25 sentyabr 2026 08:48
73

Anım Günü: şəhidlər xalqın qürur mənbəyidir

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutan, Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edildiyi müqəddəs tarixdir. Anım Günü Birinci və İkinci Qarabağ müharibələrində həyatını itirmiş bütün şəhidlərin xatirəsinə ehtiramın, onların qarşısında mənəvi borcun ifadəsidir. Hər il bu tarixdə xalqımız şəhidlərin keçdiyi şərəfli yolu xatırlayır, onların Vətən qarşısındakı xidmətini ehtiramla yad edir və qazandığımız Zəfərin hansı ağır itkilər bahasına əldə edildiyini bir daha dərk edir.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını azad edilmiş torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbçilərə və bütün şəhidlərə dərin ehtiram ifadə olunur.

Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həllinə üstünlük verdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin bu qətnamələrin icrası təmin edilmədi. Danışıqlar prosesi də nəticəsiz qaldı və işğal faktı uzun illər davam etdi. Bu müddətdə Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu, diplomatik və siyasi imkanlardan istifadə etdi. Lakin Ermənistanın işğal olunmuş ərazilərdən çıxmaq istəməməsi, danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməməsi və zaman-zaman hərbi təxribatlara əl atması vəziyyəti daha da mürəkkəbləşdirdi.

2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar Azərbaycan xalqının torpaqların işğal altında qalması ilə barışmadığını nümayiş etdirir. Bununla belə, sülh imkanlarının qorunması üçün səylər davam etdirildi. Lakin 2020-ci ilin sentyabrında baş verən hərbi təxribat artıq vəziyyəti başqa mərhələyə keçirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan atəşə tutması nəticəsində hərbi qulluqçular və mülki şəxslər arasında itkilər baş verdi. Həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrindən birinə çevrilmiş 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə yalnız hərbi qarşıdurma deyil, eyni zamanda xalqın milli iradəsinin, dövlətin siyasi iradəsinin və ordunun döyüş qabiliyyətinin sınağı idi. Azərbaycan xalqı həmin günlərdə vahid mövqedən çıxış etdi, cəmiyyətin bütün təbəqələri ordumuzun ətrafında sıx birləşdi. Cəbhədə əsgər və zabitlər, arxa cəbhədə isə milyonlarla vətəndaş eyni məqsədə – işğal altındakı torpaqların azad edilməsinə xidmət edirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-diplomatik fəaliyyət və Müzəffər Azərbaycan Ordusunun döyüş meydanındakı uğurları nəticəsində müharibənin gedişində mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edildi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, eləcə də digər yaşayış məntəqələri üzərində Azərbaycan bayrağı dalğalandırıldı. Rəsmi məlumatlarda 44 günlük hərbi əməliyyatlar nəticəsində 300-dən artıq yaşayış məntəqəsinin azad edildiyi qeyd olunur. Şuşanın azad edilməsi isə müharibənin taleyində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun Şuşada göstərdiyi qəhrəmanlıq nümunələri hərb tariximizin ən parlaq səhifələrindən birinə çevrildi.

Vətən müharibəsinin ən böyük həqiqətlərindən biri budur ki, Zəfərin arxasında minlərlə şəhidin həyatını fəda etməsi dayanır. Ona görə də 8 Noyabr – Zəfər Günü ilə 27 Sentyabr – Anım Günü bir-birindən ayrı düşünülə bilməz. Biri Qələbəni, digəri isə həmin Qələbənin mənəvi və insani qiymətini ifadə edir. Prezident İlham Əliyev qeyd edib: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.

Şəhidlərin qəhrəmanlığı yalnız döyüş meydanında göstərdikləri şücaətlə məhdudlaşmır. Onların ən böyük xidməti Vətənin ərazi bütövlüyü və suverenliyi naminə öz həyatlarını tərəddüd etmədən fəda etmələri idi. Hər bir şəhid adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq qəhrəmanlıq salnaməsinin bir səhifəsidir. Bu baxımdan Anım Günü həm də gələcək nəsillərə ötürülən mühüm mənəvi mesajdır: Vətənin azadlığı, dövlətin müstəqilliyi və ərazi bütövlüyü ən ali dəyərlər sırasındadır və bu dəyərlərin qorunması böyük fədakarlıq tələb edir.

Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsini, şəhid ailələrinə və qazilərə qayğını daim diqqətdə saxlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin müalicəsi, reabilitasiyası və onların sosial-məişət məsələlərinin həlli istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib.

Bakıda yaradılan Zəfər parkı və Zəfər muzeyi Vətən müharibəsinin yaddaşının gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Zəfər muzeyi 2025-ci il noyabrın 8-də istifadəyə verilib. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif mərhələləri, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanların yolu, dövlət suverenliyinin bərpası və Qarabağda aparılan quruculuq işlərinə həsr olunan səkkiz ekspozisiya zalı yaradılıb. Bu məkanlar sadəcə muzey və memorial kompleks deyil. Onlar Azərbaycanın yaşadığı tarixi, şəhidlərin keçdiyi yolu və xalqın qazandığı Zəfəri gələcək nəsillərə çatdıran yaddaş ünvanlarıdır. Hərbi Qənimətlər Parkı da Vətən müharibəsinin hərbi salnaməsinin nümayiş etdirilməsi baxımından mühüm məkanlardan biridir. Buradakı eksponatlar müharibənin gedişini, Azərbaycan Ordusunun əldə etdiyi hərbi üstünlüyü və döyüş meydanında qazanılmış nəticələri əyani şəkildə təqdim edir.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlətdir. Lakin bu Qələbənin mənəvi təməlində şəhidlərin müqəddəs xatirəsi dayanır, onların hər biri Vətən tarixinin əbədi qəhrəmanıdır. Anım Günündə bütün şəhidlərin – Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizələrdə canından keçən qəhrəman oğul və qızlarımızın qarşısında baş əyirik. Onların bizə əmanət etdiyi Vətən artıq azaddır. Şəhidlərin qanı ilə suvarılmış torpaqlarda həyat yenidən qurulur, şəhərlər və kəndlər bərpa olunur, doğma yurdlarına qayıdan insanların səsi eşidilir.

Elşən Alıyev,
​​​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini