07 oktyabr 2026 21:06
158

Ömər Rəcəbli; Artıq bu tilsimi qırdım

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıdakı dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.

“İki sahil” xəbər verir ki,  81 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə jurnalistlərə açıqlama verib. O, yarışda üçüncü yeri tutması ilə bağlı fikirlərini bölüşüb: "Medal qazandığım üçün xoşbəxtəm. 25 il əvvəl atam dünya çempionatında bürünc mükafata sahib çıxıb. Onun nailiyyətini təkrarlamaq böyük işdir. Medalı da atama həsr edirəm. O, həmişə mənə dəstək olur və motivasiya verir. Onsuz buna nail ola bilməzdim. Sırf ona görə bu gün buradayam".

Ö.Rəcəbli turnirdə qızıl medalı hədəflədiyini söyləyib: "Amma alınmadı. Qismət belə idi. İlk dəfədir ki, böyüklər arasında dünya çempionatında güləşirdim. İki dəfə Avropa çempionatında məğlub olmuşam. Artıq bu tilsimi qırdım. Buna görə çox xoşbəxtəm".

Xatırladaq ki, Ömər Rəcəbli Azərbaycanın veteran cüdoçusu Elxan Rəcəblinin oğludur. E.Rəcəbli 2001-ci ildə Almaniyadakı dünya çempionatında bürünc medal qazanıb.