28 noyabr 2026 15:42
142

Pakistanın ilk orbital astronavtının kosmos səfəri 5 gün çəkəcək

Çinin “Tienqon” kosmik stansiyasında təhvil-təslim işlərini başa çatdıran “Şencou-23” (“Shenzhou-23”) missiyasının astronavtları Can Ciyuan və Li Ciayin, həmçinin “Şencou-24” kosmik missiyasında iştirak edən Pakistanın ilk orbital astronavtı Məhəmməd Zişan Əli Yerə qayıtmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, astronavtların Yerə qayıdışı Pekin vaxtı ilə noyabrın 30-da səhər saatlarına nəzərdə tutulub. “Şencou-23” missiyasının digər üzvü Cu Yancu isə noyabrın 25-də start verilən “Şencou-24” missiyasının digər üzvləri Tan Honbo və U İ ilə birlikdə stansiyada fəaliyyətini daha 6 ay müddətinə davam etdirəcək. Bununla da o, kosmik stansiyada fasiləsiz bir il keçirən ilk Çin astronavtı olacaq.

Qeyd edək ki, “Şencou-24” missiyasında iştirak edən Məhəmməd Zişan Əli Çinin kosmik stansiyasında fəaliyyət göstərən ilk əcnəbi astronavt olub. Hərbi pilot olan Məhəmməd Zişan Əli həm də kosmik gəmi ilə Yer orbitinə çıxan və kosmik stansiyaya çatan ilk Pakistan vətəndaşıdır. Pakistanın digər vətəndaşı Namira Salim 2023-cü ilin oktyabrında ABŞ-nin “Virgin Galactic” şirkətinin “Galactic 04” missiyası ilə turist kimi kosmosa uçub. Onun olduğu kosmik gəmi 87,4 kilometr yüksəkliyə qalxaraq, suborbital uçuş yerinə yetirib.