15 oktyabr 2019 19:43
845

Azərbaycan MDB-də investisiya yatırmaq üçün ikinci ən yaxşı ölkədir

Bu günlərdə ABŞ-ın məşhur “Ceoworld” nəşri 2019-cu ildə investisiya yatırmaq üçün ən yaxşı ölkələrin adlarını açıqlayıb. Reytinq cədvəli hazırlanarkən 67 ölkə korrupsiyanın səviyyəsi, şəxsi, ticarət və pul azadlığı, əmək, investisiyaların qorunması, infrastruktur, vergilər, həyat keyfiyyəti, bürokratiya və texnologiya kimi 11 fərqli kateqoriyada qiymətləndirilib.

Siyahıya liderliyi Malayziya, Polşa və Filippin edirlər. Dünyanın ən böyük iqtisadiyyatlarına malik olan ölkələr - ABŞ, Çin və Yaponiya isə siyahıda müvafiq olaraq 18-ci, 24-cü və 32-ci yerlərdə qərarlaşıblar. Azərbaycan isə 43-cü yeri tutub və Rusiya istisna olmaqla, postsovet məkanında bütün ölkələri qabaqlayıb.

Qeyd edək ki, Azərbaycanın investisiya yatırmaq üçün sərfəli ölkə olması barədə dəfələrlə xarici nəşrlərdə, beynəlxalq hesabatlarda məlumatlar yayılıb.

Təbii ki, postsovet məkanında investisiya yatırmaq üzrə Azərbaycanın ikinci ən yaxşı ölkə olması gözlənilən idi. Azərbaycanın investisiya cəlbediciliyinin artmasının əsas səbəbi ölkədə aparılan islahatların daha da dərinləşdirilməsidir. Məlumdur ki, 2015-ci ildən başlayaraq daha dərin islahatlar aparıldı və görülən işlər beynəlxalq təşkilatlarda, iqtisadi institutlarda Azərbaycanla bağlı müsbət rəylərin çoxalmasına səbəb oldu.

Azərbaycanla bağlı açıqlanan müsbət rəylər beynəlxalq ictimaiyyətin diqqətindən yayınmır və bu, ölkəmizin imicinin daha da yüksəlməsinə xidmət edir. Artıq beynəlxalq aləmdə ölkəmizdə aparılan islahatların növbəti illərdə davam etdiriləcəyinə və iqtisadi artımın güclənəcəyinə dair inam formalaşıb. Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi aydın görünür. Danılmaz faktdır ki, son bir ildə islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

Azərbaycanda 2019-cu ildə daha da yüksək iqtisadi artım sürəti müşahidə olunur. Müsbət dəyişikliklər ölkəmizə sərmayə qoymaq istəyənlər üçün bir siqnaldır. 2019-cu, 2020-ci və 2021-ci illər üçün beynəlxalq maliyyə qurumlarının proqnozları göstərir ki, Azərbaycan 3 faizə yaxın, hətta bir qədər də çox iqtisadi artıma nail ola biləcək. Bu, iqtisadi artım tempinin yüksəlməsi deməkdir. Son bir ildə aparılan islahatlar növbəti illərdə Azərbaycan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradır. Artıq Azərbaycan iqtisadi islahatların aparılması baxımından yeni mərhələyə qədəm qoyub. Bu keyfiyyət mərhələsi əvvəlki dövrlərdə formalaşmış infrastrukturun dəyərə çevrilməsi mərhələsidir.

Ötən bir ildə aparılan islahatlar növbəti illərdə daha sürətli iqtisadi artımın əldə edilməsi üçün baza formalaşdırır. Belə vəziyyətdə xarici sərmayədarların Azərbaycana investisiya qoyuluşunda marağının artacağı gözlənir. Xüsusən qeyri-neft sektoruna sərmayə qoyuluşunda xarici mənbələrin rolunun yüksəlməsi gözlənə bilər.

Cavid Əkbərov, “İki sahil”