27 sentyabr 2026 14:17
132

Praqada "Düşmənə qarşı tək” filmi nümayiş etdirilib

Çexiyanın paytaxtı Praqada Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlığına həsr olunmuş “Düşmənə qarşı tək” filminin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki,  filmin təqdimatı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Land of Fire” cəmiyyətinin təsisçisi və Azərbaycan diasporunun Şərqi Avropa üzrə Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru Fərid Əmirəliyev tərəfindən Anım Günü çərçivəsində təşkil olunub. “Cinema City – Slovanský dům” kinoteatrında keçirilən tədbirin əvvəlində Fərid Əmirəliyev çıxış edərək, Anım Gününün Azərbaycan xalqı üçün daşıdığı mənəvi əhəmiyyətdən danışıb. Həmçinin Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsini yad edib və onların göstərdikləri fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Sonra Azərbaycan Respublikasının Çexiyadakı səfiri Yaşar Əliyev Vətən müharibəsində şəhid olan hərbçilərimizin qəhrəmanlığından və Azərbaycan xalqının tarixi Zəfərindən söz açıb. Səfir şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının və onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib.

Tədbirdə Azərbaycanın Əməkdar artisti, “Soy Production”un rəhbəri Dilarə Əliyeva da çıxış edib. O, “Düşmənə qarşı tək” filmi haqqında məlumat verərək layihənin məqsədi, hazırlanma prosesi və Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlıq yolunun ekran vasitəsilə tamaşaçılara çatdırılması barədə danışıb. Dilarə Əliyeva vurğulayıb ki, “Düşmənə qarşı tək” filmi süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanıb. O, müasir texnologiyaların Azərbaycan tarixinin, milli qəhrəmanlarımızın həyat və mübarizəsinin geniş auditoriyaya çatdırılması üçün yaratdığı imkanlardan bəhs edib. Həmçinin filmin müxtəlif şəhərlərdə keçirilmiş təqdimatları barədə məlumat verib.

Filmin ideya müəllifi və AI mütəxəssisi Sarvan Hüseyn, Nəzrin Mərdanlı, filmin redaktoru və ssenaristi Fariz Əliyevdir.

Sonra “Soy Production” tərəfindən hazırlanmış “Düşmənə qarşı tək” filmi nümayiş etdirilib.

Tədbirin ən təsirli məqamlarından biri isə Natiq Qasımovun əmisi oğlu, hazırda Çexiyanın Praqa şəhərində yaşayan Çingiz Qasımovun çıxışı olub. Çingiz Qasımov film barədə təəssüratlarını, eləcə də Natiq Qasımov haqqında ailə yaddaşında qorunan məlumatları tədbir iştirakçıları ilə bölüşüb.