02 noyabr 2026 12:13
109

Paşinyan: Ermənistan Sərhəd Xidməti tədricən bütün dövlət sərhədlərinə nəzarəti təhvil alacaq

Ermənistan Respublikasının bütün dövlət sərhədlərinə orta müddətli perspektivdə ölkənin Sərhəd Xidməti tərəfindən nəzarət olunmalıdır.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin müvafiq komissiyalarında 2027-ci ilin dövlət büdcəsi layihəsinin təqdimatı zamanı bəyan edib.

Ermənistan baş naziri qeyd edib ki, Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesində müsbət nəticələr əldə etmək üçün müəyyən şərtlər yerinə yetirilməli, müəyyən sistemlər islahat edilməlidir: "Mən demək istərdim ki, biz bu yolla irəliləmək baxımından qətiyyətliyik. Bu nəyi nəzərdə tutur? Bu, xüsusən sərhəd qoşunlarının statusunun müəyyən transformasiyasını və ən azı orta müddətli perspektivdə Ermənistan Respublikasının bütün dövlət sərhədlərinə Ermənistanın müvafiq Sərhəd Xidməti tərəfindən nəzarət olunmasını nəzərdə tutur".

O xatırladıb ki, hökumətin növbəti beş il üçün proqramında da bu məsələ öz əksini tapıb və əlavə edib ki, Ermənistan hakimiyyəti bu yolla irəliləyir. Baş nazir qeyd edib ki, elə bir dövr var idi ki, hətta Ermənistanın bütün sərhəd keçid məntəqələri belə öz nəzarətində deyildi, lakin addım-addım ölkənin sərhədlərinə tam nəzarət onun Sərhəd Xidmətinə həvalə olunacaq. Onun sözlərinə görə, bu proses müəyyən islahatlar yolunu keçməlidir.