22 oktyabr 2026 14:38
98

Pekindən asılılığı azaltmaq cəhdi: Malayziya nadir torpaq elementlərinin ixrac şərtlərini yumşaldır

Malayziya yerli dağ-mədən sənayesinə investisiyaları cəlb etmək məqsədilə qəbul edilmiş yeni qaydalara uyğun olaraq işlənməmiş nadir torpaq metallarının (NTM) ilk partiyasının ixracına icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Malayziyanın Təbii Sərvətlər və Ətraf Mühitin Dayanıqlılığı Nazirliyi elmi tədqiqat və işləmələr çərçivəsində təyinatlı istifadə üçün təqdim edilən ilk ixrac müraciətini təsdiqləyib.

Agentliyin həmsöhbətləri müraciətin kim tərəfindən edildiyini dəqiqləşdirməyiblər.

"Bloomberg"in məlumatına əsasən, Malayziya Çindən asılılığı azaltmaq naminə dağ-mədən və emal sahələrində öz potensialını inkişaf etdirmək üçün səylərini gücləndirir. Hazırda ölkədə NTM-lərin çıxarılması və emalı ilə məşğul olan Avstraliyanın "Lynas Rare Earths" şirkəti fəaliyyət göstərir. Fransanın "Carester" şirkəti də malayziyalı tərəfdaşları ilə birgə nadir torpaq elementlərinin ayrılması üzrə zavod tikməyi planlaşdırır.

Agentlik xatırladır ki, 2026-cı ilin oktyabrının əvvəlində Malayziya işlənməmiş xammalın ixracına dair yeni qaydaları dərc edərək 2024-cü ildən qüvvədə olan moratorium çərçivəsindəki məhdudiyyətləri yumşaldıb. Yumşalmalara əsasən, bir sıra şərtlərə əməl olunmaqla materialların tədqiqat və işləmələr, eləcə də emal məqsədilə tədarükünə icazə verilir.