21 may 2025 00:56
102

Cəmiyyətin sosial bəlası - Korrupsiya

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir

Korrupsiya hər bir sahədə inkişafa mane olan əsas faktorlardan biri kimi cəmiyyətin mütərəqqi inkişafına mənfi təsir göstərir, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaradır, insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarır. Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurur. Korrupsiya halları dürüstlük, ədalət dəyərlərinə ziddir və zamanla sosial inamı azaldır, cəmiyyətin rifahını təhdid edir, sosial-iqtisadi inkişafa mane olan cinayət əməli kimi qiymətləndirilir. Dünyanın demək olar ki, əksər ölkələrində korrupsiya halları mövcuddur. Ona görə də beynəlxalq səviyyədə korrupsiya ilə mübarizənin gücləndirilməsi məsələlərinə BMT, Avropa Şurası kimi təşkilatlar da xüsusi diqqət yetirir. 1996-cı ildə Avropa Şurası tərəfindən korrupsiya ilə mübarizə üzrə fəaliyyət proqramı qəbul edilib. Beynəlxalq səviyyədə qəbul edilmiş sənədlər sırasında 27 yanvar 1999-cu il tarixli Korrupsiyaya görə cinayət məsuliyyəti haqqında Konvensiya və 4 noyabr 1999-cu il tarixli Korrupsiyaya qarşı mülki-hüquqi məsuliyyət haqqında Konvensiya xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizdə də korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizə məsələlərinə xüsusi diqqət yetirmiş və bu istiqamətdə müsbət nəticələrə nail olmuşdur. Belə ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hüquq qaydalarını möhkəmlətməklə, məmurların məsuliyyətini yüksəltməklə, ictimai və hüquqi nəzarəti artırmaqla, sosial problemləri həll etmək istiqamətində həyata keçirdiyi tədbirlərlə korrupsiyanı doğuran elementlərin qarşısını almağa başladı. Ulu Öndər korrupsiyanı təhlükəli sosial bəla adlandırırdı və ona qarşı ümumxalq mübarizəsi elan etmişdir. Bu mübarizənin səmərəliliyinə nail olmaq üçün zəruri təsisatlar yaradılmış, qanunlar qəbul edilmiş, respublikamız insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox beynəlxalq konvensiyaya qoşulmuşdur. Bu gün isə həmin mübarizə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha qətiyyətlə aparılır.

Xatırladaq ki, dövlət başçısının 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planının bu istiqamətdə əsas hədəfləri dövlət strukturunda idarəetmə mexanizmlərinin inkişafı, özəl sektorda beynəlxalq standartlar çərçivəsində antikorrupsiya mühitinin formalaşdırılması, qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin təmin edilməsidir. Həmçinin Milli Fəaliyyət Planı ayrı-ayrı fəaliyyət istiqamətli qurumları korrupsiyaya qarşı mübarizə üsullarını birləşdirməyə xidmət edir. Ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi, korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir.

Prezident İlham Əliyev hər zaman çıxışlarında ölkəmizin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasının, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirir. Ölkə başçısının Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin - "GlobE Network"un altıncı plenar iclasının iştirakçılarına müraciətində qeyd etdiyi kimi, Azərbaycan korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul edib. Dövlət başçısı bildirib ki, bu istiqamətdə hüquqi və institusional çərçivəmiz Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşıb: "Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində mühüm rol oynayır".

Hazırda Bakıda BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – "GlobE Network" çərçivəsində altıncı plenar iclas keçirilir. Tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirdə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər iştirak edir. Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur. Eyni zamanda, plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29 sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək. Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır. Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.

Sevinc Azadi, “İki sahil”