17 iyul 2019 20:44
988

Azərbaycan “yüksək insan inkişafı” ölkələr sırasında

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan islahatların, görülən işlərin, həyata keçirilən tədbirlərin sayəsində cari ilin birinci rübündə bütün sahələrdə hərtərəfli və dinamik inkişaf təmin edilib. Respublikamızın iqtisadiyyatının qısa, orta və uzunmüddətli inkişaf konsepsiyaları, qəbul olunan Dövlət proqramları, Strateji Yol xəritələri Azərbaycanda davamlı inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasına böyük töhfələr verib. Ölkəmizin davamlı inkişafının təmin olunmasında dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayıb.

Bunu 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları da təsdiq edir. Belə ki, hesabat dövründə dövlət büdcəsinə vergi və gömrük orqanlarının xətti ilə 200 milyon manatdan artıq əlavə vəsait toplanıb, ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artıb. Həmçinin kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri 5,5 faiz artıb, inflyasiya aşağı həddə - 2,1 faiz olub, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub .

Ölkə başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas parametrlərindən biri də sahibkarlığın daha da inkişaf etdirilməsidir. Genişmiqyaslı islahatların davam etdirilməsi, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər, regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi,  investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, infrastruktur təminatının sürətləndirilməsi istiqamətində  həyata keçirilən tədbirlər, bank sektorunun sağlamlaşdırılması, vergi və gömrük sahəsində sistemli islahatların aparılması sahibkarlığın inkişafına böyük töhfələr verib.   Bundan başqa, ölkə başçısının Fərman və sərəncamlarının, Dövlət proqramlarının uğurlu icrası, dövlət müəssisələrinin özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi,  inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin qarşısının alınması,  aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi də sahibkarlığın inkişafına ciddi təkan verib.

Sahibkarlığa dəstək məqsədilə atılan addımların davamı olaraq biznes fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması bu sahəyə göstərilən diqqətin əyani  sübutudur.

Respublikamızda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən siyasət görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu qurumların hesabatlarında iqtisadiyyatın sürətli inkişafı ilə bağlı mühüm uğurlar,  o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri  əksini tapıb. Məsələn, “Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlib. Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı 2018-ci ildə rəqabət qabiliyyətinə görə 138 ölkə arasında 35-ci yerdədir və ardıcıl olaraq 8 ildir ki, MDB ölkələri arasında birincidir. Forumun “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olub.

Zahid Rza, “İki sahil”