AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığıyla Azərbaycanın Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” adlı yenidən nəşr olunan kitabının təqdimatı keçirilib.
MEK-dən “İki sahil”ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik F.Qasımzadənin ədəbi-tənqid sahəsində fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. Onun yaradıcılığı barədə geniş məlumat verən İ.Həbibbəyli qeyd edib: “Akademik Feyzulla Qasımzadə şəxsiyyət bütövlüyünə, zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik bir alim-pedaqoq olmuşdur. Akademik Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi 50 il ərzində 20 dəfə nəşr olunub. Lakin indi də bu dərsliyə böyük ehtiyac var və öz mötəbərliyini qoruyub saxlayır. Yazıçılara yanaşma prinsiplərinin zaman kəsiyində dəyişməz qalması əsərin bu gün də müasir olmasını təmin edən mühüm cəhətidir. Dərslik həm dərslik, həm də elmi əsər kimi çox funksiyaları özündə cəm edir”.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova təqdimatı MEK üçün tarixi hadisə adlandırıb. “Bu günkü fotolar və video görüntülər sizləri Mirzə Feyzullanın tələbələri, davamçıları və ailə üzvləri ilə görüşdürəcək” – deyən L.İmanova videomateriallarda AzTV-nin “Zamanın sorağında” verilişinin kadrlarından və akademikin qızı Nigar Qasımzadənin şəxsi arxivindən istifadə edildiyini söyləyib. Bu kadrların “120 illik yubileyi ərəfəsində XIX əsrdən XXI əsrə körpü salan dahi bir insanın dəyişməz mövqeyini nümayiş etdirdiyini” vurğulayan L.İmanova elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan elmini, ədəbiyyatını dünya səviyyəsinə çıxaran alimlərin, mütəfəkkirlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının qorunub saxlanılmasının, akademik oxucu icmasının diqqətinə təqdim edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, vəsait MEK oxucularının böyük hissəsini təşkil edən tələbə auditoriyası, müəllim heyəti üçün xüsusi önəm kəsb edir. Ona görə də, kitab müəllif hüququ sahibi Nigar Feyzulla qızı tərəfindən elektron versiyada MEK-ə təqdim olunub və müəllif hüququ müqaviləsi imzalanıb. Kitabın MEK-in Milli Rəqəmsal Yaddaş bazasına və son günlərdə MEK-də təqdimatı keçirilmiş “Təhsil-tədris kolleksiyası”na daxil ediləcəyini bildirən MEK direktoru nitqinin sonunda böyük nəsil ədəbiyyatşünaslar yetişdirmiş akademik F.Qasımzadənin milli yaddaşımızı zənginləşdirən dərsliyini yenidən nəşrə hazırlayan, onu tarixdən keçirən bələdçilər adlandırdığı- professor Yeganə İsmayılova və redaktoru, professor Tofiq Hüseynova öz təşəkkürlərini bildirib.
Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş filologiya üzrə elmlər doktoru, kitabın yenidən nəşrə hazırlayanı, professor Yeganə İsmayılova kitabın hansı zərurətdən meydana çıxması haqda məlumat verib və hər zaman bu cür fundamental və unikal dərsliklərə böyük ehtiyac olduğunu vurğulayıb.
Akademik, millət vəkili Nizami Cəfərov bildirib ki, “XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin yaranması, təşəkkülü, inkişafı prosesinin elmi-filoloji təsviri akademik F.Qasımzadənin adı ilə bağlıdır. F.Qasımzadə uzun müddətli gərgin yaradıcı əməyi sayəsində XIX əsr Azərbaycan ədəbiyyatının inkişaf prosesinin elmi-filoloji mənzərəsinə aydınlıq gətirib”.
BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin və AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi mərhum akademik Bəkir Nəbiyevin, Azərbaycanın dilçi, türkoloq alimi, mərhum akademik Ağamusa Axundovun F.Qasımzadə haqqında səsləndirdiyi fikirlər video-çarx vasitəsilə təqdim olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri, kitabın rəyçilərindən olan professor Himalay Qasımov bildirib ki, “Xalqımızın böyük alimi, akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğ olunmasında müstəsna xidmətlər göstərib. Onun böyük zəhmətinin və gərgin elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından çox dəyərli və əvəzolunmaz bir elmi mənbədir”.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas alim professor Asif Rüstəmli, kitabın elmi redaktoru, professor Tofiq Hüseynov alimin həyat və yaradıcılığına dair fikirlərini bölüşüblər, yeni nəşr olunmuş kitabın elmi əhəmiyyətindən söz açıblar. Onlar akademiki xalqımızın Bəkir Çobanzadə, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Mirzə İbrahimov, Mirəli Seyidov kimi görkəmli ziyalıları ilə bir sırada dayanan vətəndaş-alimi adlandırıblar.
