Avropa Komissiyasının keçmiş rəhbəri və İtaliyanın sabiq Baş naziri Romano Prodi hesab edir ki, Rusiya, ABŞ və Çin liderlərinin Şençjen şəhərində keçirilməsi ehtimal olunan sammiti yeni Yalta konfransına çevrilə bilər.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, bu fikri XIX Avrasiya İqtisadi Forumunun sessiyasında çıxışı zamanı səsləndirib.
"Gələn ay Şençjendə keçiriləcək görüş haqqında hamı danışır, bu, böyük dövlətlərin görüşüdür. Bu, gələcək üçün qaydaların müəyyən edildiyi, keçilməməsi gərəkən 'qırmızı xətlərin' cızıldığı bir görüşə çevrilə bilər. Mən bunu zarafatla 'kiçik Yalta' adlandırardım", — deyə Prodi bildirib.
O, Avropanın qlobal geopolitik və iqtisadi proseslərdən kənarda saxlanılmasının səhv olduğunu və gələcək tarazlığın bərqərar olması üçün ABŞ, Rusiya və Çinin bunda maraqlı olmamalı olduğunu dəfələrlə vurğulayıb. Bununla yanaşı, Prodi etiraf edib ki, hazırkı mərhələdə Avropa daxili parçalanması və zəifliyi səbəbindən kənarda qalıb. Onun fikrincə, Avropa ilə Rusiyanın uzaqlaşması xarici təzyiqlər nəticəsində baş verib, Ukraynadakı münaqişə isə bu ayrılığı hal-hazırda dəf edilməz həddə çatdırıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Szinpinlə üçtərəfli görüşünün Çində keçirilə biləcəyini bəyan etmişdi. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov oktyabrın 21-də jurnalistlərə bildirib ki, Putin Amerika liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşdə noyabrın 18-19-da Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammitində Tramp və Si Szinpinlə üçtərəfli görüşün keçirilməsi imkanlarını müzakirə edib.