08 noyabr 2026 18:25
117

Dövlət Bayrağı Günü Vətənə ehtiram deməkdir

Neçə il əvvəl mətbuatda bir məqalə oxumuşdum: “Bayrağım, varlığım, bəxtiyarlığım”. Həmin məqalə mənim də könlümə yatmışdı. Sevinmişdim ki, Azərbaycan gəncliyi bu fikrin işığında for­ma­laşacaq, bayrağımızı mənəvi varlığı, varlığının bəxtiyarlığı biləcək, bu dərk onun vətəndaşlı­ğı­nın üvertürası olacaq...

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir fikri həmişə düşüncələrimdə olub: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Bu nəsihətlə formalaşmışıq, bu nəsihətlə təhsil almışıq, bu nəsihətlə dövlətçiliyimizə xidmət edirik...

Tarixdən bilirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbay­can Xalq Cümhu­riy­yəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Onu da bilirik ki, rəngləri is­tiqlal ideologiyasının üç təməl prinsipini ifadə edən bayrağımız “Türkçülük, müa­sirlik və islam­çılıq” ideyalarını birləşdirir, müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hü­seyn­zadədir...

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Nax­çı­van Muxtar Respublikası Ali Məclisinin sədri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təs­diq edildi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üç­rəng­li bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azər­baycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bay­ra­ğı elan etdi...

Dövlətçilik atributu kimi 1990-cı il noyabrın 17-də Naxçıvanda, 1991-ci il fevralın 5-də Ba­kı­da dalğalanmağa başlayan bayrağımız, Məmməd Əmin Rəsulzadənin təəbirincə desək, bir daha enməyəcək!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının pay­tax­tı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr ta­rix­li Sərəncamı ilə yaradılmış möhtəşəm ehtiram, sevgi ünvanı hər bir azərbaycanlının mənəvi dünya­sı­nın ünvanıdır. Bu Meydanda yaradılan Dövlət Bayrağı Muzeyi 2010-cu il noyabrın 9-dan fəaliy­yət­dədir. Burada müasir Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, tarixən Azərbaycanın əra­zi­sin­də mövcud olmuş xanlıqların, dövlətlərin bayraqları da nümayiş etdirilir.

1993-cü il dekabrın 6-da “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu imza­lan­dı. Bu da dövlət bayrağımıza müqəddəs ehtiramın təzahürü oldu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağı­mı­zı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. Böyük tarixi şəxsiyyətin siyasi kursunu böyük sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bayrağımızı qürur mənbəyimiz adlan­dı­raraq deyib: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyi­miz­dir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli su­verenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də im­za­ladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Dövlət Bayrağı Muzeyində Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspo­zi­siyada Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağını ucaltmasının, Xankəndidə tarixi Zəfərin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları var.

Dövlət Bayrağı Gününün təsis edilməsi, tarixi gün kimi ehtiramla qeyd olunması gənclərin vətəndaş kimi formalaşmasında, yüksək vətənpərvərlik duy­ğu­la­rının yaşadılmasında, bu duyğu­la­rın milli mentalitetin tərkib hissələrindən biri kimi qorun­ma­sında olduqca gərəkli bir mərhələnin başlanğıcı oldu. Hər bir gənc bu başlanğıcdan başlayan işığı ömür yolunun işığı bilir; Dövlət Bay­ra­ğı Günü hər bir Azərbaycanlının ehtiram işığıdır...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı