25 sentyabr 2026 16:36
85

Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib

Quba rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili məsələləri ilə bağlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sektorun davamlı inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar rayonun aqrar potensialının daha səmərəli istifadə olunmasına geniş imkanlar yaradır.

İcra başçısı, həmçinin heyvandarlıq və meyvəçilik sahələrinin inkişafı istiqamətində görülən işləri qeyd edib, fermerlərin fəaliyyətinin səmərəli təşkili, müasir texnologiyaların tətbiqi və təsərrüfatların inkişafı üçün zəruri infrastruktur imkanlarının təkmilləşdirilməsinin diqqətdə saxlanıldığını vurğulayıb.

Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Bildirib ki, epizootik sabitliyin qorunması istiqamətində baytarlıq xidmətlərinin daha çevik və effektiv təşkili, dövlət-özəl baytarlıq münasibətlərinin inkişaf etdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və müasir yanaşmaların tətbiqi əsas prioritetlərdəndir.

Bununla yanaşı, “Epizootiya əleyhinə tədbirlər planı”na uyğun olaraq peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Heyvan sahiblərinin maarifləndirilməsi, baytarlıq subyektlərinin peşəkarlıq səviyyəsinin artırılması, fermerlərlə mütəmadi görüşlərin keçirilməsi, onların qarşılaşdıqları problemlərin yerində araşdırılmasının vacibliyi qeyd olunub.

Tədbirdə baytarlıq xidmətlərində şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Daha sonra iştirakçılar fermer təsərrüfatlarına baş çəkib, heyvandarlıq sahəsində görülən işlərlə tanış olublar.

Sonda səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.