02 noyabr 2026 11:22
127

Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir

Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ölkədə istismara buraxılan nəqliyyat vasitələrinin parametrlərinə dair dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, dekabrın 30-dan etibarən ölkə sakinləri şəxsi istifadə üçün istehsal tarixi 5 ildən çox olan, həmçinin mühərrikinin ekoloji sinfi "Avro-5"dən aşağı olan avtomobilləri ölkəyə gətirə bilməyəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Respublikanın normativ hüquqi aktların onlayn bankında yerləşdirilən əmrin mətninə əsasən, fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün Qazaxıstan Respublikasının ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin Qazaxıstan Respublikası ərazisində tədavülə buraxılmasına aşağıdakı tələblərə riayət edildiyi halda icazə veriləcək: avtonəqliyyat vasitəsinin 5-ci və ya daha yüksək ekoloji sinfə uyğunluğu; nəqliyyat vasitəsinin istehsal tarixindən hesablanan müddətin 5 ildən artıq olmaması.

Əmr dekabrın 30-da qüvvəyə minəcək. Dəyişikliklər ölkə daxilində avtomobil istehsalının artması fonunda qəbul edilib — Milli Statistika Bürosunun məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində respublikada 136 548 maşın yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38% çoxdur. Ölkədə avtomobil istehsalı ilə 12 müəssisə məşğul olur.

Avqust ayında Qazaxıstanın "Inbusiness" portalı ekspertlərə istinadla yazmışdı ki, respublikada istehsal olunan avtomobillərin həddindən artıq çoxluğu yarana bilər, çünki daxili istehlak imkanları məhduddur, xaricə, o cümlədən Rusiyaya ixrac isə idxalçı ölkədəki rüsumlara görə iqtisadi baxımdan əlverişli deyil.