03 may 2019 10:41
1345

Azərbaycanın uğur səhifələri dünya mətbuatında vərəqlənir

İqtisadi, siyasi, humanitar mərkəzə çevrilən ölkəmizin hər sahədə təcrübəsinin nümunə olduğu əsaslı şəkildə diqqətə çatdırılır

Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, eyni zamanda, bu və ya digər ölkələrdə keçirilən qlobal forumların, konfransların əsas iştirakçısına çevrilməsi günümüzün reallıqları sırasındadır. Bu uğurumuz sözsüz ki, Azərbaycanın mövqeyinin, siyasi çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı hörmətin, etimadın ifadəsidir.

Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.”

Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin iştirakçısı olduğu və ev sahibliyi etdiyi tədbirlərə diqqət yetirək. Bu il ölkə Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunun sayca 49-cu sessiyasında iştirak etdi. Builki zirvə toplantısında mövzu “Qloballaşma 4: Dördüncü sənaye inqilabı dövründə yeni infrastrukturun formalaşdırılması” oldu ki, bununla da 110 ölkədən 3 mindən çox iş adamı, siyasətçi, elm adamı və vətəndaş cəmiyyəti nümayəndəsi tədbirə qatıldı. Fevralda ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük inamla ifadə etmişdir ki, enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Mart ayında 55 ölkədən 500-dən çox nümayəndənin iştirakı ilə “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumuna hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşdılar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edildi. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu müzakirə olundu. Hər bir mövzunun təhlili Azərbaycanın bu sahələrdə qazandığı təcrübələrin təqdimatına böyük töhfə oldu.

Aprel ayında Fransanın “Opinion Way” şirkəti Azərbaycanda keçirdiyi sorğunun nəticələrini açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğu təsdiqləndi. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirdi. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri əhalinin pozitiv mövqeyini ifadə etmişdir: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırmışdır.

Aprel ayının 26-28 tarixləri Azərbaycanın malik olduğu imkanların təqdimatı üçün gözəl imkanlar açdı. Ənənəvi keçirilən Formula -1 yarışı ölkəmizə iqtisadi və siyasi dividentlər gətirdi. Bu tədbirlə eyni vaxtda Azərbaycan Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakçı oldu.

Diqqət çəkən əsas məqam bu uğurlarımızın dünya mətbuatında geniş şərh olunmasıdır. Azərbaycanın tolerant ölkə olması, multikultural dəyərlərin inkişafına davamlı töhfələri dünya mətbuatının səhifələrində xüsusi yer alır.

“Sinxua” informasiya agentliyi “Bir kəmər, bir yol” İkinci Beynəlxalq Əməkdaşlıq Forumunun açılışından əvvəl azərbaycanlı çinşünas alim, Azərbaycan Dillər Universitetində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun “Bir kəmər, bir yol” layihəsi daha da sıx regional əməkdaşlığa töhfə verir” adlı analitik materialı yayımlayıb. Həmin məqaladə bildirilib ki, Avrasiya nəqliyyat strukturunun diversifikasiyasında mühüm əhəmiyyət kəsb edən yeni nəqliyyat dəhlizi Azərbaycanın regionun beynəlxalq yükdaşımalarında əsas tranzit qovşağına çevrilməsinə səbəb olur. Lakin İpək Yolunun Bakı-Tbilisi-Qars dəmir yolu həm regionda davamlı inkişafı və təhlükəsizliyi, həm də Xəzəryanı regionun və Mərkəzi Asiyanın Avropa ilə birbaşa nəqliyyat əlaqələrini təmin edəcək. Azərbaycan İpək Yolunun bərpası istiqamətində də ciddi investisiyalar yatırır, nəqliyyat infrastrukturunun modernləşməsini həyata keçirir. Ticarətin asanlaşması və regiondaxili və transregional infrastrukturun kooddinasiyasına gətirib çıxaran effektiv çoxmodullu nəqliyyat dəhlizlərinin yaradılması, şübhəsiz ki, Azərbaycan-Çin əlaqələrinin inkişafına və Avrasiya məkanında davamlı inkişafın sürətlənməsində öz töhfəsini verəcək”.

Sirr deyil ki, Azərbaycan inkişafın bütün istiqamətləri üzrə öz inkişaf modelini dünyaya təqdim etməkdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasının təsdiqi kimi, 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, iki dəfə bu nəhəng təşkilata sədrlik etməsini qeyd edə bilərik. Azərbaycan sözünün imzası qədər gücü, qüdrəti olduğunu bütün dünyaya nümayiş etdirir. Əsas hədəfimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bunun üçün potensialımız vardır. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi də təsadüfi deyil.

