10 yanvar 2020 20:20
260

Azərbaycan Mətbuat Şurası HESABATI

I. Daxil olan şikayətlərlə iş

a) Statistika

Mətbuat Şurasına 2019-cu ildə  401 müraciət daxil olub. Onlardan 187-i kütləvi informasiya vasitələrində dərc olunan yazılardan şikayətdir.

187 şikayətin 91-i yazılı, 96-sı isə şifahi formada olub.

Şikayətlər üzrə Komissiyada 91 şikayətə baxılıb. Onlardan 9-u əlavə tədbirlərin görülməsi üçün Şuranın Katibliyinə qaytarılıb. Komissiyanın 82 şikayət üzrə çıxardığı rəydə cavabdeh media orqanlarının yol verdiyi nöqsanlar, AJPDQ-nın ayrı-ayrı prinsip və bəndlərinin pozulduğu vurğulanıb.

2019-cü ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin motivini təşkil edən materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulma faizi aşağıdakı kimidir:

AJPDQ-nın prinsipləri

Bəndlər

Pozuntuların sayı (%-)

I

Həqiqətə xidmət, dəqiqlik və obyektivlik

1.2

 

Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir

27,8

 

 

1.3

 

Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra  bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın

2

II

İnformasiya qaynaqlarına sayğılı yanaşma

2.1

 

 

 

Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi – məlumat cəmiyyəti çaşdırmaq məqsədilə verilməyibsə - qorunmalıdır.

0,7

 

2.2

 

 

 

 

Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Foto-simvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir

11,3

III

Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı

3.1

 

Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır

0

 

3.2

 

Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır

55

IV

Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması

4.6

 

 

Plagiat yolverilməz hərəkətdir

1,1

 

4.7

Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır

 

2,1

 

b) Xarakteristika

Mətbuat Şurası şikayətlərin araşdırılmasında daha çox informasiya qaynaqlarına sayğılı yanaşmaya, məlumatların yayılması zamanı mənbənin mütləq göstərilməsinə (və yaxud informasiya qaynağının gizliliyinin qorunması tələb edilirsə göstərilməməsinə), məlumatların həqiqətə uyğunluğu və informasiya dəyərinin yoxlanılmasına, mənanın təhrifinə və yazıların sərlövhələri ilə məzmununun uyğunluğuna diqqət yetirib.

Şikayət doğuran materialların təhlili göstərir ki, cavabdeh KİV-lər haqqında yazdığı şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə heç də həmişə həssas yanaşmayıblar. Əvvəlki illər üçün də bu tendensiya xarakterik olub.

Bəzi cavabdeh KİV-lər tərəfindən baş vermiş və istintaqı tamamlanmış cinayət xarakterli materiallar üzrə təqsirsizlik prezumpsiyasına etinasızlıq, şəxsin “cinayətkar” kimi cəmiyyətə təqdim edilməsi faktları da qeydə alınıb. Şikayət doğuran materiallarda vulqar ifadələrin, jarqonların işlədilməsi hallarına da çox az rast gəlinib. Eyni tendensiya əvvəlki illər üçün də xarakterik olub.

Mətbuat Şurasına 401 müraciətin 214-ü müxtəlif dövlət proqramlarının icrasından irəli gələn məsələlər, sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı jurnalist ərizələri olub. Bu kateqoriya üzrə müraciətlər sırasında həlli bilavasitə Şuranın səlahiyyətlərinə aid olmayan problemlərin qabardılmasına da rast gəlinib ki, qurum bununla əlaqədar ya vətəndaşa müvafiq izahat məktubu ünvanlayıb, ya da müraciəti aidiyyatı üzrə göndərib. Aidiyyatı üzrə göndərilən elə müraciətləri də var ki, burada jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən üzləşdiyi xoşagəlməz durum əskini tapıb. Mövcud istiqamətdə MŞ müvafiq dövlət qurumları ilə danışıqlar da aparıb, məsələnin həssaslığına dair izahat verib.

