18 noyabr 2026 18:39
156

Avropanın Azərbaycan qazına ehtiyacı artır

Ötən il Aİ-nin üzv ölkələrinə ümumilikdə 12,5 milyard kubmetr təbii qaz çatdırılıb ki, bu da 2021-ci ildəkindən 53,8 faiz çoxdur

Bu gün Azərbaycanın Avropa ölkələri ilə iqtisadi münasibətlərində enerji sektoru önəmli yer tutur. Respublikamız uzun illərdir Avropa bazarlarına xam neft tədarük edən əsas tərəfdaşlardandır. Eyni zamanda, təbii qaz ixracının genişlənməsi Azərbaycanın «qoca qitə»nin enerji təhlükəsizliyindəki rolunu daha da genişləndirib. Belə ki, 2026-cı iin yanvar-sentyabr aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 1,04 faiz artaraq 15,122 milyard dolları üstələyib. Avropa Komissiyasının açıqladığı göstəricilərə, əsasən Azərbaycandan Avropa İttifaqı ölkələrinə qaz tədarükü 2021–2024-cü illər ərzində 40 faizdən çox yüksəlib. 2025-ci ildə isə ölkəmizdən Aİ-nin üzv ölkələrinə ümumilikdə 12,5 milyard kubmetr təbii qaz çatdırılıb. Bu göstərici 2021-ci ilin səviyyəsindən 53,8 faiz çoxdur. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu da qarşılıqlı əməkdaşlığın uzunmüddətli perspektivini müəyyənləşdirən mühüm sənəddir.

Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin IX sammitində ştirak edən Prezident İlham Əliyevlə bir neçə Avropa ölkələrinin rəhbərləri görüşərək Azərbaycan qazının ixracınin artırıması barədə fikir mübadiləsi aparmışlar. Xüsusilə “Avropa Siyasi Birliyi”nin sammitindən bir qədər əvvəl Moldova Prezidenti Maya Sandunun açıqlaması da bu məsələnin konkret nümunəsidir. Xanım Prezident ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, enerji təminatı ölkəsi üçün hələ də ciddi problem olaraq qalır və son illərdə təchizat mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bolqarıstanın Baş naziri Rumen Radev də Azərbaycanın qaz tədarükünün artırılmasında maraqlı olduqlarını vurğulayıb. Onun sözlərinə görə, Bolqarıstanın müəyyən enerji ehtiyacları var və Azərbaycan daha çox qaz tədarük edə biləcəyi təqdirdə Sofiya bundan məmnun olardı. Radev iki ölkə arasında əməkdaşlığın qaz sahəsi ilə məhdudlaşmadığını, yaşıl enerji dəhlizinin yaradılması istiqamətində də iş aparıldığını qeyd edib.

Məlumdur ki, ölkəmizin Avropa üçün iqtisadi əhəmiyyəti təkcə enerji ixracı ilə məhdudlaşmır. Ölkəmizin geostrateji mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq yükdaşımalar sistemində artan iştirakı onu Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu mənada Orta Dəhlizin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiya ölkələrindən Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut beynəlxalq ticarət üçün alternativ nəqliyyat imkanları yaradır. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, ənənəvi marşrutların üzləşdiyi çətinliklər və daşımaların daha çevik təşkili zərurəti Orta Dəhlizə marağı genişləndirir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan bu marşrutun əsas həlqələrindən biri kimi dəmir yolları, avtomobil magistralları, dəniz limanı və logistika mərkəzləri vasitəsilə yük axınlarının idarə olunmasında geniş iştirak edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin yenilənmiş dəmir yolu infrastrukturu Şərq-Qərb istiqamətində daşımaların səmərəliliyini artıran əsas obyektlərdəndir. Bu ilin ilk 9 ayında ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmi 12 milyon tonu ötüb. Eyni zamanda, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 20 faiz artaraq 4,1 milyon tona çatıb. Digər göstəricilər də diqqətəlayiqdir. 2026-cı ilin yanvar-sentyabr aylarında Bakı limanında konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 100 min TEU-ya çatıb. Quru yük dövriyyəsində isə 71 faizlik artım qeydə alınıb və göstərici 1,73 milyon tonu keçib. Bu göstəricilərə rəömən demək olar ki, Azərbaycanın tranzit potensialı artıq regional miqyasdan çıxaraq daha geniş beynəlxalq iqtisadi əlaqələrin mühüm mərkəzinə çevrilir.

Bütün bunlardan başqa, Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də yaşıl enerji sahəsidir. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı və elektrik enerjisinin beynəlxalq bazarlara ötürülməsi ilə bağlı layihələr gələcək iqtisadi münasibətlərin yeni mərhələsini formalaşdırır. Yaxın gələcəkdə ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin də Avropa bazarına çatdırılmasında iştirak edə bilər. Xüsusilə Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması və ölkəmizin günəş-külək elektrik stansiyalarının imkanlarının genişləndirilməsi bu istiqamətdə yeni perspektivlər yaradır.

Elçin Zaman, «İki sahil»