Oktyabrın 27-də Sankt-Peterburqda “Buta Airways” aviaşirkətinin turizm agentlikləri üçün təqdimatı keçirilib.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, təqdimatda Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, “Vozduşnıye Vorota Severnoy Stolitsı” (Воздушные Ворота Северной Столицы) MMC-nin kommersiya direktoru Yevgeni İlyin, “Silk Way Travel” turizm agentliyinin nümayəndələri, Rusiyanın kütləvi informasiya vasitələri və yüzdən çox turizm agentliklərinin nümayəndələri iştirak ediblər.
“Super Avia” şirkətinin turizm üzrə direktoru Olqa Voykina Azərbaycanın turizm imkanları haqqında danışıb. O vurğulayıb ki, Azərbaycanda həm qış və yay istirahəti, həm də ekskursiya və müalicə-sağlamlıq turizmi üçün şərait yaradılıb.
Təqdimatın sonunda hədiyyə uduşları oynanılıb.
Qeyd edək ki, Bakı-Sankt-Peterburq istiqamətində uçuşlar oktyabrın 30-dan etibarən yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi bu istiqamət üzrə də minimal qiymət 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar çərşənbə axşamı və bazar günündən başqa hər gün yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 08:00-da, Sankt-Peterburqdan isə yerli vaxtla saat 12:10-da həyata keçiriləcək.
“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kiloqramadək çəkisi olan əl yükü (ölçüləri 55x35x20 santimetr olduqda), çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri agentliklərin bütün satış ofislərində əldə etmək olar.
Loukoster aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür (facebook.com/ButaAirways, instagram.com/ButaAirways, twitter.com/ButaAirways, t.me/Buta_Airways).
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulub. Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanıb.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.