25 sentyabr 2026 15:10
79

Kimya İnstitutunda “27 Sentyabr - Vətən sevgisinin Zəfərə çevrildiyi gün” adlı tədbir keçirilib

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “27 Sentyabr -Vətən sevgisinin Zəfərə çevrildiyi gün” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev çıxış edərək 27 Sentyabrın Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan tarixi günlərdən biri olduğunu bildirib. Professor qeyd edib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq daim ehtiramla yad edilməli, Vətən müharibəsinin tarixi həqiqətləri gələcək nəsillərə çatdırılmalıdır. Əfsun Sucayev həmçinin milli birlik və həmrəyliyin xalqımızın əldə etdiyi Zəfərin əsas amillərindən biri olduğunu vurğulayıb. O, milli-mənəvi dəyərlərin qorunmasının və gənc alimlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb. 

İnstitutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova 27 Sentyabr - Anım Gününün xalqımızın yaddaşında Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin yaşadıldığı mühüm tarix olduğunu bildirib. Sevinc Həsənova qeyd edib ki, şəhidlərin həyat yolu və göstərdikləri fədakarlıq gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm mənəvi örnəkdir. Sektor müdiri vurğulayıb ki, Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycan xalqının milli iradəsinin, həmrəyliyinin və dövlət-xalq birliyinin parlaq nümunəsidir. Onun sözlərinə görə, bu tarixi hadisələrin gələcək nəsillərə düzgün və obyektiv şəkildə çatdırılması, xüsusilə gənclərdə milli yaddaşın və vətənə bağlılıq hissinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Daha sonra Vətən müharibəsi iştirakçısı Tural Məhərrəmov çıxış edib. O, uşaqlıq illərinin Birinci Qarabağ müharibəsi dövrünə təsadüf etdiyini, həmin illərdə torpaqlarımızın işğaldan azad olunacağına inam və qələbə əzmi ilə böyüdüklərini bildirib. Xocavənd və Füzuli istiqamətlərində gedən döyüşlərdə iştirak edən Tural Məhərrəmov Vətən uğrunda mübarizənin hər bir Azərbaycan vətəndaşı üçün şərəf və məsuliyyət olduğunu qeyd edib.

Ardınca Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonra institutun kiçik elmi işçisi Lamiə Kazımzadə “Qəhrəmanlıq dastanı: 27 Sentyabr tariximizin şanlı səhifəsi”, kimya üzrə fəlsəfə doktoru Sevinc Cavadova isə “27 Sentyabr - Qəhrəmanlığın və milli birliyin başlanğıcı” mövzusunda elmi məruzə ilə çıxış ediblər. Çıxışlarda 27 Sentyabrın Vətən müharibəsinin başlanmasında mühüm tarixi mərhələ olduğu, Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik, həmrəylik və yüksək vətənpərvərlik ruhunun Qələbənin əldə olunmasında mühüm rol oynadığı vurğulanıb. Həmçinin şəhidlərin və qazilərin Vətən qarşısındakı xidmətlərinin gənc nəslə örnək olduğu qeyd edilib.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.