14 noyabr 2026 16:13
149

COP31 iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

İqlim böhranı sadəcə gələcəyimiz üçün təhlükə mənbəyi deyil, həm də günümüzün reallığıdır. Böhranın təsiri milyonlarla uşağın sağlamlığında, təhsilində, təhlükəsizliyində və inkişafında hiss olunur. Bu səbəbdən iqlim siyasəti uşaqların hüquqlarını qorumalı, onların ehtiyaclarını ödəməli, onlara qərar qəbuletmədə mənalı rol verməlidir.

“İki sahil” xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (YUNİSEF) və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə təşəbbüsü ilə Antalyada keçirilən “Gələcək nəslin hüquqları: COP31-də uşaqların iqlim liderləri kimi səlahiyyətləndirilməsi” mövzulu tədbirdə səsləndirib.

Komitə sədri iki il əvvəl Azərbaycanın ev sahibliyi etdiyi COP29 zamanı qlobal iqlim gündəliyində uşaqlara, gənclərə və təhsilə xüsusi diqqət yetirildiyini xatırladıb.

“COP29 sədrliyi çərçivəsində uşaqların iqlim fəaliyyətində iştirakını təşviq etmək üçün mühüm platformalar yaradılıb. Bakıda səslənən təşəbbüslər bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına kömək edib. COP31-dəki müzakirələr isə bu irəliləyişi daha da inkişaf etdirmək, öhdəliklərə və fəaliyyətə çevirmək üçün bir fürsətdir”, - deyə B.Muradova qeyd edib.

Komitə sədri Azərbaycanın uşaqlarla bağlı dövlət siyasətinin BMT-nin Uşaq Hüquqları Konvensiyasının prinsiplərinə əsaslandığını vurğulayıb.

Onun sözlərinə görə, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi Azərbaycanın ətraf mühit səylərində xüsusilə mühüm rol oynayır.

“Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın rəhbərlik etdiyi təşəbbüslər biomüxtəlifliyin, nadir bitki növlərinin qorunmasını, meşələrin bərpası və gənclər arasında ekoloji maarifləndirməni dəstəkləyir. IDEA həmçinin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, müxtəlif ölkələrdən olan gəncləri ətraf mühit məsələləri ətrafında bir araya gətirir”, - deyə B. Muradova məlumat verib.

Bu kimi təşəbbüslərin Azərbaycanın beynəlxalq səviyyədə ekoloji profilini yüksəltməyə və sərhədlərarası əməkdaşlığı gücləndirməyə kömək etdiyini qeyd edən Komitə sədri daha sonra deyib: “Ətraf mühit təhsili erkən yaşlardan başlamalıdır. Təbiətə hörmət və resurslardan məsuliyyətlə istifadə gündəlik həyatın bir hissəsinə çevrilməlidir. Vəzifəmiz gözləntiləri konkret siyasətə və nəticələrə çevirməkdir. İqlim maliyyəsi uşaqları qoruyan layihələrə daha çox diqqət yetirməlidir. Bizim vəzifəmiz uşaqları dinləmək, onlar üçün real imkanlar yaratmaq və təşəbbüslərini dəstəkləməkdir”.