30 aprel 2019 10:18
1144

Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrilib

Pekində  keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın malik olduğu imkanların təqdimatı oldu

“Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.”

Dövlətimizin başçısı İlham Əliyev  Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda bir daha ölkəmizin malik olduğu imkanları diqqətə çatdıraraq  vurğulamışdır ki, infrastrukturun inkişafına  çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Son 15 ildə ölkə iqtisadiyyatına  260 milyard dollar həcmində investisiya yatırılıb ki, bunun da yarısını xarici investisiyalar təşkil edir.  Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir. Hazırda  Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır.

“Azərbaycanın sürətli  iqtisadi inkişafı bizə ölkəni transformasiya etməyə kömək etmişdir” söyləyən cənab İlham Əliyev diqqəti bu mühüm məqama yönəltmişdir ki, müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda,  Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Təbii ki, bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunan 2-ci “Bir kəmər, bir yol”  Beynəlxalq Əməkdaşlıq Forumu  Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna, ən əsası Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə bir daha işıq salır. Dövlətimizin başçısı İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər bir çox məqamlara aydınlıq gətirir. Belə ki, ölkə Prezidenti İlham Əliyevin  Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə qeyd olunmuşdur ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Həmçinin Azərbaycan  “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən biridir.  Böyük İpək Yolu üzərində yerləşən ölkəmiz  bu yolun bərpasında təbii tərəfdaşdır. Bu inam da ifadə edilmişdir ki, Azərbaycanla  birlikdə ortaq səylər əsasında  “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazırıq.

Dövlətimizin başçısı İlham Əliyev  “Bir kəmər, bir yol” Forumunda iştirakla bağlı  dəvəti  ölkəmizə xüsusi hörmətin, özünə münasibətdə dostluğun əlaməti kimi dəyərləndirərək qeyd etmişdir ki,  birgə səylərimiz əsasında  əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları müəyyənləşdirilir.

Dünyada əhalisinin sayına görə birinci, sahəsinin böyüklüyünə görə  üçüncü ölkə olan, iqtisadiyyatı  hər il orta hesabla 6 faizlik artımla dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi xarakterizə edilən  Çinlə əlaqələrimizin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin düşünülmüş və məqsədyönlu siyasətinin uğurlarından irəli gəlir. Çin, həmçinin dünyada ən böyük ixracatçı və ikinci ən böyük idxalçı hesab olunur.

Münasibətlərin inkişafında daim xüsusi diqqət göstərilən məsələlərdən biri təbii ki,  yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  həllinə yanaşmadır. Nəzərə alsaq ki, Çin  BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir,  münaqişənin həllində mövqeyinin ölkəmiz üçün nə qədər  önəm daşıdığı özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında da yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs etmişdir: “Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.” Yuxarıda da qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi Çin qurumun  qəbul etdiyi qətnamələrin icrasında fəal mövqeyini ortaya qoya, Dağlıq Qarabağ probleminin həllinə öz dəstəyini göstərə bilər. Eyni zamanda, Çin dünya miqyasında potensial super güc hesab olunur. Şanxay Əməkdaşlıq Təşkilatının, Dünya Ticarət Təşkilatının, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının aparıcı üzvlərindən olan Çinlə  əlaqələrin genişləndirilməsi üçün bütün imkanlar mövcuddur. Ölkələrimizin xalqları arasında dostluq münasibətlərinin böyük tarixi var. Qədim İpək Yolu dövründə əsası qoyulan dostluq münasibətləri bu günədək uğurla davam edir. Azərbaycan Çinin 2013-cü ildə irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Qeyd etdiyimiz kimi,  keçirilən hər bir tədbir ona ev sahibliyi edən ölkə ilə yanaşı, iştirakçı dövlətlərin də malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın “Bir kəmər, bir yol” Forumunda fəal iştirakı ölkəmizin tranzit imkanlarının daha geniş təhlilini şərtləndirdi. 2017-ci ilin oktyabrında istifadəyə verilən, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir.

Hər bir beynəlxalq tədbirin əhəmiyyəti iştirakçı dövlətlərin say tərkibindən də aydın görünür. Qeyd edək ki, 2017-ci ildə Pekində Çinin müəllifliyi ilə baş tutan “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda  29 ölkənin lideri iştirak etmişdir. Bundan əlavə, tədbirdə 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndələrii qatılmışdılar. II Forumda isə  37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.  “Bir kəmər, bir yol əməkdaşlığı, ümumi parlaq gələcəyin qurulması” mövzusunda keçirilən Forum çərçivəsində təşkil olunan 12 panel iclasın hər biri ayrı-ayrı mövzuları əhatə etməklə,  ümumi mövqeyin ortaya qoyulmasına, səylərin birləşdirilməsinə yol açdı.  İkinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində ilk forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu vurğulayan  Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin  hazırda “Bir kəmər, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu diqqətə çatdırmışdır. Bu da onu göstərir ki,  təşəbbüs bütün dünyanı əhatə edir. Çin lideri  bu təşəbbüsün Qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına  dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirmişdi. “Bir kəmər, bir yol” layihəsi  yeni strateji reallıqların tərənnümü kimi qeyd olunur.

Rusiya Prezidenti Vladimir Putin,  Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş  bəşəriyyəti narahat edən məsələlərə diqqət yönəldərək mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını vurğulayıblar.  Qeyd edək ki, Forumda  Azərbaycanın Cənubi Qafqaz regionunda söz sahibi olan ölkə, Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda, Asiya və Avropa qitələri arasında körpü rolunu oynadığı  təqdir edilib.

Əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanın xarici iş adamları üçün  cəlbedici ölkə olması Çin şirkətlərinin rəhbərləri ilə görüşdə də xüsusi qeyd olunmuşdur. Azərbaycan iqtisadiyyatına son 15 ildə  260 milyard dollara yaxın investisiyanın qoyulması bunun bariz nümunəsi kimi diqqətə çatdırmışdır. 

Azərbaycan-Çin münasibətlərinə qısa baxışı  Prezident İlham Əliyevin  Çinin Sinxua agentliyinə müsahibəsində söylədiyi  “Mənim 2015-ci ildə Çinə səfərim zamanı bir çox mühüm sənədlər imzalanmışdır. Bunların sırasında iki ölkə arasında imzalanmış “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu da var idi. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Ölkəmizlə Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var” fikirləri ilə yekunlaşdırmaq istərdik. Bu fikirlər  Azərbaycan-Çin münasibətlərinin perspektivi barədə aydın təsəvvür yaradır. Dövlətimizin başçısı həmin müsahibəsində  infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin  ərazisindən keçdiyini bir daha önə çəkərək,  “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaratdığını, bu layihənin uğurlu icrası ilə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənəcəyini,  iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndiriləcəyini xüsusi vurğulamışdır.

Yeganə Əliyeva, “İki sahil”