23 iyul 2019 18:19
1118

Beynəlxalq  əməkdaşlıq YAP-ın fəaliyyətinin əsas istiqamətlərindəndir

Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü

İyulun 23-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Baş Nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nümayəndə heyətini Yeni Azərbaycan Partiyasının qərargahında salamlamaqdan məmnunluq hissi keçirdiyini vurğulayan  Ə.Əhmədov Azərbaycan-Çin münasibətlərinin dünənindən, bu günündən və perspektivlərindən bəhs etdi: «Çin və Azərbaycan arasında  əlaqələr müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Dövlətimizin başçısı    İlham Əliyevin Çinə,  o cümlədən Çinin rəhbər nümayəndələrinin Azərbaycana səfərləri, həmçinin Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əlaqlərin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu gün iki ölkə arasında iqtisadi, siyasi, humanitar sahədə əlaqələr yüksək səviyyədədir və qarşıdakı illərdə daha da möhkəmlənməsi üçün potensial imkanlar mövcuddur. Çin və Azərbaycan arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına xidmət edən sənədlər mövcuddur  və  həmin baza əsasında  ikitərəfli  əlaqələr yüksələn xətlə inkişaf edir.

Bildirildi ki, Çin ilə münasibətlər Azərbaycan üçün prioritet istiqamətdir.  İki ölkənin dövlət başçıları  tərəfindən əsası qoyulmuş siyasi dialoq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.  Azərbaycan ilə Çin arasında mövcud olan dostluq əlaqələri xalqlarımızın tərəqqisi və rifahı naminə uğurla inkişaf edir.

Qeyd edək ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulub. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir.

YAP Sədrinin müavini  görüşdə bu məqamı da  xüsusi qeyd etdi ki,  Azərbaycan və Çin dost ölkələrdir.  Bu ilin aprelində Azərbaycanın  Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı  Azərbaycana, Prezident İlham Əliyevə xüsusi hörmət və  dost münasibətin göstəricisi kimi   dəyərləndirildi. Əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf etdirilməsi üçün möhkəm baza mövcuddur.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini önə çəkərək, hakim partiyalar arasında dialoqun  dövlətlər, xalqlar arasında əməkdaşlığa  böyük töhfə verdiyini xüsusi qeyd etdi.

Səfərdən məmnunluğunu ifadə edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao bildirdi ki, Azərbaycanla Çin dost, tərəfdaş ölkələrdir. İki ölkə arasında əlaqələrin  müxtəlif istiqamətlərdə inkişafı üçün möhkəm baza mövcuddur.

Bir mühüm məqamı da qeyd etmək yerinə düşər ki,   Birləşmiş Millətlər Təşkilatının beş daimi üzvündən biri kimi Çin Xalq Respublikası Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycana dəstək verir və bu məqam  rəsmi Bakı üçün xüsusi əhəmiyyət daşıyır. Çin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Çinin BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olmasını və beynəlxalq məsələlərə geniş təsir imkanlarını nəzərə alsaq, bu cür prinsipial məsələlərdə iki ölkənin rəsmi mövqelərinin üst-üstə düşməsi Azərbaycan üçün çox vacibdir. 

S.Tao görüşdə ölkəsinin bu dəstəyindən, eyni zamanda,   Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafından, Azərbaycanın  “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi önəmdən  geniş bəhs etdi.

Azərbaycanın  Böyük İpək Yolu üzərində yerləşdiyini önə çəkən qonaq bildirdi ki, əməkdaşlığımız  xalqlarımıza böyük  fayda verir. Azərbaycanla  birlikdə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılması istiqamətində səyləri artırmağa, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazırıq.

S.Tao Çin Kommunist Partiyası ilə   Yeni Azərbaycan Partiyası arasında əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərə öz töhfəsini verdiyini də xüsusi qeyd etdi.

O da bildirildi ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  uğurlu daxili və xarici siyasət həyata keçirir,  ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, Azərbaycanda sabitlik təmin olunur,  əhalinin rifah halı günbəgün yaxşılaşır,  iqtisadi sahədə uğurlar davamlı xarakter daşıyır. Azərbaycan və Çin münasibətlərinin inkişafı üçün bütün imkanlar mövcuddur. Münasibətlərin yüksələn xətlə inkişafı əməkdaşlığın  perspektivini parlaq edir.

Görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Əkram Zeynallı,  YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Mübariz Qurbanlı,    Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Sevinc Fətəliyeva, YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev iştirak edirdi.

Görüş qarşılıqlı maraq doğuran  məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması ilə davam etdirildi.

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto), «İki sahil»