11 iyun 2019 11:13
323

Adını tariximizə yazmış ziyalı

Tarix şəxsiyyətlər üzərində qurulur. Bu, tarixin danılmaz həqiqətlərindən biridir. Min illər keçsə də, tarix yaşayır və özü ilə birgə onu yaratmış, adını onun səhifələrinə pozulmaz hərflərlə yazmış insanları da yaşadır. Belə şəxsiyyətlər heç vaxt unudulmur, daim xatirələrdə yaşayır, xoş sözlərlə yad edilir, ruhuna rəhmətlər oxunur. Ona görə ki, onlar öz əməlləri ilə tarixdə qoyduğu izlərlə bərabər onları tanıyan insanların qəlbində, yaddaşında da silinməz xatirələr qoymuş olurlar.

Mənim üçün belə insanlardan biri də yetkin həyatının bütün mərhələlərində həmişə diqqət və qayğısını hiss etdiyim, şəxsiyyətinə hörmət bəslədiyim, unudulmaz müəllimim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, görkəmli türkoloq-alim, professor Afad Məhəmməd oğlu Qurbanovdur. O, yaşadığı dəyərli ömrün bütün çağlarında elmə, təhsilə, mədəniyyətə, mənəviyyata yüksək qiymət verən ziyalılarımızdan olmuşdur. Adi kənd müəllimliyindən universitet rektorluğuna qədər şərəfli pedaqoji yol keçmiş Afad Qurbanov həm də ictimai xadim kimi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etmiş, hər zaman bir ziyalı kimi öz nüfuzlu sözünü demiş, Rusiya Türkiyə, Yunanıstan və bir sıra digər xarici ölkələrdə çıxışları zamanı xalqımızın milli mənəvi dəyərlərini ifadə etmiş, dövlətçiliyimizin mənafeyi keşiyində durmuşdur.

Afad Qurbanov bir filoloq kimi respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanınan alimlərimizdən idi. O, bir çox xarici dövlətlərin elmi qurumların üzvü idi. Qırx il əvvəl, onun əlli illiyi münasibətilə “İstedadla zəhmətin qüdrəti” adlı məqalə yazaraq o zamankı “Sovet Ermənistanı” qəzetində dərc etdirmişdim. Aradan qırx il keçəndən sonra bu böyük alimin bu müddətdə yazıb-yaratdıqlarını nəzərdən keçirdikdə, gördüyü böyük elmi-təşkilatçılıq işlərini yada saldıqda, yetişdirdiyi alimlərlə təmasda olduqda ürəyim fərəh, qürur hissi ilə dolur. Xatırlatdığım həmin məqalədə yazmışdım ki, Afad Qurbanov Azərbaycan dilinin vurğunudur. Afad müəllimin vaxtilə işlədiyi belə bir fikri yada salmaq yerinə düşər: “Azərbaycan dili öz mahiyyətinə görə indi SSRİ-nin ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili hər şeydən əvvəl xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik qurluşa malikdir”.

Afad Qurbanovun şərəfli müəllimlik yolu 1956-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olmuşdur. Maraqlıdır ki, Afad müəllimin taleyi müəllimlik peşəsinə hələ ali təhsil almamışdan əvvəl, cəmi 16 yaşı olarkən bağlanmışdı. 1944-cü ildə orta məktəbi bitirən Afad Qurbanov 1946-cı ildə bir il Qızıl Şəfəq kəndində müəllim işləmiş, yalnız bundan sonra Tbilisi Müəllimlər İnstitutunda ixtisas təhsili almış, 1948-1952-ci illərdə isə təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirmişdir. 1956-1959-cu illərdə  bu institutun Azərbaycan dilçiliyi kafedrasının aspirantı olmuşdur. O, hələ aspiranturada oxuduğu dövrlərdə Bakı Ali Partiya məktəbində, Xarici Dillər İnstitutunda dərs demişdir.