Mətbuat Şurasına 401 müraciətin 187-i bilavasitə KİV-lərin fəaliyyətindən narazılıq motivli şikayətlərdir. 187 şikayətin 91-i yazılı, 96-ı şifahi formada daxil olub. 96 şifahi şikayətlə bağlı məsələ tərəflər arasında müvafiq danışıqlar aparmaqla və mümkün barışıq variantları təklif etməklə öz həllini tapıb. Barışıq variantları əksər hallarda cavabdeh kimi göstərilən KİV-ə qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək imkanının yaradılması tövsiyəsinin verilməsini nəzərdə tutub və bu tövsiyə cavabdeh media orqanı tərəfindən məqbul qiymətləndirilib.

91 yazılı şikayətin 82-ə baxılıb, 9-u icradadır. Yuxarıda əksini tapan statistik göstəricilər 82 şikayətin araşdırılmasının nəticəsinə əsaslanıb.

Mətbuat Şurasına daxil olan şikayətlərin araşdırılması zamanı müəyyənləşdirilib ki, kütləvi informasiyası vasitəsi kimi internet üzərindən yayımlanan media orqanlarının fəaliyyətindən narazılıqlar daha çoxdur (şikayətlərin 90,4 faizi). Əvvəlki illərlə müqayisədə 2019-cu ildə bu göstərici özünün ən yüksək həddinə çatıb.

Mətbuat Şurası cavabdeh KİV-lərlə bağlı çıxardığı qərarlarda onlara daha çox – 39,3 faiz təkzib verməyi tövsiyə edib. Qarşı tərəfin mövqeyini işıqlandırmaq tövsiyəsi 29,1 faizlə ikincidir. Qərarların 25,6 faizi cavabdeh KİV-lərə xəbərdarlıq edilməsi ilə bağlıdır.

Şuranın qərarlarında nəzərdə tutulan tədbirlərdə şikayətçilərin cavabdeh KİV-lərlə əlaqədar tələblərinin ödənilməsinə həssas yanaşılsa da, bu zaman qurumun Nizamnaməsi ilə müəyyənləşdirilmiş səlahiyyətləri ilə uyğunluğa da ciddi önəm verilib. Əgər şikayətçilərin 34,1 faizinin tələbində təkzib verilməsi istəyi ifadə olunurdusa, MŞ-nin çıxardığı qərarların 39,3 faizində bu tələb əksini tapıb.

Qeyd edilməli məqam bundan ibarətdir ki, şikayətçilərin cavabdeh KİV-lərlə əlaqədar tələblərinin 12,8 faizi KİV-in fəaliyyətinin dayandırılması, 29,6 faizinin tələblərində KİV rəhbəri, yaxud müəlliflə bağlı sərt ölçünün götürülməsi əksini tapırdı. Hər iki tələb MŞ-nin səlahiyyətlərindən uzaq olsa da, qurum qaldırılmış problemin sırf media ilə bağlılığını əsas götürərək məsələni araşdırıb. Bu baxımdan adekvatlıq cavabdeh KİV-ə xəbərdarlıq edilməsi (25,6 faiz) və qarşı tərəfin mövqeyinin işıqlandırılması (29,1 faiz) qərarının çıxarılması ilə gözlənilib.

Şikayətçilərin konkret olaraq nədən narazılıqları ilə onların bu narazılıqlarının irəli sürdükləri tələblərə nə dərəcədə adekvat olması məsələsinə də diqqət yetirilib. Məlum olub ki, şikayətçilər onlarda narazılıq doğurduğunu bildirdikləri işgüzar nüfuzun ləkələnməsi (10,2 faiz), şəxsi həyata müdaxilə (38,4 faiz), şərəf və ləyaqətin təhqir olunması (27,2 faiz) hallarına qarşılıq KİV-in fəaliyyətinin dayandırılması, KİV rəhbəri, yaxud müəlliflə bağlı sərt ölçü tədbirinin götürülməsi tələbini irəli sürüblər. Bunun yerinə yetirilməsinin mümkünsüzlüyü diqqətə çatdırılıb. Həmçinin belə halllarda şikayətçi tərəfə müvafiq dövlət qurumuna, yaxud məhkəməyə müraciət etməklə bağlı izahat verilib.

