20 may 2019 15:47
881

Azərbaycan dünyanın ən çox islahat aparan ölkələrindən biridir

"Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verdi. Ümumiyyətlə, Dünya Bankının "Doing Business” hesabatlarında Azərbaycan əgər 2003-cü ildə 57-ci pillədə qərarlaşırdısa, 2019-cu ilin əvvəlində isə 25-ci yerə layiq görülüb. Eyni zamanda, dünyanın ən çox islahat aparan 10 ölkələrindən biri seçilib. Bu ilk növbədə, cənab Prezidentimizin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir. Həmçinin bu, Azərbaycanda biznes mühütünün yaradılmasından, inkişaf etdirilməsindən, bir sözlə iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsindən xəbər verir." Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib: “Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə "bir pəncərə" sistemi, biznesə başlama, elektrik təchizatı şəbəkələrinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur. Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlətimizin başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu bildirib. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirib, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu da vurğulayıb.”  

Orxan Vahidoğlu, “İki sahil”