1962-ci ildə müdafiə etdiyi “Səməd Vurğunun “Vaqif”  pyesinin dili  və üslubu” adlı namizədlik dissertasiyası ilə Afad Qurbanovun məhsuldar və elmi yaradıcılığı başlanır. 1968-ci ildə  o, “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1969-cu ildə ADPU-nun professoru seçilmişdir.

Afad müəllimin ömür yolunu göz önünə gətirdikdə daim heyranlıq hissi keçirirəm. O, həyatının hər mərhələsində addım-addım yüksəkliklər fəth etmiş və sonda nail olduğu yüksək məqama yetişmişdir. O, institutu bitirəndə hamımızın ustadımız böyük Azərbaycan dilçisi, professor Əbdüləzəl Dəmirçizadə kafedra müdiri idi. Əzəl müəllim Afad Qurbanovun aspiranturada saxlanılması üçün institut rəhbərliyinə belə bir təqdimat yazmışdır: “Afad Qurbanov oxuduğu müddətdə istər yazmış olduğu kurs işlərində, istərsə tələbə elmi dərnəklərindəki çıxış və məruzələrində özünün dilçilik elminə həvəskar olduğunu göstərmişdir. O bu sahədə işləyərsə gələcəkdə yaxşı bir mütəxəssis ola biləcəyi ümidini verməkdədir”

Doğrudan da, uzaqgörən alim, müdrik insan Ə. Dəmirçizadənin bəslədiyi ümidlər tezliklə özünü doğrultdu. Elmi ictimaiyyətimiz, xalqımız Afad müəllimi görkəmli alim, dəyərli ziyalı kimi tanıyıb qəbul etdi. O, sözün həqiqi mənasında, pillə-pillə ucaldı. Ucaldıqca da ildən-ilə fəaliyyət dairəsini genişləndirdi. 1968-81- ci illərdə ADPU-nun filologiya fakültəsinin dekanı, 1981-89 -cu illərdə bu ali məktəbin rektoru vəzifələrində çalışdı. 1979-cu ildən ömrünün sonuna qədər Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etdi. 1980-ci ildə “Respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə”  “Əməkdar elm xadimi” fəxri adına layiq görüldü. 1983- cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1988-ci ildə Sovet Türkoloqları Komitəsinin sədr müavini, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1998-ci ildə Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçildi. 1986-2009-cu illər ərzində Azərbaycan onomologiyasının öyrənilməsinə dair ön beş beynəlxalq elmi konfransın hazırlanması və keçirilməsi işlərinə rəhbərlik etdi. 1991-ci ildə “Azərbaycan dilinin onomologiyası” monoqrafiyasına görə Azərbaycan  Respublikasının Dövlət mükafatına layiq görüldü, Türkiyə Dil Qurumunun fəxri üzvü seçildi. 1994- cü ildə maarifçilik, elmi biliklərin təbliği sahəsindəki xidmətlərinə görə akademik Y. Məmmədəliyev adına medalla təltif edildi.

Bu müddət ərzində onun dilçiliyin müxtəlif sahələrinə dair 70- dən çox kitabı, 500-ə qədər elmi məqaləsi nəşr edilmişdir. Onun çoxsahəli elmi yaradıcılığını aşağıdakı bölgüdə vermək doğru olardı:

 

1. Ümumi və türkoloji dilçilik;

2. Müasir Azərbaycan ədəbi dili;

3. Onomologiya;

4. Bədii əsərlərin dili;

5. Ali məktəb pedaqogikası və metodikası

 

Afad Qurbanov Azərbaycanda ümumi dilçilik problemlərinə dair fundamental araşdırmalar aparan ilk alimlərdən biridir. Onun “Ümumi dilçilik” adlı ikicildlik dərsliyi bu sahənin mütəxəssisləri tərəfindən həm ölkəmizdə, həm də xaricdə yüksək qiymətləndirilmişdir. Bu dərsliyin əsas məziyyəti odur ki, ümumbəşəri məzmun daşımasına baxmayaraq, milli ruhda və milli təfəkkür tərzində yazılmışdır. Dərslikdə verilən bölgü və təsnifatlar yenidən işlənmiş, müxtəlif ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söylənmişdir. Xüsusən Altay dilləri ailəsi ilə bağlı fikirlər türkoloji dilçilikdə yeni və orijinaldır.