2012-ci ildə “Evrovision” musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, son illər ənənəvi keçirilən Formula-1 yarışlarına ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycana yönəltməklə beynəlxalq baxışı daha da möhkəmləndirir. Azərbaycan iki sivilizasiya arasında körpüdür.

Formula-1 yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf edir. Tədbirin təşkilatçıları da bu faktı təsdiqləyirlər ki, onlar belə tədbirlərin keçirilməsi üçün ölkə seçərkən, ilk növbədə, sabitliyə, təhlükəsizliyə diqqət göstərirlər. Bu yarışlarla dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə gələn turistlər gördüklərindən heyranlıqlarını gizlətmirlər.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya mətbuatında yayılmasını qarşıya mühüm vəzifə kimi qoyub. Keçirilən beynəlxalq səviyyəli hər bir tədbir bu çağırışın yüksək səviyyədə cavablandırılmasına geniş yol açır. Formula-1 növbəti dəfə bu imkanı yaratdı. Yarışı izləyənlər arasında xüsusi yer alan xarici mətbuat nümayəndələri qədimliyin və müasirliyin harmoniyasını yaradan doğma Bakımız və Azərbaycanımız haqqında çoxsaylı məlumatlar əldə edərək, ölkələrinə dönməklə bir növ Azərbaycanın təbliğatçısına çevriləcəklər. Mətbuat səhifələrində yer alan materiallar ölkəmizin uğurlarının təqdimatı olacaq.

Xatırladaq ki, Formula-1 yarışı Azərbaycanda dördüncü ildir təşkil olunur. 2016-cı ildə keçirilən birinci yarışda almaniyalı, 2017-ci ildə təşkil olunan Formula- 1 yarışında avstraliyalı, 2018-ci il yarışında britaniyalı, builki yarışda isə finlandiyalı pilot qələbə qazanıb.

Bu kimi tədbirlər, eyni zamanda, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizə gələn turistlər reallıqların yaxından şahidi olmaqla Azərbaycan haqqında əsassız məlumatlar yayan qüvvələri cavablandırmış olacaqlar.

Birləşmiş Ərəb Əmirliklərinin ərəb dilli “samanews” və “kolalarab” xəbərlər agentliyi, həmçinin ingilis, çin və rus dillərində nəşr olunan “Avia Most” qəzetində ölkəmizin uğurlarını özündə geniş əks etdirən məqalələr dərc olunub. Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevin ölkədə apardığı inamlı siyasət Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır və dəstəklənir. Təsadüfi deyil ki, 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86 faizdən çox səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Dünya mətbuatında Azərbaycan reallıqlarını özündə əks etdirən xeyli sayda məqalələrin yer alması təbii ki, ölkəmizə diqqətin, həyata keçirilən siyasətə dəstəyin ifadəsidir. Azərbaycan hər bir beynəlxalq əhəmiyyətli tədbirlərə qatılmaqla, ev sahibliyi etməklə nüfuzunu daha da artırır, söz sahibliyini nümayiş etdirir. Dünya mətbuatında geniş müzakirə olunan “Bir kəmər, bir yol” Forumu da Azərbaycanın tranzit imkanlarının təqdimatı baxımından xüsusi diqqət çəkib. Hansı sahəyə diqqət yetirsək Azərbaycan təcrübəsinin nümunə olduğu diqqətdən kənarda qalmır. Düşünülmüş və məqsədyönlü siyasəti ilə müstəqillik tarixinin  uğur səhifələrini daha da zənginləşdirən Azərbaycan dünya mətbuatının diqqətini özünə çəkməklə bir mühüm məqamı da açıqlamış olar ki, dünya informasiya məkanına inteqrasiya istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir. İnternet resurslarının inkişaf etdiyi müasir dövrümüzdə bu və ya digər ölkə haqqında geniş məlumat əldə etmək çətin deyil. Əsas olan bu məlumatların doğruluğu, reallıqları özündə əks etdirməsidir. Həqiqətlərin real həyatda şahidi olmaq isə o ölkə haqqında daha dolğun təəssüratlara yol açır. Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməklə, həmçinin bu və ya digər ölkələrin təşəbbüslərinə dəstəklərini uğurlu addımları ilə təsdiqləməklə bu imkanlarını daha da artırır, ən əsası dünyanın yeni xarici siyasətinin müzakirə olunduğu, ümumi yanaşmaların ortaya qoyulduğu məkana çevrilir. Uğur səhifələrimiz dünya mətbuatında vərəqləndikcə Azərbaycan xoşbəxt ölkə olduğunu bir daha təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”