Akademikin qızı, ADPU-nun dosenti, kitabın məsləhətçisi Nigar Qasımzadə ailə üzvləri adından atasının xatirəsinə göstərilən yüksək hörmətə görə MEK rəhbərliyinə təşəkkür edərək, kitabın yenidən nəşr edilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib. Sonda alimin mərhum oğlu akademik Fuad Qasımzadənin atası haqqında səsləndirdiyi xatirələrin video-lenti nümayiş olunub.
Yekun fikir olaraq tədbir iştirakçıları 2018-ci ildə akademik F.Qasımzadənin 120 illik yubileyinin dövlət miqyasında qeyd olunması təklifini və “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin böyük tirajla çap olunması zərurətini səsləndiriblər.
Qeyd edək ki, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, Əməkdar müəllim, akademik Feyzulla Qasımzadə 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olub. O, 1912-1916-cı illərdə Bakı Rus-tatar ali ibtidai məktəbini bitirib "Kazyonnaya palata" müəssisəsində əmək fəaliyyətinə başlamış, 1920-ci ildə Qala-Maştağa rayon Xalq Maarif idarəsində təhsil-tərbiyə şöbəsinin müdiri olmuş, 1922-1929-cu illərdə Bakı şəhər məktəbində və N.Nərimanov adına Texnikumda dil və ədəbiyyat müəllimi işləmişdir. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş F.Qasımzadə şərqşünas alim P.Juzenin rəhbərliyi ilə "Quranın estetikası" diplom işini rus dilində yazıb uğurla müdafiə etmişdir. Uzun müddət Bakı Dövlət Universitetində tarix kafedrasına, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi kafedralarına rəhbərlik etmişdir. Dosent, kafedra müdiri işlədiyi müddətdə XIX əsr Azərbaycan ədəbiyyatından mühazirələri ilə təcrübəli və bilikli müəllim kimi hörmət qazanmış, mütəfəkkir yazıçı Mirzə Fətəli Axundzadə barədə axtarışlarını davam etdirmişdir. "Mirzə Fətəli Axundzadə. Həyatı və yaradıcılığı", "Mirzə Fətəli Axundzadənin poeziyası", "XIX əsr Azərbaycan ədəbiyyatı xrestomatiyası" , "M.F.Axundzadənin həyatı və yaradıcılığı", "XIX əsr Azərbaycan ədəbiyyatından dərs vəsaiti", "Ədəbiyyatdan terminlər lüğəti" kitablarını, eləcə də Mirzə Fətəli Axundzadə və Nəcəf bəy Vəzirovun bədii əsərlərini Azərbaycan Dövlət Nəşriyyatında kütləvi tirajla nəşr etdirən Feyzulla Qasımzadə 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, dörd ildən sonra isə həqiqi üzvü seçilmişdir. Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatında realist demokratik cərəyanlar", "Abbasqulu ağa Bakıxanov Qüdsi", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi", "M.F.Axundovun həyatı və yaradıcılığı”, "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri", "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" irihəcmli monumental əsərləri kütləvi tirajla nəşr edilmişdir. Elmi kadrların hazırlanmasında misilsiz xidmətləri olmuş F.Qasımzadə 35 elmlər doktoruna məsləhətçi, 125 elmlər namizədinə rəhbər olmuş, 100-dən çox müdafiədə opponentlik etmişdir. O, bütövlükdə 600-dək çap edilmiş elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir. Feyzulla Qasımzadə uzun sürən xəstəlikdən sonra 1976-cı il mart ayının 29-da, 69 yaşında Bakı şəhərində əbədiyyətə qovuşmuş, öz vəsiyyətinə görə Mərdəkan qəsəbəsinin qəbiristanlığında dəfn olunmuşdur.