“Forum bank və maliyyə sektorunun nümayəndələrini, beynəlxalq ekspertləri, tənzimləyici qurumları və texnologiya şirkətlərini bir araya gətirərək bankçılığın gələcəyinə dair aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.”
“İki sahil” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı Bakıda keçirilən "X Beynəlxalq Bankçılıq Forumu”nda bildirib.
Vüsal Qasımlı vurğulayıb ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Xüsusilə, süni intellekt (AI) və böyük verilənlərin (Big Data) tətbiqi risklərin idarə olunmasında yeni imkanlar açır. Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq şəkildə qiymətləndirə, real-vaxt analitik qərar mexanizmləri ilə operativ və çevik reaksiya imkanları əldə edə bilərlər.
İİTKM-in icraçı direktoru qeyd edib ki, bununla yanaşı, bank əməliyyatlarının kibertəhlükəsizlik tələblərinə uyğunlaşdırılması və rəqəmsal ödəniş risklərinin səmərəli idarə olunması mühüm əhəmiyyət daşıyır. Elektron bankçılıq və nağdsız ödənişlərin genişləndirilməsi təhlükəsizlik mexanizmlərinin gücləndirilməsini və maliyyə əməliyyatlarının etibarlılığının təmin edilməsini tələb edir. Ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 25,6% artaraq 99,1 mlrd. manat təşkil etmiş, elektron ticarət əməliyyatlarının sayı və həcmi müvafiq olaraq 43,4% və 29,8% yüksəlmişdir. İnternet və mobil bankçılıq üzrə müştəri köçürmələrində də müvafiq olaraq 12,4% və 14,3% artım qeydə alınmışdır.
Vüsal Qasımlının sözlərinə görə, bank sektorunda maliyyə dayanıqlığının möhkəmləndirilməsi və kredit aktivliyinin genişləndirilməsi istiqamətində müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bank sektorunun məcmu kapitalı 3,3% və ya 224 mln. manat artaraq 7,1 mlrd. manata çatmışdır. Bu göstərici bank sektorunun maliyyə dayanıqlığının gücləndiyini və iqtisadiyyatda maliyyə vasitəçiliyi imkanlarının genişləndiyini nümayiş etdirir. Bank sektorunun aktivlərinin strukturunda xalis kredit portfelinin xüsusi çəkisi 49,1%, likvid aktivlərin payı 25,3%, digər aktivlərin payı isə 25,6% təşkil etmişdir. Aktivlərin strukturunda kredit portfelinin əhəmiyyətli paya malik olması bankların real sektorun maliyyələşdirilməsində mühüm rol oynadığını göstərir. Eyni zamanda, likvid aktivlərin mövcudluğu bankların öhdəliklərini vaxtında yerinə yetirmək və maliyyə sabitliyini qorumaq imkanlarını dəstəkləyir. Bank sektorunun kredit portfeli 11,8% artaraq 31,8 mlrd. manata çatmışdır. Kreditləşmənin bu dinamikası iqtisadi subyektlərin maliyyə resurslarına çıxışının genişlənməsinə və bank sektorunun iqtisadi aktivliyin dəstəklənməsində rolunun artmasına şərait yaradır. Belə ki, kredit portfelinin illik artım tempi nominal qeyri-neft ÜDM-in 6,1%-lik artım tempini üstələməkdə davam edir.
Azərbaycan 2027–2030-cu illərdə rəqəmsal maliyyə mərkəzinə çevrilməyi hədəfləyir