23 sentyabr 2020 18:06
1409

Azərbaycan Ordusu: Müstəqilliyimizin və dövlətçiliyimizin qarantı

Ordu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Dövlətin orduya münasibəti  onun öz nüfuzuna, bugününə və sabahına olan münasibətidir. 

Son 17 il ərzində Prezident İlham Əliyev təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparılıb. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Fərəhli haldır ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda mövcuddur. Ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin, kazarmaların yenidən qurulması, hərbçilərin, onların ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır.Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir.

Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini yalnız qonşu dövlətlərin torpaqlarının işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur. Buna baxmayaraq Ermənistan Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkmir. Amma bu mühüm məqamı yaddan çıxarırlar ki, bu gün özünə, qələbə əzminə inanan şanlı Azərbaycan ­Ordusu işğalçı ölkənin bütün təxribatlarına lazımınca cavab verir, ona layiq olduğu yeri göstərir. 

2016- cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Azərbaycanın ön cəbhə xəttində yerləşən mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmasına cavab olaraq Silahlı Qüvvələrimizin bölmələrinin əks-həmləsi Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Həmin döyüşlər nəticəsində strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi, 25 il düşmən əsarətində qalan 2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Şərur rayonunun Günnüt kəndinin 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin növbəti göstəricisidir.Bu gün qürurla deyə bilərik ki, Ermənistan tərəfinin bütün təxribatçı hərəkətləri və cəhdləri qüdrətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən iflasa uğradılıb, uğradılır və uğradılıcaq da! Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hələ Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını nümayiş etdirmişdi.

Son aylar erməni hərbi təxribatının artmasını diqqətlə müşahidə edirik.  Görünən odur ki, qüdrətli və əzmkar Azərbaycan Ordusunun  qətiyyətini,  döyüş məharətini,  işğalçılara qarşı nümayiş etdirdiyi hərbi dərsdən heç bir nəticə çıxarmayan  Ermənistan və havadarları  məkrli təxribat  əməllərinə yorulmadan davam edirlər. Azərbaycan hərb meydanında növbəti dəfə işğalçı ölkənin dərsini verdi. Cari ilin  iyulun 12-dən başlayaraq  Tovuz istiqamətində yeni ərazilərimizi işğal etmək niyyəti ilə hücuma keçən Ermənistan ordusu ön cəbhədəki hərbi qüvvələrimizin inadlı müqaviməti və sərt zərbələri ilə qarşılaşdı və burnu əzilərək geri oturduldu. Tovuz döyüşləri Ermənistana böyük canlı qüvvə və hərbi texnika itkisi bahasına başa gəldi.  Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır. Azərbaycan dövlətinin sürətli inkişafını gözü götürməyən namərd düşmən fitnə-fəsada, hiyləyə əl atsalar da, onların bu cəhdləri hər zaman olduğu kimi, puça çıxdı. Başqa cür də mümkün de­yildi. Təcavüzkar  Ermənistan bilməlidir ki, Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəyirsə, bu, heç də onun gücsüzlüyü demək deyil. Güc tətbiqi lazım olanda da Azərbaycan öz sözünü deyə bilir. Rəsmi İrəvan  bir daha Milli Ordumuzun gücünü gördü, layiq olduğu cavabını lazımi səviyyədə aldı. Məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdinin qarşısının qətiyyətlə alınması da bir məqamdan xəbər verir: Azərbaycan dövləti işğalçı ölkənin təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. Azərbaycan ordusu sərhədlərini qorumağa,  hətta bir ovuc Vətən torpağı uğrunda belə  şücaətlə və qətiyyətlə mübarizə aparmağa həm qadirdir, həm də hər zaman hazırdır.  Bunu deməyə güclü Ordumuzun son tutarlı addımları, xalqın gücü və inamı, Prezident İlham Əliyevin qətiyyəti, Milli Ordumuzun rəşadəti əsas verir.

İstər Aprel, istərsə də Tovuz döyüşləri ilə bağlı diqqətçəkən bir məqam da o oldu ki, həmin əməliyyatlar xalq-dövlət-ordu birliyinin monolitliyinin nümayişinə çevrildi. Prezident İlham Əliyevin səsləndirdiyi “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquş­malar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi” fikri də xalqımız tərəfindən dövlətimizin başçısının birlik, həmrəylik amilinə verdiyi dəyərin ən bariz nümunəsi kimi qiymətləndirildi. Bax, bu amil erməni işğalçılarını bu gün də təşvişdə saxlayır. Bax, hazırda düşmənin yuxusuna haram qatan da xalq-dövlət-ordu monolit birliyidir. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dövlət və ordu quruculuğu istiqamətində atdığı qətiyyətli addımlar xalqı onun ətrafında bir yumruq kimi birləşdirir. Bu möhkəm bağlılıq Azərbaycanın bütün vətəndaşları üçün qürurverici­dir. Vətən qarşısında öz borcunu dərk edən Azərbaycan övladları şərəflə ordu sıralarına qoşulmağı səbirsizliklə gözləyirlər.

Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar isə Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel, Günnüt, Tovuz döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Bu döyüşlər mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayıb və barışmayacaq!

Yaqut Ağaşahqızı, “İki sahil”