Bundan əlavə dilçilik elminin tarixi və dövrləşməsi də dərslikdə yeni forma və məzmunda verilmişdir. Dərsliyin ikinci cildində verilmiş fəsillər- “Dil və düsüncə”, “Dil və kontakt”, “Dil və nitq”, “Dil və norma”, “Dil və üslub”, “Dil və dünya dili”, “Dil tədqiqatının mərhələləri və metodları”, “Transkripsiya və transliterasiya məsələləri” və s. bir çox məqamlarına görə problemin qoyuluşu və həlli cəhətdən Azərbaycan dilçiliyi üçün yenidir. Afad Qurbanovun 1994-cü ildə nəşr etdirdiyi “Dünyanın dil alətləri” kitabında da alimin ümumi dilçilik məsələlərinə dair baxışları öz əksini tapmışdır.

Afad Qurbanovun elmimizə gətirdiyi yeniliklərdən bəhs edərkən bir faktı da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan filologiyasında “Türkoloji dilçilik” terminini ilk dəfə o işlətmişdir. Yeri gəlmişkən, bu sahə alimin elmi tədqiqatlarının geniş bir istiqamətini təşkil edir.

Alim 1990-cı ildən etibarən dəfələrlə Türkiyə dövlətinə səfərlər etmiş, orada türk dünyasının dil problemlərini, vahid türk əlifbasına keçid məsələlərini, ortaq türk ədəbi dilini yaratmaq ideyasını müzakirə edən nüfuzlu elmi məclislərdə çıxışlar edərək öz mövqeyini bildirmiş, həmin problemlərə dair elmi fikir və qənaətlərin formalaşdırılmasında fəal iştirak etmişdir. Bundan başqa Afad Qurbanov türk tayfa və qəbilələrinin mənşəyi, dili, təşəkkül tarixi, onların yayılma və məskunlaşma mərhələləri kimi elmi cəhətdən böyük maraq doğuran problemləri də daim öz araşdırmalarının diqqət mərkəzində saxlamışdır. Bu tipli tədqiqatların bəhrəsi olaraq alimin “Türkoloji dilçilik” kitabı meydana gəlmişdir.

Bu kitabda dünya dilçilik elmində türkoloji dilçiliyin yeri və mövqeyi müəyyən edilmiş, dünya dilləri arasında türk dillərinin yeri məsələsinə xüsusi diqqət yetirilmiş, dilçilik tarixində türk dillərinə aid olan təsnifatların təhlili verilmiş, onlara tənqidi münasibətlərini bildirilərək türk dillərinin qruplaşdırılmasına dair yeni versiya irəli sürülmüşdür.

Afad Qurbanov özünün türkoloji tədqiqatlarında türk tayfa dillərinin xüsusiyyətlərini də nəzərdən keçirmiş, qədim türk yazılı abidələri, onların öyrənilməsi məsələlərinə də münasibət bildirmişdir. Kitabda alim müasir mərhələdə ümumtürk dünyası üçün aktual və zəruri olan ortaq ünsiyyət dili, ümumtürk dil mərkəzinin yaradılması ideyası, ümumtürk lüğəti problemi, ümumtürk əlifbası problemi, türk dillərinin qarşılıqlı təsiri və tədrisi kimi məsələlərə yüksək elmi səviyyədə münasibət bildirmişdir.

