Çin Avropa Komissiyasına süni intellekt (Sİ) sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün Pekin tərəfindən təsis edilmiş Ümumdünya Süni İntellekt Sahəsində Əməkdaşlıq Təşkilatına (WAICO) qoşulmağı təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla Brüsselin "Rapporteur" portalı məlumat yayıb.
Çin və ABŞ daha güclü süni intellekt modellərinin işlənilməsində öz mövqelərini möhkəmləndirməyə çalışır və bu sahədə əməkdaşlıq üçün beynəlxalq birliklər formalaşdırırlar. "Rapporteur" nəşri qeyd edir ki, Avropa texnoloji yarışda geridə qalır.
WAICO 2026-cı ilin yayında Çin tərəfindən təsis edilib. Nəşrin yazdığına görə, təşkilata 28 ölkə qoşulsa da, onların arasında Aİ dövlətləri yoxdur. "Rapporteur" bildirir ki, bu həftə Avropa Komissiyası milli ekspertləri Pekinin təklifi barədə məlumatlandırıb.
Xatırladaq ki, Aİ daha əvvəl ABŞ-nin 2025-ci ilin sonlarında təsis etdiyi "Pax Silica" süni intellekt təşəbbüsünə qoşulub. Rəsmi olaraq onun məqsədi süni intellektin inkişafı üçün zəruri olan qlobal təchizat zəncirlərinin təhlükəsizliyini təmin etməkdir. Avropa Komissiyası bütün Avropa İttifaqı adından təşəbbüsə qoşulmaq haqqında saziş imzalayıb.
Avqust ayında "Reuters" agentliyi xəbər vermişdi ki, Vaşinqton "Pax Silica" sazişinin iştirakçılarına eyni vaxtda WAICO-da iştirakın mümkün olmaması barədə xəbərdarlıq etmək niyyətindədir.