25 yanvar 2021 18:19
2871

Ad günün mübarək, nurüzlü şəhidim!

Lənkəranlı şəhid Orxan Dadaşlının əziz xatirəsinə

Vətən sənə oğul dedi... Sənin də taleyinə torpaq uğrunda savaşa atılmaq, döyüşmək və Qarabağın tacı Şuşamızı işğaldan azad edən  gün şəhid olmaq yazılıbmış, Orxan Dadaşlı! Bu gün sənin 24 yaşın tamam olur. Bilirəm, sənə xitabən yazdığım bu məktubum cavabsız qalacaq. Amma baban Şöyüb kişinin dəfələrlə qonağı olan bir qələm adamı kimi bu sətirləri sənin ruhuna ünvanlamağı özümə mənəvi borc bildim.  Elə yazımın əvvəlində sənin ölməz ruhun qarşısında baş əyirəm, təbəssümü, baxışı, duruşu gözəl, nurüzlü şəhidim...

Baban çox yaxşı, mehriban, xoşxasiyyət insan idi. Sizin Darquba kəndində hamı ona Şöyüb dayı deyə müraciət edərdi. Yaxşı ovçu idi. Dəfələrlə bizim Muğan tərəflərə ova gəlmişdi. 7 oğul 3 qız atası, pəhləvan cüssəli Şöyüb dayının sözünün üstünə söz deməyə heç kim cürət etmirdi. Bizim ailəni onunla həm də qohumluq telləri bağlayırdı. Evinə qonaq-qara gələndə sevinci yerə-göyə sığmazdı. Həmişə mənim ona, nənən Fatma xanıma böyük hörmətim olub. Orxan, sən elə qəlbigeniş, qonaqpərvər insanların nəvəsi idin. Uşaq çağlarında əmilərin Fərhad və Fikrətlə yoldaşlıq eləmişik, o biri əmilərin Fəttahı, Elşadı, Eldənizi, Maili və atan Elxanı da yaxşı xatırlayıram...

 2001-ci ilin noyabrın 8-də baban dünyasını dəyişəndə sənin hələ 5 yaşın tamam olmamışdı. Öz uşaq dünyanı yaşayırdın,  bəzən oyuncaq avtomatını əlinə götürüb məhəllənizdəki həmyaşıdlarınla “dava – dava” oynayırdın...  Demə, 19 ildən sonra sən əlinə gerçək avtomat silah alıb erməni faşistləri ilə vuruşacaqdın. Və elə Şöyüb dayının haqqın dərgahına qovuşduğu gün - 8 noyabrda Şuşanın işğaldan azad olunduğu  tarixi gün...

...Bilmirəm,  bəlkə zəfər müjdəli o gün bir anlıq xəyalən sən 40 gün əvvələ döndün. Onda  Bakıda –Pirallahıda yaşayan Mayisə bibingildə idin. Atan Elxan Lənkərandan zəng edib Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Şəhər Şöbəsindən sənə çağırış vərəqəsinin gəldiyini bildirdi. Səni Vətən çağırırdı, vaxt itirmədən Lənkərana, ordan da döyüşlərin ən qaynar nöqtələrinə yollandın... Ağlın kəsəndən, dilin söz tutandan evdə, məktəbdə, televiziya verilişlərindən,  hərbçi əmin Fəttahdan erməni vəhşilikləri barədə çox eşitmişdin.

6 il qabaq dağlar diyarı Gədəbəydə hərbi xidmət edərkən silahla davranmağı da  çox gözəl  mənimsəmişdin. Qısa təlim keçəndən sonra döyüşlərdə sərrast atəşlə  düşmənin canlı qüvvəsini  bir-bir məhv edirdin. Əsgər yoldaşların sənə“məşədi” deyə xitab edirdilər. Məşhəd ziyarətində olmuşdun,  qəlbində  Allaha  və  peyğəmbərin əhli –beytinə  hədsiz sevgi vardı. Hər dəfə düşmən üzərinə hücumdan öncə əsgər yoldaşlarına, ordumuza  xeyir- dualar eləyərdin: “Allahın nəzəri üstünüzdən əskik olmasın”, “Allah ordumuzu daim müzəffər etsin.” Cəlal və  böyük kəramət sahibi olan Rəbbimizə elədiyin dualarınla silah yoldaşlarını  düşməndən şəhidlərimizin intiqamını almağa ruhlandırırdın.

