16 yanvar 2021 13:56
529

Azər Badamov: Füzuli Beynəlxalq Hava Limanının böyük siyasi və iqtisadi əhəmiyyəti olacaq

“Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Hava limanının uçuş-eniş zolaqlarının bu il istifadəyə verilməsi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının tikintisinin qısa bir zamanda həyata keçirilərək istifadəyə verilməsinin böyük siyasi və iqtisadi əhəmiyyəti olacaq.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputatın sözlərinə görə, burada siyasi əhəmiyyət ondan ibarətdir ki, biz bu ərazilərimizə qayıtmışıq və məqsədimiz bu regionda yüksək səviyyəli həyat şəraitinin bərpa edilməsidir: “Hava limanı və digər sosial infrastrukturu yenidən qurmaqla torpağımızın hər qarşının bizim üçün əziz olduğunu nümayiş etdiririk. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin böyük iqtisadi əhəmiyyəti olacaq. Bu aeroport bölgənin inkişafında əhəmiyyətli rol oynayacaq. Dağlıq Qarabağ ərazisi paytaxt Bakıdan uzaqda yerləşdiyindən bu ərazilərdə sürətli bərpa işlərinin aparılması üçün daşımaların həyata keçirilməsində Füzuli aeroportunun xüsusi rolu olacaq”.

A.Badamov xatırladıb ki, bu ərazilər gözəl təbiəti, qədim tarixi abidələri ilə zəngindir, həm də bərpa olunacaq ərazilərdə erməni vandalizminin qurbanı olan dağıdılmış şəhərlərin qalıqlarından ibarət açıq səma altında muzeylər yaradılacaq: “Gələcəkdə Şuşada Vaqif poeziya günləri və digər beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər keçiriləcək. Füzuli aeroportunun istifadəyə verilməsi bu ərazilərə səfər edəcək turistlərin gediş-gəlişini rahatlaşdıracaq. Aeroportun bu ərazidə olması bölgənin sənaye və kənd təsərrüfatı sektorunun inkişafına da müsbət təsir göstərəcək. Çünki bu ərazilərimizdə müasir istehsal sahələrinin qurulması üçün xaricdən avadanlıqların gətirilməsi və istehsal olunacaq malların uzaq xarici bazarlara ixracının təşkili məsələləri gündəmə gələcək. Aeroportun məhz bu ərazidə olması beynəlxalq daşımaları rahatlaşdıracaq”.

Deputat vurğulayıb ki, ümumiyyətlə, Füzuli Beynəlxalq Hava Limanı digər infrastruktur layihələri kimi, işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulmasına, bərpasına və tanıdılmasına böyük töhfə verəcək.

Ceyhun Piriyev, “İki sahil”