25 sentyabr 2026 16:14
93

AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Günü ilə bağlı elmi konfrans keçirilib

Sentyabrın 25-də AMEA Naxçıvan Bölməsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş elmi konfrans keçirilib. 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

“İki sahil” xəbər verir ki,  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edərək 1990-cı illərdə ölkəmizdə hökm sürən mürəkkəb siyasi-ideoloji vəziyyətdən danışıb. Akademik qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik təməllər üzərində qurduğu dövlətçilik strategiyasının uğurlu davamı 30 ildən sonra onun layiqli varisi Prezident İlham Əliyevin qətiyyətli xarici və daxili siyasəti ilə qazanılan tarixi Zəfərdir. 
Akademik İsmayıl Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bu Qələbənin Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi, xalqımızın dəmir yumruq kimi birləşməsi, ordumuzun peşəkarlığı və şəhidlərimizin qanı-canı bahasına qazanıldığını və nəticədə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpa olunduğunu bildirib. Eyni zamanda, bu gün işğaldan azad olunmuş torpaqlarda “Böyük Qayıdış” Dövlət Proqramının uğurla icra olunduğu, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdaraq əmin-amanlıq içində yaşadıqları diqqətə çatdırılıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Qırx dörd günlük Vətən müharibəsinə gedən yol”, həmin institutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Müzəffər Ali Baş Komandan İlham Əliyev və Vətən müharibəsi” və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Tarixi Şuşa döyüşləri” adlı məruzələrində illərdir, aparılan uğurlu ordu quruculuğunun, ölkənin iqtisadi qüdrətinin güclənməsinin, beynəlxalq müstəvidə qazanılan diplomatik uğurların və gənclərdə formalaşan sağlam vətənpərvərlik ruhunun Qələbəni şərtləndirən əsas amillər olduğunu qeyd ediblər. Azərbaycan əsgər və zabitlərinin heç bir ağır texnikadan istifadə etmədən, əlçatmaz sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlərlə Şuşanı azad etməsinin dünya hərb tarixinə düşən misilsiz bir qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar.  Məruzəçilər bu qəhrəmanlıq tariximizi dərindən öyrənməyin, yaşatmağın və gələcək nəsillərə ötürməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildirib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Firudin Rzayev 44 günlük Vətən müharibəsi ilə bağlı fikirlərini bölüşüblər. 
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.