20 oktyabr 2017 17:25
617

İsa Həbibbəyli: Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli seirin yaradıcısıdır

Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, böyük Azərbaycan şairi, ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan tədbirdə ədəbi və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının şairin yaradıcılığının təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, böyük şairin 300 illik yubileyinin YUNESKO və TÜRKSOY miqyasında beynəlxalq səviyyədə qeyd olunması təkcə M.P.Vaqifə deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına verilən dəyərin parlaq nümunəsidir.

Görkəmli söz ustadı M.P.Vaqifin həyat və yaradıcılığı, şəxsiyyəti və ictimai fəaliyyəti barədə danışan İ.Həbibbəyli onun türk dünyasının böyük şairi olduğunu, ədəbi məktəb yaratdığını vurğulayıb. Qeyd edilib ki, söz sənətimizin inkişafında misilsiz xidmətləri olan Vaqif Azərbaycan yazılı ədəbiyyatında heca vəznli seirin yaradıcısıdır. AMEA-nın vitse-prezidenti 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladıb. Bildirilib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi dağıdılıb.

Tədbirdə M.P.Vaqifin həyat və yaradıcılığına həsr edilən sənədli film nümayiş olunub, mövzuya dair məruzələr dinlənilib.