18 sentyabr 2019 10:17
664

“Azərikimya”da qanvermə aksiyası - FOTO

Sentyabrın 17-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirilib.

“Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 10 nəfərlik xüsusi tibbi briqada tərəfindən aparılan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyada Birliyin İdarəetmə aparatının, Etilen-polietilen zavodunun və Təmir-tikinti idarəsinin əməkdaşları iştirak etmiş, müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra yüzlərlə insandan qan götürülmüşdür.

Qanvermə aksiyasında “SOCAR Polimer” MMC-nin, “Kimyaçı” Mədəniyyət sarayının bir qrup əməkdaşı və şəhər ictimaiyyətinin bir sıra nümayəndələri də iştirak etmişlər.

Böyük əhval-ruhiyyə hissi ilə keçən aksiyada 200 nəfərədək insan qan vermişdir.

Qeyd edək ki, “Azərikimya” İB-nin təşəbbüsü ilə bu humanitar aksiya 2010-cu ildən başlayaraq hər il keçirilir.

Orxan Vahidoğlu,

“İki sahil”