28 noyabr 2026 17:47
173

Türkiyədə şok əməliyyat: Bir evdən yüzlərlə saxta sənəd aşkarlandı

İstanbulun (Türkiyə) Fatih rayonunda polisin yaşayış evinə keçirilən əməliyyat zamanı saxta sənədlər və narkotik tərkibli həblər aşkarlanıb.

“İki sahil”in “TRT Haber”ə istinadla verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin əməkdaşları Hırka-i Şərif məhəlləsində yerləşən ünvanlardan birində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olunduğuna dair məlumat əsasında araşdırmalara başlayıblar.

Sözügedən ünvana keçirilən əməliyyat nəticəsində xarici ölkə vətəndaşı olan bir nəfər şübhəli şəxs saxlanılıb.

Yaşayış evində aparılan axtarış zamanı 83 ədəd narkotik tərkibli həb, 1 ədəd elektron tərəzi, eləcə də saxta olduğu müəyyən edilən 196 pasport və 30 şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.

Şübhəli şəxsin polis idarəsindəki prosessual prosedurlar başa çatdıqdan sonra Geri Qaytarılma Mərkəzinə təhvil veriləcəyi bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”