II. Digər fəaliyyət istiqamətləri

Mətbuat Şurasının digər fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1. Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısının təşkili

Toplantı 2019-cu ilin sentyabr ayının 12-13-ü tarixlərində Bakıda təşkil olundu. Tədbirə Assosiasiyaya üzv 14 ölkədən 40-dan artıq nümayəndə qatıldı. Toplantıda dünyada söz və ifadə azadlığının vəziyyəti, təşkilati məsələlərlə yanaşı, müharibə və ya münaqişə ilə bağlı yaranmış ekstremal vəziyyətlərdə jurnalist fəaliyyətinin xarakteri mövzusunda da ayrıca müzakirə aparıldı.

2. 23 dekabr bələdiyyə seçkisi ilə bağlı fəaliyyət.

Seçki günü jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqi.

23 dekabr bələdiyyə seçkisi günü Mətbuat Şurasında “qaynar xətt” yaradıldı. Seçkini işıqlandıran jurnalistlər peşə vəzifələrini yerinə yetirərkən üzləşə biləcəkləri hər hansı problemlərlə bağlı Şuranın “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə məlumat vermək imkanı əldə etdilər. Seçki günü bu istiqamətdə hər hansı problem qeydə alınmadı.

Bundan başqa MŞ-nin İdarə Heyətinin üzvləri seçki günü paytaxtda və bölgələrdə fəaliyyət göstərən seçki məntəqələrində olaraq həm seçkini gedişini, həm də jurnalistlərə yaradılmış şəraiti müşahidə etdilər.

3. Dövlət proqramlarının icrasından irəli gələn fəaliyyət

Mətbuat Şurası 2019-cu ildəki fəaliyyəti həm də 2 dövlət proqramında nəzərdə tutulmuş işlərin reallaşdırılmasına yönəlib. Bu proqramlar aşağıdakılardır:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı;

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”;

4. KİV-lərdə ana dilinin qorunması

Mətbuat Şurası 2019-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsini icra edib. Layihə çərçivəsində Şura ümumilikdə 25 KİV-də monitorinq aparıb.

5. Ahıl jurnalistlərə qayğı

2019-cı ildə Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihə icra edib. Layihə çərçivəsində KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 12 toplantıl təşkil olunub, 3 halda ahıl jurnalistlər evində ziyarət olunub, onlara maddi yarımlar edilib, plaket və qiymətli hədiyyələr təqdim olunub.

6. Birgə müsabiqələrin təşkili

Azərbaycan Mətbuat Şurası 2019-cu ildə aşağıdakı qurumlarla birgə jurnalistlər üçün müsabiqələr təşkil etdi.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi;

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;

Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

SOCAR AQŞ.

Müsabiqələrdə ümumilikdə 81 jurnalist mükafatlandırılıb.

7. Jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində iştirak

Mətbuat Şurası 2019-ci ildə ali məktəblərin jurnalistika fakultələrinin abituriyent və magistr pilləsinə qəbul zamanı keçirilən qabiliyyət imtahanında da iştirak edib. Şuranın müəyyənləşdirdiyi nümayəndələr Dövlət İmtahan Mərkəzinin qabiliyyət imtahanı komissiyasında təmsil olunublar.

8. Küçə aksiyalarında monitorinqlər

Azərbaycan Mətbuat Şurası 2019-ci ildə mitinqlərdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

9. Digər məsələlər

Mətbuat Şurası 2019-cu ildə 4 dəfə bəyanat verib. Şuranın müxtəlif mövzularda tematik tədbirlərinin sayı 10-dur. MŞ üzvləri 7 xarici ölkədə keçirilmiş beynəlxalq toplantıda iştirak ediblər. Mətbuat Şurasında 14 xarici media təmsilçisi ilə görüş təşkil olunub. Şuranın dəstəyi ilə keçirilmiş kitab təqdimatlarının sayı 7-dir.