12 noyabr 2019 18:03
188

Azərbaycan Konstitusiyası və insan hüquqları

Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini

Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrilmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şəhaidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. 20-ci əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqların müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.

Insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. Insan hüquqları ciddi elmi araşdırmaların predimetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkərin Konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Lidermiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə Ulu Öndər dövlətçiliyimiz təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəsti xəttinin, zəngin həya təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünyn standarlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi- referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir. Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmmasında yeri bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməsi zəruri olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Konstitusiyanın ən üstün və fərqli cəhətlərindən digəri budur ki, orada ictimai quruluş haqqında konkret müddəa yoxdur, iqtisadi münasibətlərin forma və inkişafını məhdudlaşdıran heç bir sədd müəyyən edilməmişdir. Bu da iqtisadi sahədə insan azadlığı və onun fəaliyyətinin sərbəstliyinə tam təminat verir.

Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövləti idarəetməni prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Hər bir hakimiyyət yalnız xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkili prinsipi isə dünyanın demokratiya cəhətdən inkişaf etmiş ölkələrində əsas meyar kimi götürülərək sınaqdan çıxmış səlahiyyət bölgülərin həyata keçirilməsi. Beləliklə, hakimiyyət icra, qanunverici və məhkəmə hakimiyyətlərinə bölünərək, yüksək hüquqi inperativlərə və hüququn aliliyinə tabe edilmişdir. Icra, qanunverici və məhkəmə orqanlarının hüquqları konkret və düzgün müəyyənləşdrildiyindən hakimiyyət orqanlarının bir-birini çəkindirə bilməsi də real sürətdə təmin olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Hüquq və dövlətin ən mühüm prinsiplərindən biri olan insanların təbii, ayrılmaz və demokratik hüquqlarının geniş kompleksini qanunvericilik yolu ilə təsbit etmək, onun reallığına, hüquqi madd, mənəvi və digər üsullarla təminat vermək, hər hansı qəsddən hüquqi vasitələrlə etibarlı şəkildə müdafiə etməkdir ki, bu Konstitusiyamızda öz əksini tam dolğunluğu ilə tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsil məhz bu barədədir. Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat verir, müdafiəsi təsbit olunur. Yeni Konstitusiyamız hüquqları və azadlıqları pozulan insanları süründürməçilikdən, ötür-ötür oyunundan xilas edərək, 71-ci maddənin 7-ci bəndində, hüquqi dövlətin təbiətinə uyğun olaraq göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Bu o deməkdir ki, məhkəmədən başqa heç bir orqan həmin hüquqların pozulması ilə əlaqədar mübahisəni həll edə bilməz. Mütərəqqi cəhət odur ki, Azərbaycan Konstitusiyasının hazırlanması zamanı bu sahədə o dövrə qədərki dünya təcrübəsi, insan hüquq və azadlıqlarının keçdiyi inkişaf yolu ümumiləşdirilmiş və ölkəmizin reallıqlarına, ənənələrinə tam uyğunlaşdırılmışdır.

Lakin Azərbaycan Respublikası üçün beynəlxalq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsinin müəyyən edilməsi üzrə siyasətin müəyyənləşdirilməsi, nəhayət öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə ilk implementasiya formalarının seçilməsi mühüm yer tutur. Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq hüquq normalarının implementasiyasının müxtəlif formaları fərqləndirilir.

Azərbaycan Respublikası timsalında bü məsələlərin təhlil edilməsi daha maraqlı olardı. Belə ki, AR Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsi AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi kimi müəyyən edir. Göründüyü kimi Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının implementasiyası zamanı inkorporasiya yolunu seçmişdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsində birbaşa göstərilir ki, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası ilə və referendumu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Lakin qeyd etmək lazımdır ki, bu zaman məsələ beynəlxalq müqavilənin müddəaları ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları arasında mülkün ziddiyətləri həll etmək rolunu oynayır.

Insan hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Belə ki, 12-ci maddənin 1-ci hissəsində dövlətin ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilirsə 12-ci maddənin 2-ci hissəsində isə qeyd edilir ki, bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Halhazırda müstəqil Azərbaycan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda aparılan hüquqi islahatlar da ölkəmizin regional lider imicinə uyğun şəkildə mühüm tərəqqiyə nail olur. Bütün bu nailiyyətlərin təməlində isə gələcəyə yönələn hüquqi “çərçivə” və ya “layihə” potensialı yüksək olan 1995-ci ilin “Heydər Əliyev Konstitusiyası” dayanır və hələ uzun illər boyu uğurla dayanacaqdır.