Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin 2026-cı il noyabrın 12-də Dublində imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Sənəd mövcud siyasi dialoqun və qarşılıqlı etimadın daha geniş əməkdaşlıq gündəliyi ilə zənginləşdirilməsini, tərəfdaşlığın uzunmüddətli və çoxşaxəli əsaslar üzərində inkişafını nəzərdə tutur. 1994 və 1998-ci illərdə imzalanmış birgə bəyannamələr üzərində formalaşan Azərbaycan–Böyük Britaniya münasibətləri bu gün yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda daha geniş məzmun qazanır. Yeni sənədin əsas xüsusiyyəti siyasi dialoqdan müdafiə və təhlükəsizliyə, iqtisadiyyatdan enerji və nəqliyyata, təhsildən innovasiyaya qədər geniş sahələri vahid strateji çərçivədə birləşdirməsidir.
Bəyannamədə BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmətin xüsusi vurğulanması mühüm siyasi əhəmiyyət daşıyır. Bu müddəalar Azərbaycanın ardıcıl müdafiə etdiyi prinsiplərlə üst-üstə düşür və ölkəmizin beynəlxalq münasibətlər sistemində hüquqa və ədalətə əsaslanan mövqeyinin əhəmiyyətini bir daha təsdiqləyir. Sənədin digər mühüm siyasi istiqaməti Cənubi Qafqazda davamlı sülhün təmin olunmasıdır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində sonrakı addımların müsbət qiymətləndirilməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə dəstəklənməsi baxımından əhəmiyyətlidir. Böyük Britaniyanın sülh prosesinə dəstəyini təsdiqləməsi isə regional sabitliyin və əməkdaşlığın genişlənməsinə verilən önəmi göstərir. Azərbaycanın strateji yanaşması regionda sülhü yalnız siyasi razılaşma kimi deyil, həm də iqtisadi inkişafın, nəqliyyat bağlantılarının və qarşılıqlı faydalı əməkdaşlığın təməli kimi nəzərdən keçirməkdir. Bu baxımdan, Bəyannamədə Orta Dəhlizin inkişafına və regional bağlantıların gücləndirilməsinə xüsusi diqqət ayrılması təsadüfi deyil. Azərbaycan Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağı kimi mövqeyini möhkəmləndirir.
Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlıq isə ölkəmizin tranzit imkanlarının və beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə əlavə təkan verə bilər. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi də tərəfdaşlığın mühüm prioritetlərindəndir. Müasir təhlükəsizlik çağırışları dövlətlərdən daha çevik koordinasiya, institusional dayanıqlılıq və birgə fəaliyyət tələb edir. Bəyannamədə müdafiə potensialının artırılması, təlim və təcrübə mübadiləsi, müdafiə sənayesi, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma iki ölkənin təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətini daha praktik müstəviyə keçirir. İqtisadi əməkdaşlığın genişləndirilməsi isə yeni strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Azərbaycan və Böyük Britaniya arasında enerji sektorunda formalaşmış uğurlu əməkdaşlıq artıq daha geniş iqtisadi gündəliklə tamamlanır. Bərpaolunan enerji, infrastruktur, maliyyə, xidmətlər, logistika və investisiya sahələrində yeni imkanların yaradılması ikitərəfli münasibətlərin iqtisadi əsaslarını gücləndirəcək.
Xüsusilə, yaşıl enerji və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə strategiyası ilə uzlaşır. Ölkəmizin bərpaolunan enerji potensialı, enerji təhlükəsizliyinə verdiyi töhfə və Avropa bazarları ilə formalaşmış əlaqələri bu sahədə yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaradır. Böyük Britaniyanın maliyyə, texnologiya və investisiya imkanları ilə Azərbaycanın strateji coğrafi mövqeyi və iqtisadi potensialının uzlaşdırılması qarşılıqlı faydalı nəticələr vəd edir. Bəyannamədə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunun xüsusi vurğulanması da diqqətəlayiqdir. Bu mexanizm siyasi razılaşmaların konkret iqtisadi təşəbbüslərə çevrilməsi, investisiya layihələrinin irəlilədilməsi və biznes əlaqələrinin genişləndirilməsi üçün mühüm platformadır. Əsas hədəf əməkdaşlığın yalnız mövcud potensialla məhdudlaşmaması, yeni bazarlara, investisiya imkanlarına və biznes tərəfdaşlıqlarına yol açmasıdır. Strateji tərəfdaşlığın gələcəyə hesablanmış istiqamətlərindən biri də təhsil, elm və innovasiyadır. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti yalnız təbii resurslar və iqtisadi göstəricilərlə deyil, həm də insan kapitalı, texnoloji inkişaf və bilik potensialı ilə müəyyən olunur. Bu baxımdan, ali və peşə təhsili, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar, süni intellekt və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın inkişaf prioritetləri ilə birbaşa səsləşir. Böyük Britaniyanın təhsil və elmi tədqiqat sahəsindəki təcrübəsi universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında yeni əlaqələrin qurulması üçün geniş imkanlar yaradır. Akademik mübadilə, birgə tədqiqatlar və müasir texnologiyalar üzrə təcrübə transferi uzunmüddətli perspektivdə ölkəmizin insan kapitalının və innovasiya potensialının güclənməsinə xidmət edə bilər. Sənəddə insanlararası əlaqələrə, mədəni mübadiləyə və peşəkar şəbəkələrin inkişafına yer ayrılması da tərəfdaşlığın mühüm humanitar ölçüsünü ortaya qoyur. Çünki davamlı dövlətlərarası münasibətlərin əsasında yalnız siyasi qərarlar deyil, cəmiyyətlər arasında qarşılıqlı anlaşma və etimad da dayanır. Beləliklə, Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Birgə Bəyannamə münasibətlərin yeni siyasi, iqtisadi və institusional çərçivəsini müəyyənləşdirir. Sənəd Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi, regional sülh gündəliyinin dəstəklənməsi, iqtisadi potensialının genişləndirilməsi və qlobal əməkdaşlıq sistemində mövqelərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik və çoxşaxəli xarici siyasət Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını genişləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsi də bu siyasətin mühüm nəticələrindən biridir. İndi əsas vəzifə Bəyannamədə müəyyənləşdirilmiş siyasi iradəni konkret layihələrə, real iqtisadi nəticələrə və davamlı institusional əməkdaşlığa çevirməkdir. Bu, həm ikitərəfli münasibətlərin gələcəyini, həm də Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin edəcək.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı
Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ: əməkdaşlığın genişlənən üfüqləri
Dublin sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir