ki, alüminium istehsalının inkişafı nəzərdə tutulur. Müəyyən xarici tərəfdaşlardan təkliflər olsa da, onların təklifləri reallaşmadı. Çünki biz maksimum çalışırıq ki, ölkə iqtisadiyyatına səmərə verə biləcək mexanizmlər tətbiq edilsin. Ona görə hesab edirəm ki, biz özümüz bu önəmli sənaye istiqamətini inkişaf etdirməliyik və qəbul olunacaq proqram əsasında alüminium istehsalı 100 min tona çatdırılmalıdır. Burada da müddət 2030-cu ilin sonuna qədərdir. Burada da bir neçə zavod yaradılacaq.

O da qeyd edildi ki, Proqramın maliyyə təminatı bəllidir, bütün müvafiq qurumlarla razılaşdırılıb və biz bu proqramı istənilən halda icra edəcəyik. Amma eyni zamanda, əgər yerli və xarici investorlar maraq göstərsələr, müəyyən faiz səviyyəsində onların iştirakı da mümkündür: “Olsa yaxşıdır, olmasa da yaxşıdır. Onsuz da biz bunu edəcəyik. Amma mən hesab edirəm ki, sahə, düzdür, maliyyətutumludur, ancaq gəlirlidir. Xüsusilə bu gün qiymətli metalların dünya bazarlarındakı qiyməti kifayət qədər yüksəkdir və yəqin ki, aşağı-yuxarı bu səviyyədə belə də qalacaq. Ona görə həm maliyyətutumludur, həm də ki, gəlirlidir. Ona görə yerli və xarici investorlara da mesajımız budur ki, qapılar açıqdır. Proqram dərc olunacaq, görüləcək bütün işlər orada sadalanır. Hər kəs tanış ola bilər. Əgər maraq doğursa, onda xarici investorları da biz cəlb edə bilərik. Yekun olaraq bu bizə nə verəcək? Qeyd etdiyim kimi, yeni bir güclü sənaye istiqaməti yaradılacaq. Beş mindən çox, bəlkə də daha çox yeni iş yeri yaradılacaq. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun inkişafı, orada məşğulluğun artırılması daha sürətlə gedəcək. Ölkə büdcəsinə vergilər şəklində böyük vəsait daxil ediləcək, güclü ixrac potensialı yaradılacaq. İndi bunu demək bəlkə də bir qədər tezdir. Amma gözlənilən illik müsbət maliyyə təsiri bir milyard manatdan daha çox olmalıdır. Yəni son rəqəm demək istəmirəm. Amma bunlar milyardlarla manat səviyyəsində ölçülə biləcək layihələrdir”.

Zamir Güvəndiyev,
​YAP Şəmkir rayon təşkilatının sədri