1989-cu ildən etibarən Qərbi Azərbaycandan - öz ata-baba torpaqlarından qovulmuş soydaşlarımızın yaşadıqları ərazilərlə bağlı problemlər Afad müəllimi həm ictimai xadim, həm də tədqiqatçı-alim kimi daim düşündürmüşdür. Bu da təsadüfi deyil. Çünki onun ömrünün gənclik illəri Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndi ilə bağlı olmuşdur. Gənclik dövründə topladığı materiallar əsasında Afaq Qurbanov 2007- ci ildə “Qərbi Azərbaycanın Cüci kəndi yazılı abidələrinin kəşfi” və  “Qərbi Azərbaycanın Cüci kənd şivəsi” adlı kitablarını nəşr etdirmişdir.

Afad Qurbanovun elmi araşdırmalarının əsas istiqamətlərindən biri də müasir Azərbaycan ədəbi dilinin müxtəlif problemlərinin tədqiqi ilə bağlıdır. Bu sahə ilə bağlı olan tədqiqatlarını alim elmi yaradıcılığının ilk dövrlərindən başlamışdır. Onun bu istiqamətdə uzunmüddətli elmi araşdırmalarının məhsulu olaraq “Müasir Azərbaycan dilinin qrafika və orfoqrafiyası” (1963), “Azərbaycan dilinin frazeologiyası” (1963), “Azərbaycan dilinin lüğət tərkibi” (1964), “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Azərbaycan lüğətçiliyinə dair” (1967), “Müasir Azərbaycan ədəbi dili” (1967) kitabları meydana gəlmişdir. Bu sırada xüsusilə önəmli yer tutan fundamental “Müasir Azərbaycan ədəbi dili” kitabı sonralar daha da təkmilləşdirilərək 1985 və 2003-cü illərdə təkrar nəşr edilmişdir.

Afad Qurbanovun elmi yaradıcılığının ən geniş bölmələrindən biri də onomastika problemlərinin araşdırılmasıdır.  Bu araşdırmalar XX əsrin ikinci yarısında  Azərbaycan dilçiliyinin inkişafında xüsusi mərhələ təşkil edir. Bu dövrdə Azərbaycan onomologiyasının müstəqil nəzəri dilçilik sahəsi kimi formalaşıb inkişaf etməsi bilavasitə prof. Afad Qurbanovun elmi fəaliyyəti və təşkilatçılıq işinin nəticəsi ilə bağlıdır. Düzdür, onomastik vahidlərin tədqiqi ilə bağlı müəyyən araşdırmalar əvvəllər də aparılmışdı, ancaq bu sahəyə aid ardıcıl fundamental tədqiqatlar məhz Afad Qurbanovun yorulmaz fəaliyyəti sahəsində meydana gəlmişdir. 1986-cı ildən başlayaraq 2009-cu ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetində onomastika üzrə on beş elmi nəzəri konfrans keçirilmişdir. Bu konfranslar sovet dövründə ümumittifaq, müstəqillik dövründə isə beynəlxalq səciyyə daşımışdır. Hər konfransda respublikamızı və digər ölkələri təmsil edən türkoloq alimlərin yüzlərlə elmi məqaləsi müzakirə edilərək on beş topluda dərc edilmişdir. Bu konfranslar təkcə Azərbaycanda  deyil, ümumən türkologiya elmində onomologiya bölməsinin inkişafına güclü təkan vermişdir. Prof. Afad Qurbanovun özünün bu sahəyə aid onlarla məqaləsi, çoxlu sayda kitabı işıq üzü görmüşdür. 1988- ci ildə alimin bu sahəyə dair araşdırmalarının ən böyük uğuru sayıla biləcək “Azərbaycan dilinin onomologiyası” monoqrafiyası nəşr edilmişdir. Bu əsərdə irəli sürülən elmi ideyalar öz əhəmiyyətini bu gündə saxlamaqdadır. Kitabda müəllif onomastik vahidlərin yaranması, dəyişməsi, poetik və üslubi xüsusiyyətləri, orfoqrafik və orfoepik problemlərinin nəzəri əsaslarını işləmişdir.

