21 avqust 2019 23:41
933

Aqrar Sığorta Fondunun yaradılması kənd təsərrüfatına nələr vəd edir?

Sirr deyil ki, son illər dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, aqrar sahənin də inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər görülür, layihələr həyata keçirilir. Uzun müddət idi ki, kənd təsərrüfatı mütəxəssisləri ölkəmizdə aqrar sahənin sürətli inkişafı üçün sığorta fondunun yaradılmasının vacibliyini vurğulayırdılar. Bunun da əsas səbəbi təbii fəlakət və gözlənilməz hadisələr zamanı kənd təsərrüfatının müxtəlif sahələrinə dəyən zərərin ödənilməsi yolunu həll etmək idi.

Məlum olduğu kimi, ölkəmizdə bütün sahələrin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə artıq Aqrar Sığorta Fondu yaradılıb. Yeni Fond kənd təsərrüfatının bütün sahələrini əhatə edəcək.

Bəs aqrar sığorta nə üçün lazımdır, kimlərə şamil olunur? Məlumdur ki, fermerlərin əksəriyyəti min bir əziyyətlə məhsul yetişdirir, yğım astanasında isə hansısa təbii fəlakət baş verəndə onların məhsulları ya tam, ya da qismən ziyan görür. Heyvandarlıq, bitkiçilik və sair sahələrdə müxtəlif xəstəliklər nəticəsində insanların zəhməti hədər gedir. Yəni, insanlar min zəhmətlə, hətta kredit götürərək yetişdirdiklərii məhsulun zay olmasına görə heç bir mənfəət, gəlir götürə bilmirlər. Aqrar sığortası olmadığı üçün isə fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların çəkdikləri xərclər ödənilmir. Aqrar sığorta tətbiq edildiyi halda isə fermerlər güvənli olacaqlar. Hər hansı bir təbii hadisə baş verdikdə və digər hallarda onların məhsulları zay olarsa, artıq onların güvəndikləri yer olacaq. Məhz bu səbəbdən fermerlərin aqrar sığortaya marağı olduqca yüksək olacaq.

Fermerlərin aqrar sığortanın faydası barədə maarifləndirilməsinə ciddi ehtiyacı var. İnsanlar sığorta ilə maraqlanmalı və anlamalıdırlar ki, bu, onlara dəyən zərərin ödənilməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondunun yaradılmasını kənd təsərrüfatı sahəsində atılan növbəti önəmli bir addım kimi qiymətləndirilir. Sözügedən sığortanın əhəmiyyəti müxtəlif videoçarxlar, eləcə də KİV vasitəsilə geniş təbliğ edilməlidir. O sığortadan faydalanan insanların özlərinin də aktiv olması, bu sahəni təbliğ etməsi lazımdır ki, digəriləri də aqrar sığortaya meyil göstərsinlər. Belə olarsa kənd təsərrüfatına daha çox axın olacaq və nəticədə məhsul bolluğu, qiymətlərin tənzimlənməsi, ixracın və iş yerlərinin artması kimi müsbət nəticələr əldə olunacaq.

Taleh Bağırov,

“İki sahil”