28 oktyabr 2026 12:24
120

UNEC Şanxay reytinqində dünya nəhənglərini iki mühüm göstərici üzrə geridə qoydu!

UNEC Şanxay Reytinqi (ShanghaiRanking) tərəfindən hazırlanan 2026-cı il Akademik Fənlərin Qlobal Reytinqində (GRAS) iqtisadiyyat üzrə dünyanın ilk 500 universiteti sırasında yer alıb.

“İki sahil” xəbər verir ki, ilk dəfə bu reytinqdə təmsil olunan UNEC iki əsas göstərici – beynəlxalq əməkdaşlıq və elmi təsir üzrə yüksək nəticələri ilə xüsusilə fərqlənib.

UNEC beynəlxalq əməkdaşlıq göstəricisi üzrə mümkün 10 baldan 9,8 bal toplayaraq dünyanın ilk 50 universitetinin hamısını geridə qoyub və dünya medianını əhəmiyyətli dərəcədə üstələyib.

UNEC-in əldə etdiyi nəticə Sinqapur Milli Universitetinin (9,1 bal), London İmperial Kollecinin (8,7 bal), Oksford Universitetinin (8,1 bal), Kembric Universitetinin (8,0 bal) və Harvard Universitetinin (6,9 bal) göstəricilərindən yüksəkdir.

UNEC elmi təsir göstəricisi üzrə mümkün olan maksimum 20 balı toplayaraq, bu nəticə ilə Massaçusets Texnologiya İnstitutu (MIT), Stanford Universiteti, Kaliforniya Universitetinin Berkli kampusu və Braun Universiteti ilə eyni nəticəni göstərib.

Bu göstərici üzrə Oksford Universiteti 16,7 bal, Kembric Universiteti 15,8 bal və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) 18,1 bal toplayıb.

UNEC Şanxay Reytinqinin 2026-cı il Akademik Fənlərin Qlobal Reytinqində iqtisadiyyat sahəsi üzrə ölkəmizi təmsil edən yeganə universitetdir.