ABŞ-nin B-21 Raider qabaqcıl strateji bombardmançı təyyarəsinin silah sistemlərinin sınaqlarına başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə təyyarəni hazırlayan Northrop Grumman korporasiyası məlumat yayıb.
Şirkətin açıqlamasına görə, təyyarə uçuş sınaqları zamanı silahlardan istifadə etmək qabiliyyətini nümayiş etdirib. Northrop Grumman həm bombardmançı təyyarələrin istehsalını, həm də sınaq prosesini sürətləndirir.
İlk B-21 təyyarələrinin 2027-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır. Onların ilkin olaraq Cənubi Dakota ştatındakı Ellsworth Hərbi Hava Qüvvələri bazasında yerləşdirilməsi gözlənilir.
İstehsalçının məlumatına görə, B-21 laylı hava hücumundan müdafiə sistemlərini yarmaq üçün nəzərdə tutulmuş gizli texnologiyalara malik uzun mənzilli strateji bombardmançı təyyarədir.
Təyyarə, həmçinin təhlükəsiz rabitə kanalları və müasir təhdidlər şəraitində ABŞ-ın birgə hərbi əməliyyatlarını asanlaşdırmaq üçün hazırlanmış qabaqcıl rəqəmsal idarəetmə arxitekturası ilə təchiz olunub.