Akademik Məmmədağa Şirəliyev bu kitabın nəşrinə həsr olunmuş “Azərbaycan onomastik məktəbi və onun gələcəyi” adlı məqaləsində yazırdı: A. Qurbanovu  “Azərbaycan dilinin onomologiyası” adlı əsəri təkcə bizim dilçiliyimiz üçün deyil, dünya türkoloji dilçiliyi üçün çox qiymətlidir”.

Tam məsuliyyətlə deyə bilərik ki, Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur.

Türkiyənin tanınmış dilçi alimi Xəlil Açıqgöz yazırdı: “Möhtərəm professor Afad Qurbanov illərdən bəri gözlədiyimiz türk onomastikasının nəzəri və əməli problemlərini böyük bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. Kitabın qısa zamanda türkiyə türkcəsi ilə nəşrini təmənna edirik. Əsər ölkəmizdə də nəşr edilərsə, türk onomastik araşdırmaları daha aydın işıqlandırılar”.

Monoqrafiya ilə bağlı Almaniyanın Münhen şəhərindən azərbaycanlı ziyalı Yasin Aslan bütün dünyada yaşayan soydaşlarımızın ürək sözlərini ümumiləşdirilmiş şəkildə ifadə edərək yazırdı: “Bir azərbaycanlı olaraq Azərbaycan xalqına və elminə göstərdiyimiz xidmətlər üçün sizi təbrik edir, müvəffəqiyyətlərinizin davam etməsini arzu edirəm. Vətən sizin kimi övladları ilə fəxr etməlidir”.

Müəllif bu əsəri daha da təkmilləşdirərək 2004-cü ildə iki cilddə təkrar nəşr etdirmişdir.

Prof. Afad Qurbanovun elmi tədqiqatlarının bir qolu da bədii əsərlərin dil və üslubunun öyrənilməsi ilə bağlıdır. O, elmi yaradıcılığının ilk dövrlərində Səməd Vurğun dramaturgiyasının dili üzərində işləmiş, namizədlik dissertasiyasını da bu mövzuya həsr etmişdir. Sonralar bu sahə ilə əlaqədar olaraq bədii mətnin linqivistik təhlilinə dair proqram hazırlamış və ilk dərslik yazılmışdır.

Afad Qurbanov elmi yaradıcılığının bir qolunu da ali məktəb pedaqogikası və metodikası məsələlərinin öyrənilməsi təşkil etmiş.   Bir müddət orta məktəbdə, uzun illər isə ali məktəbdə pedaqoq kimi çalışması onun elmi yaradıcılığına  ciddi təsir göstərmişdir. Afad Qurbanovun rus məktəblərinin X sinfi üçün “Azərbaycan dili” dərsliyi respublikamızın təhsil işçiləri tərəfindən rəğbətlə qarşılanmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işlədiyi illərdə prof. Afad Qurbanov ölkəmizdə ali pedaqoji təhsilin inkişafına və yüksək ixtisaslı müəllim kadrlarının hazırlanmasına xüsusi diqqət yetirmişdir.

Prof. Afad Qurbanov dərin alim təfəkkürü ilə yanaşı zəngin yaradıcılıq potensialına və yüksək təşkilatçılıq qabiliyyətinə malik ziyalılarımızdan idi. O, həyatın bütün anlarını Azərbaycan dilçilik elminin inkişafına, dilimizin öyrənilməsinə və təbliğinə həsr etmişdi. 90 illik ömrünün 70 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etmiş Afad Qurbanov sözün əsl mənasında, böyük müəllim idi. Yüzlərlə müəllim, onlarla  alim yetişdirmiş Afad müəllim öz yetirmələri ilə həmişə fəxr edirdi. Afad müəllim bu gün bizimlə olmasa da, biz daim onun adı ilə fəxr edirik. Biz yetirmələri və davamçıları bu dünyada yaşadıqca Afad müəllimin parlaq xatirəsi də bizim qəlbimizdə yaşayacaqdır!

Nizami Xudiyev,

ADPU-nun Azərbaycan dilçiliyi

kafedrasının müdiri, filologiya

elmləri doktoru, professor,

Əməkdar elm xadimi