24 noyabr 2020 20:16
12603

Ağlama, şəhid anası!

Mənsur şeir

Sən dünyaya oğul gətirdin. Oğul düşmən çəpəridir, deyib atalar. Ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab-əziyyətlə böyütdün oğlunu. Hələ körpəlikdən – oğlum böyüyüb əsgər olsun, torpağını, Vətənini qorusun – deyib əzizlədin oğlunu. Oğlun böyüdü... əsgər oldu, həm də qəhrəman əsgər... Arzunu yerinə yetirdi, torpağını – Vətənini qorudu. Yalnız qorumaqla kifayətlənmədi, onu düşmən tapdağından xilas etdi və bu uğurda – Vətəni yolunda canını fəda etdi, şəhid oldu... Ağlama, şəhid anası!

Vətən darda, torpağımız işğalda idi. Vətən oğullarını səsləyirdi. Özün hazırladın oğlunu, sonra da bağrına basıb – get, Vətən dardadır, südüm sənə halaldır – deyib, Vətənin azadlığı üçün od-alovun içinə, düşmənin başını əzməyə uğurladın ciyərparəni. Arxasınca su ataraq, oğlun görməsin deyə gizlicə gözünün yaşını silib – Allaha əmanət ol, salamat qayıt, oğul – pıçıldadın.

Oğlun qayıtdı... Ancaq Vətənin rəmzi olan üçrəngli bayrağa bürünüb Vətən oğullarının çiynində qayıtdı... Özü ilə sənə dünya boyda qürur gətirdi. Ömrün boyu başıdik gəzib fəxr edəcəyin bir titul, müqəddəs ad bağışladı sənə - Şəhid anası! Allah əmanətinə sahib çıxdı, oğlunu cənnətinə alıb, ən şərəfli adla ödülləndirdi – şəhid! Ağlama, şəhid anası!

Oğlunun yarasını görmək, oxşamaq istədin. Ancaq görə bilmədin, ana olduğun üçün sənə göstərmədilər. Ona görə də oğlunun necə yaralandığını bilmədin. Bu da sənə ayrı bir dərd oldu. Ancaq əmin ol, ana, sənin oğlun mənfur düşmən əsgərləri kimi qorxub döyüş meydanından qaçarkən arxadan atılan gülləyə tuş gəlməyib. Sənin oğlun Vətən eşqilə alovlanan ürəyini Vətən torpağını qorumaq üçün sipər etdi. Zatən düşmənlər də igid oğullarımızın Vətən, torpaq məhəbbəti ilə döyünən ürəklərinin ütəşindən, alovundan qorxub qaçırdılar. Bütün şəhidlər sinələrini düşmənə sipər etdikləri üçün hamısı sinəsindən – ürəyindən yaralandı, ancaq düşmən gülləsi bu ürəklərdəki atəşi söndürə bilmədi, onlar şəhid olub əbədiyyətə qovuşsalar da, ürəklərindəki atəş əbədi məşələ çevrilib nəsildən-nəsilə keçəcək, şəhidlərin adını Azərbaycan xalqının qan yaddaşına əbədi həkk edəcək! Ağlama, şəhid anası!

Gecələr yatağına qor dolanda, yuxun ərşə çəkiləndə, gündüzlər qərarın itəndə, bağrın alışıb yananda oğlunun oğlunu bağrına bas, oğlunun qoxusunu oğlunun oğlundan al. Ağlama, şəhid anası! 

Oğlun Vətən uğrunda şəhid oldu - əbədiyyətə qovuşdu. Ancaq səni yalnız buraxmadı. Səni bütün Vətən oğullarının anası etdi – oğlunun silahdaşları, bütün Azərbaycan oğulları indi sənin oğlundur. Sənin oğlun da yalnız sənin deyil, Vətənin – Azərbaycanın, xalqın oğludur. Ağlama, şəhid anası!

Başını dik tut, qürurla gəz! Sən qəhrəman anasısan – şəhid anasısan! Sil gözünün yaşını, ağlama, şəhid anası!

Nüşabə Səməndər