Ön cəbhədə vuruşduğun ilk gündən xalqımızın tezliklə Qələbə sevincini yaşayacağına inandığından qəlbində nikbinlik qərar tutmuşdu. Döyüş yolun Füzulidən başlayıb Cəbrayıldan, Zəngilandan, Ağoğlandan keçmişdi. Azad olunan Vətən torpaqlarının dağı-daşı sanki sənin özün kimi gülümsünürdü. Oktyabrın 20-də Qubadlı uğrunda gedən ağır döyüşlərdə düşmən mərmisi  Masallıdan olan əsgər yoldaşınla sənin yaxınlığına düşdü. Partlayışın güclü dalğası hər ikinizi yaxınlıqdakı kolluğa atdı. Qəlpə əsgər yoldaşının üzünü dağıtmışdı, gözləri heç yeri görmürdü, sən  onu çiyninə alıb,  geri döndün, amma bir az əvvəl keçdiyiniz körpünü ermənilər partlatmışdı. Özünü çaya vurdun, əsgər yoldaşını  böyük çətinliklə döyüş meydanından çıxardın. Amma qəfildən sənin də halın pisləşdi, huşunu itirdin. Bir də Hacıqabulda - hospitalda ayıldın, yaralanmağın səni ruhdan salmadı. Atan, qardaşın Elburus ziyarətinə gəldi. 9 günlük  müalicədən sonra  silahdaşlarının yanına tələsdin, yenə döyüşlərə qatıldın: “Ağrı-acıma əsl məlhəm Şuşanın işğaldan azadlığı olacaq!” - dedin. Uzaqdan Şuşanın dağlarına baxanda müzəffər ordumuzun bütün əsgər və zabitləri kimi sənin də ürəyin dağa dönürdü. Bir anlığa Şuşanın təbiəti ilə doğma Lənkəran arasında oxşarlığın olduğunu düşündün... Yamyaşıl meşələr, baş-başa vermiş dağlar... Uşaq vaxtı kəndinizin qədim məscidi yanında gördüyün əzəmətli, uca nil ağaclarını xatırladın. Böyüklərdən eşitmişdin ki, o ağacların 800 ildən çox yaşı var.

İndi qarşıda Şuşanın məşhur Yuхarı Gövhərağa məscidinin  hündür  minarələri  görünürdü. Vətən Müharibəsinin başladığı gündən çox qan-qada görmüşdün, niyyət tutmuşdun ki, müharibədən sağ-salamat qayıtsan Məkkə ziyarətinə gedəcəksən...

Qubadlıdakı videogörüntülərdə geniş və barlı –bəhərli nar bağından Lənkərana salam yollamışdın. Növbə Şuşaya çatmışdı. Şuşa qalasından  qədim Lənkəran qalasına salam yollayacaqdın. Azərbaycan tarixinə Zəfər günü kimi yazılan o 8 noyabr günü ağır döyüşlər zamanı kimsə səni köməyə çağırdı.  Yaxınlaşdığın yaralı əsgəri görəndə əvvəlcə onu Lənkəran şəhərindəki 8 saylı tam orta məktəbin məzunlarından kiməsə  bənzətdin.  Axı sən də həmin məktəbin məzunu idin. Amma sən  o yaralı əsgərin kim, haralı olduğunu, səni hardan tanıdığını öyrənə bilmədin. O, tarixin qəhrəmanlıq səhifələrini öz qanları ilə yazan şəhidlərin cərgəsinə  qoşulmuşdu. Sən onun nəşini döyüş meydanından çıxarıb geri döndün... Amma bilmirdin ki, bir saatdan sonra özün də Şuşadan qaçan mənfur düşmənin gülləsinə tuş gələcəksən...

