22 oktyabr 2026 16:34
148

Makron hakimiyyətinə qarşı illərlə yığılıb qalan narazılıqlar pik həddə çatıb - Politoloq

Makron administrasiyası heç vaxt xalqın sosial tələblərinə məhəl qoymayıb, cəmiyyəti qütbləşdirən və avtoritar idarəçiliyə üstünlük verən siyasət yürüdüb. Bu baxımdan, Fransada baş verən son hadisələr heç də təsadüfi deyil. Bu, Makron hakimiyyətinin illərdir yürütdüyü yarıtmaz və naşı siyasətin məntiqi nəticəsidir.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

Onun sözlərinə görə, son illərdə “Sarı jiletlilər” hərəkatı və pensiya islahatlarına qarşı etirazlar fransız xalqı arasında narazılığın çoxdan yetişdiyini göstərirdi. Daha dəqiq desək, bu gün Fransada baş verən kütləvi etiraz aksiyaları xalqın səbir kasasının daşdığını, Makron hakimiyyətinə qarşı uzun illər ərzində yığılıb qalmış narazılıqların pik həddə çatdığını göstərir.

“Dinc etirazların zorakılıq və iğtişaşlarla kölgədə qalması, polis müdaxilələrinin sərtləşməsi və fövqəladə tədbirlərin görülməsi ehtimalı ciddi narahatlıq doğurur. Dünyaya demokratiya və insan hüquqları dərsi keçməyə çalışan Makron hazırda beynəlxalq ictimaiyyətin gözü qarşısında dinc sakinlərə divan tutur, qanunları ayaq altına atır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu mənzərəyə göz yumurlar”, - deyə politoloq əlavə edib.

Sahil Kərimli, həmçinin bildirib ki, etirazçılar haqlı olaraq hakimiyyətlə bağlı korrupsiya iddiaları səsləndirirlər. Bu iddialar obyektiv araşdırılmalı və ictimaiyyətə konkret hesabat təqdim edilməlidir. Avropa institutlarının insan hüquqları məsələsində ikili standartlara yol verməsi qəbuledilməzdir. Demokratiya yalnız başqa ölkələrdən tələb edilməməli, Fransanın özündə də söz, sərbəst toplaşmaq və etiraz hüquqları qorunmalıdır. Xalqın səsini susdurmaq yox, vətəndaşların haqlı tələblərini dinləmək və qəbul etmək böhrandan çıxışın yeganə yoludur.