10 oktyabr 2019 10:52
101

BANM-da “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.

“İki sahil” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açılış mərasimində çıxışı zamanı bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. E.Qasımov proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

“İngilis dilində həyata keçiriləcək layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq. Proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək” - deyə rektor əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir. O həmçinin qeyd edib ki, təlimlər oktyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.

“Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak edə bilər”.

“BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, layihə iştirakçılara biznes sahəsində bilik və bacarıqlara yiyələnmək, praktiki məşğələlərdə iştirak etmək, BP, eləcə də, digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi, Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatı ilə təmin edilmək imkanları verəcək.