Baş nahiyəndən ağır qəlpə yarası almışdın. Gözlərin Şuşa səmasının ənginliklərinə dikilmişdi. Qələbə ətrini duyduğun o payız günü on yaşına yenicə qədəm qoymuş bir oğlan gəlib durdu başının üstündə. Bu sən idin, onda Lənkərana bahar gəlmişdi, amma sizin evdə yas mərasimi keçirildi. Anan Fəridə xanım haqqın dərgahına qovuşmuşdu... Sən son  dəfə “ana” pıçıldayıb nurlu təbəssümünlə gülümsədin. Ananın ruhu  qollarını açıb “Can bala” deyərək səni ağuşuna aldı... O gün sən də müqəddəs şəhadətinlə əbədiyyətə qovuşdun.

...İndi Azərbaycanın ərazi bütövlüyü uğrunda son nəfəsinə qədər eyni cəbhədə çiyin-çiyinə vuruşduğun və 8 noyabr günü şəhid olan Orxan adlı hərbçi ilə məzarınız qoşadır. Ən qəribəsi də odur ki, onun da atasının adı Elxandır. Tabutlarınızın büküldüyü üçrəngli Azərbaycan bayrağı hər ikinizin doğulduğu evin ən əziz guşəsində saxlanılır. Vaxtilə əlindən tutub məktəbə apardığın Mədinə bacın səndən yadigar qalan əşyaların arasında onun üçün çəkdiyin rəngli rəsmləri göz bəbəyi kimi qoruyur...

Vətən müharibəsində göstərdiyin şücaətə görə ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmusan. Haqqında qısametrajlı film çəkilib. Vətən torpağını vətənləşdirən,  zəfər yolunun dönməz yolçusu  olan sənin  kimi oğullar ölmürlər. Ölümsüzlük millәtin ürәyindә sevgi çәlәngi qoyub, axirət evinə getmәkdir.

 ...Hər dəfə Lənkərana yolumuz düşəndə məzarını ziyarət edəcəyik, Orxan!  Sevimli Şöyüb dayının əziz- girami, nurüzlü nəvəsi, illər ötəcək, sən həmişə ömrünün gənclik çağında qalacaqsan! Lənkəran Dövlət Universitetinin yaxınlığında, el arasında “dörd yolayrıcı” deyilən məkanda əbədi uyumağın - Haqqa qovuşmağın və mənəvi kamillik yolunun dörd mərhələsini yada salır: şəriət, təriqət, mərifət və həqiqət... Böyük Nəsimi də bu dörd məqamı belə izhar edirdi:

“Can ilə tən oldu həqiqət,
Birləşdi şəriətü -təriqət.”

Orxan, sən də xalqın kimliyini, mənliyini Vətən sevgisi ilə ucalığa aparan həqiqət mərhələsinin məqamındasan!  Başdaşından boylandığın 4 yoldan biri vüqar və qəhrəmanlıq rəmzi olan dağlara, biri mavi gözlü Xəzərə,  biri paytaxt Bakıya, o biri isə İslam dünyasının müqəddəs ziyarətgahlarına - Kərbəlaya, Məkkəyə, Mədinəyə aparır. Sufilərə görə, insan həyatıboyu itirilmiş bir cənnətin həsrəti ilə yaşayır və ruhu daim ilkinliyə qovuşmağa can atır. Bəşər oğlunun öz varlığında isə ilahi bir başlanğıc var. Sənin də o ilahi başlanğıca gedən yolun və ad günün mübarək,  behiştin zəvvarı - cənnətməkan şəhidim Orxan Dadaşlı!

Müqəddəs ruhuna böyük ehtiramla

Nurəddin Muğanlı, “İki sahil”
25 yanvar 2021 –ci il.